Zaur Axundov klubun gələcəyini xilas etməsəydi…

8 Avqust 2020 17:52 Şamaxı 1 913
Zaur Axundov klubun gələcəyini xilas etməsəydi…

“Keşlə” uzun müddətdir ondan gözlənilən qərarı bu gün verdi, Tərlan Əhmədovla yollarını ayırdı.

Bu barədə qərar klubun Müşahidə Şurasınin iclasında qəbul olundu.

Bu gün keçirilən iclasda baş məşqçi ilə müqavilənin uzadılmaması qərara alındı. Onun səlahiyyətlərini müvəqqəti olaraq məşqçi Zaur İsmayılov icra edəcək.

Beləcə fəaliyyəti başa çatan Tərlan Əhmədov komandanı 46 oyuna çıxarıb. 2018-ci il oktyabrın 30-da baş məşqçi təyin olunan postunda 648 gün qalıb.

O, Premyer Liqanın həm 2018/19, həm 2019/20 mövsümlərində 20 matçda komandaya rəhbərlik edib. 40 çempionat oyununda onun yetirmələri 13 qələbə, 9 heç-heçə və 18 məğlubiyyət yaşayıb. Top fərqi 49-54 olub. “Keşlə” onunla ümumilikdə 48 xal toplayıb.

Əhmədovla 6 kubok qarşılaşmasında 2 qələbəsi olan “Keşlə” 1 heç-heçə və 3 məğlubiyyət görüb. Top fərqi isə 8-7 olub. Ümumilikdə 46 görüşdə 15 dəfə qələbəyə sevinən mütəxəssis 10 heç-heçə görüb və 21 dəfə məğlubiyyət acısı dadıb.

Onun komandası 57 qol vurub, 61-ni buraxıb. “Keşlə” bu müddətdə Azərbaycan Premyer Liqasının bürünc medalına yiyələnib. Əldə olunan nəticənin baş qəhrəmanı isə Zaur Axundovdur.

Müşahidə Şurasının sədri daim hər iki əlini komandanın üzərində saxlamasaydı, bu gün tamam fərqli hadisələrin şahidi idik. Çox işi o gördü və əminliklə deyə bilərik ki, bu gün verdiyi qərar tamamilə doğrudur. Ümumiyyətlə, Əhmədovu göndərməklə futbol idarəçiliyinə gələndən bəri ən düzgün addımını atdı.

O, bu kluba yamaq idi, hörmət gətirmirdi. Ayrılığın bizim üçün gözlənilən olmadıığını gərək qeyd edək. Saytımız hadisələrin inkişafı haqda avqustun 4-də yerli-yataqlı yazmışdı (https://www.sportinfo.az/idman_xeberleri/kesle/89512.html).

Klubun içindən əldə etdiyimiz məlumatlara əsasən bilirdik ki, bıçaq sümüyə dirənib və məlum qərar veriləcək. Sadəcə, bir həftə o yana, bir həftə bu yana söhbəti var idi və sonda Axundov işi çox yubatmadı, əllamə məşqçinin «qələmini qırdı».

Tərlan Əhmədov Vadar Nuriyevi məşqçi korpusundan uzaqlaşdırıb, yerinə Kamal Quliyevi gətirəndə, bəlli idi ki, onun məqsədi nədir. Nədənsə mətbuat bu təyinatın pərdəarxasını araşdıırmağa həvəs göstərmədi, üstündə dayanmadı, susdu, gözünü yumdu.

Cari ilin əvvəlində Mehman Babayevlə Asif Səfərovun üstündə başı möhkəm ağrıyan çalışdırıcıya, görünür, bunlar dərs olmadı, 3 il öncə «Neftçi»də göz verib, işıq vermədiyi şəxsi bura özünə köməkçi gətirdi. Xeyir idimi? Olmaya, Quliyevə ürəyi yanmışdı, insafa gəlmişdi? Hm…

Əhmədov «Keşlə»də uşaqdan böyüyə hamını boğaza yıığmışdı. Biz bunlar haqda kifayət qədər yazmışıq, baş verən hadisələrin bir çoxunu ictimailəşdirmişik.

Son günlərdəki olaylar isə onun ümumiyyətlə həddini aşmasını isbatladı. Arxasınca danışmaq, onun adından futbolçulara yalanlar söyləməsi Axundovun səbr kasasını daşırdı.

Səbəb də guya bu idi ki, artmasını gözlədiyi maaşı qəfildən xeyli aşağı salınıb. Hər ay 7000 manat əməkhaqqı alırdı və bunun 9000-ə qaldırılmasını istəmiş və şifahi razılıq da almışdı.

AFFA-nın klubun büdcəsini bir qədər aşağı çəkməsi məlum olunca, bu məsələ də vəziyyət dəyişdi və gündəmdən düşdü. O, bundan küsərək, ötən 2-3 gün ərzində klubdan gələn zənglərin demək olar əksəriyyətinə cavab verməyib, belə demək mümkünsə, özünü təcrid edib.

Düzdür, Əhmədov istefaya göndərilməsindən bir neçə dəqiqə öncə mətbuatda çııxıış edib, uzun-uzadı danışıb, gələcək planlarından söz açıb, daha güclü komanda yaradacağıa vəd verib.

Bunun ardınca yuxarıdakı qərarın açqlanması göstərdi ki, baş məşqçi qapının arxasına göndəriləcəyini ağlının ucundan keçirməyib. Yəni, o, aradakı bütün narazılıqlara, şikayətlərə rəğmən, Avroliqanın ilk turundan əvvəl vəzifəsindən uzaqlaşdırılmasını təxmin etməyib.

Zaur Axundov daha uzaqgörən və dərin düşündü, klubun reputasiyasını xilas elədi. Tərlan Əhmədov qalsaydı, «Keşlə»nin yeni xoşagəlməz söz-söhbətlərdə adı hallanacaqdı, düşərgə həmişəki kimi qalmaqallara səhnə olacaqdı.

Əhmədovun bəzi müsbət məşqçi keyfiyyətləri var, sadəcə, özü barədə o qədər yüksək düşünür ki… Yolun yarısına çatmamış valı dəyişilir.

Xarakterindəki boşluqlar, danışdğı yalanlar, ətrafındakılara inamsızlıq onu tez-tez «taxt»dan salır. Çevrəsindəkilərə özünü «bayram aşını axıradək yeməyən kəs» olaraq tanıdıb. Əhmədovu bir tanıyan sevinir, bir də ondan uzaqlaşan.

Xəzər Hikmət

Digər Xəbərlər
Xəbər Lenti