“Keşlə”yə təhlükə də var - İdeal, arzulanan, asan rəqiblər

30 İyul 2020 14:22 Şamaxı 905
“Keşlə”yə təhlükə də var - İdeal, arzulanan, asan rəqiblər

“Keşlə” avqustun 10-da avrokubokların 2020/21 mövsümündəki ilk rəqibini tanıyacaq.

Sportinfo.az xəbər verir ki, I təsnifat mərhələsinin püşkatması zamanı səpələnmişlər səbətində yer alacaq paytaxt təmsilçisini 44 mümkün variant gözləyir.

Tərlan Əhmədovun komandası 39 klub və ya ilkin mərhələnin 5 cütündən birinin qalibi ilə düşəcək. O qədər də güclü heyəti olmasa da, döyüşkən komandaya çevrilən “Keşlə” qitə arenasına yeni adla debütünü uğurla gerçəkləşdirə bilər.

Lakin bunun üçün püşkdə də bakılıların bəxti gətirməlidir. Düzdür, I təsnifat mərhələsinin bütün səpələnməmiş komandaları keçiləsi rəqiblərdir. Amma hələ “İnter” adlandığı vaxtkı son iki cəhdində “Baltsan” və “Fola” kimi cılız rəqiblər önündə mübarizəni dayandıran paytaxt klubuna daha münasib rəqibin düşməsi arzulanandır.

İdeal cütlər
“Keşlə” üçün ən ideal variant ilkin mərhələdən gələcək rəqibdir. Çünki burada cütlərin favoritləri “Tre Penne” (San-Marino), “Runavik” (Farer adaları), “Torshavn” (Farer adaları), “Enqordan” (Andorra) və “Cent Cozefs”dir (Cəbəllütariq). Bu rəqibləri nəinki ev və ya səfərdə, istənilən meydanda udmaq mümkündür. Belə zəif rəqiblərdən çəkinəcək komandanın Avropada işi olmamalıdır.

Arzulanan və ...
Əhmədov və komandası təkcə ilkin mərhələdəki cütləri deyil, Moldova və Baltikyanı ölkə təmsilçilərini də arzulaya bilər. Çünki bu 4 ölkədən olan 8 rəqibi də həm evdə, həm səfərdə udmaq real görünür. Söhbət “Petrokub” (Moldova), “Levadiya” (Estoniya), “Jalgiris” (Kaunas, Litva), RFS (Latviya), “Valmiera” (Latviya), “Sfantul” (Moldova), “Dinamo-Avto” (Moldova) və “Payde” (Estoniya) komandalarıdır.

... asan rəqiblər
Orta səviyyədən aşağı olan liqaların komandaları da “Keşlə” üçün asan rəqib sayılmalıdır. Lakin “Baltsan” və “Fola” ilə bağlı acı təcrübə ehtiyatlı olmağa vadar edir. Ona görə də belə rəqiblərlə, hətta Malta, Lüksemburq təmsilçiləri ilə də evdə qarşılaşmaq daha yaxşıdır. Söhbət “Hibernians” (Malta), "Laçi" (Albaniya), “Saburtalo” (Gürcüstan), “Şkupi” (Şimali Makedoniya), “Jelezniçar” (Bosniya və Herseqovina), “Union” (Lüksemburq), “Differdanj” (Lüksemburq), “Teuta” (Şimali Makedoniya), “Renova” (Şimali Makedoniya), “Borats” (Bosniya və Herseqovina), “Bohemians” (İrlandiya), “Derri” (İrlandiya), “İnter” (Finlandiya), “İlves” (Finlandiya), “Honka” (Finlandiya), “Breydablik” (İslandiya), “Bala Taun” (Uels), “Dinamo” (Batumi, Gürcüstan), “Lokomotivi” (Gürcüstan), “Sirens” (Malta) və “Vikinqur” (İslandiya) kimi rəqiblərdən gedir.

Nisbi təhlükə
Klub səviyyəsində az-çox sözünü deyən Şərqi Avropa ölkələrinin komandaları səbətin ən güclüləri hesab olunur. “Keşlə”nin mübarizədən kənarlaşdırmaq gücündə olduğu, amma “ilişmək” riskinin də istisna edilmədiyi komandalardan ehtiyatlanmağa dəyər. Ən yaxşısı bu rəqiblərlə üz-üzə gəlməmək, ən pis halda isə evdə görüşməkdir. Çünki “Lokomotiv” (Plovdiv, Bolqarıstan), "Slaviya" (Bolqarıstan), "Botoşani" (Rumıniya), "Pyast" (Polşa), “Krakoviya” (Polşa), "Dunayska" (Slovakiya), "Rujomberok" (Slovakiya), "Jilina" (Slovakiya), "Mura" (Sloveniya), “Puşkaş Akademi” (Macarıstan) bakılılara başağrı ola bilər (apasport.az).

Digər Xəbərlər
Xəbər Lenti