Əhmədovun problemləri var: "Maliyyə məsələlərinə qarışmıram"

27 İyul 2020 21:20 Şamaxı 1 007
Əhmədovun problemləri var: "Maliyyə məsələlərinə qarışmıram"

Sportinfo.az xəbər verir ki, klublar yeni mövsümün hazırlığını davam etdirir.

Hamının Qəbələyə yığışması bu yayın xüsusi özəlliyidi. Məlum qadağalar üzündən jurnalistlərin komandaların düşərgəsinə baş çəkməsi, toplanışları işıqlandırası mümkün deyil, amma klubların rəsmi səhifələri vasitəsilə bəzi informasiyaları ala bilirik.

“Keşlə” klublarımız arasında istirahətə çıxan ilk təmsilçimizdi. Tərlan Əhmədovun yetirmələri Şamaxıdakı ongünlük hazırlığı bitirib iyulun 24-də Bakıya döndü və bu gün toplanışın ikinci mərhələsinə start verir. Bu dəfə Qəbələyə yollanan bakılılar ardıcıl 3 sınaq matçı keçirməyi planlaşdırır.

Futbolinfo.az-ın əməkdaşı toplanışın ilk mərhələsini dəyərləndirmək, qarşıdakı planları müzakirə etmək, eyni zamanda mümkün transferlərdən xəbər tutmaq üçün Əhmədovla söhbətləşib.

– Hazırlığın birinci hissəsi planlaşdırdığımız kimi keçdi. İşimizi əsasən fiziki hazırlığın yüksəldilməsi üzərində qurmuşduq. Demək olar, istəyimizə çatdıq. Tam demək olmaz, amma böyük ölçüdə arzuladığımız nəticələri aldıq. Çəkisi qaydasında olmayanlar, eyni zamanda 4 ay futbolsuz qalan oyunçuların digər problemləri var idi. Onların həllinə çalışdıq, müəyyən nəticələr əldə etdik. Hazırlığın ikinci mərhələsində işi plana uyğun davam etdirəcəyik.

– Amma “Qarabağ”la sınaq matçı gözlənilməz oldu. Fiziki hazırlığa hesablanış məşqlərlə eyni vaxtda keçirdiyiniz yoxlama görüşünün səbəbi nə idi?

– Planda toplanışın sonunda oyun keçirmək var idi. Amma hazırlığın 5 günü geridə qalarkən belə oyun təşkil etməyi lazım bildik. Bunun da səbəbi vardı. İyulun 13-də hazırlığa başlayarkən futbolçulardan normativ-testlər götürdük, nəticələr xoşagəlməz idi. Uzun müddət meydandan kənar qaldıqları üçün bəlkə də gözlənilən hal sayılmalıdı. Həm 5 gün davam edən hazırlığın nəticəsini görmək, həm də futbolçuların topu hiss etmələri üçün bu matçı oynamağa razılıq verdik. Bu qarşılaşma bizim hazırlığın qalan hissəsini qurmaq üçün əla material verdi, Şamaxıda olduğumuz müddətdə çatışmazlıqların aradan qaldırılması üçün işlədik, bunu Qəbələdə davam etdirəcəyik.

– Amma “Qarabağ”a 1:3 hesabıyla uduzduğunuz oyunun ilk hissəsini yaxşı keçirmisiz. Yəqin sizin üçün də sürpriz oldu…

– Həmin oyunun nəticəsi mənə maraqlı deyildi. Düzdü, fasiləyədək daha keyfiyyətli futbol oynadıq. Ağır yükləmələrin fonunda belə oyun sərgilənməsi xoş oldu. Bizim əsas məqsədimiz xeyli yeni transferi ümumi ansambla uyğunlaşdırmaq idi. Əla oynadığımızı deməzdim, amma ümidverici məqamlar yetərincə idi. Xeyli çatışmazlıq da gördüm, indi məqsəd onların üzərində işləməkdi.

– 4 aylıq fasilədən sonra futbolçularda geriləmə çoxdumu?

– Həddindən artıq. Çəki artıqlığı ciddi problemdi. Yükləmələr zamanı əzələsi dözməyənlər var. Bu səbəbdən işimizi tədricən görməyə, diqqətli olmağa məcburuq. Uzun fasilədən sonra bu vəziyyət gözlənilən idi. Psxoloji hazırlığa da ciddi diqqət yetiririk.

– İyulun 27-də başlayacaq ikinci mərhələ avqustun 5-də bitəcək. Bundan sonra yeni çempionatın startına kimi 2 həftəlik müddət qalacaq. Həmin dövr üçün nə planlaşdırırsız?

– Üçüncü mərhələni Bakıda keçirəcəyik. Müəyyən proqramımız var və ona əməl etməklə çempionata hazır olacağıq.

– Şamaxının, Qəbələnin həmişə üz tutduğunuz Antalyadan ciddi fərqi var?

– Doğrusu, mənfi mənada fərq görmədim. Yalnız sınaq matçları üçün rəqib seçimində çətinlik var. Xüsusilə Qəbələdəki şərait Türkiyədən, Avstriyadan geri qalmır. Bir neçə xarici klubu hazırlıq dönəmində bu bölgəyə gətirmək olsa, lap yaxşı olar. Şamaxıda da toplanış keçmək üçün bütün şərait var, yalnız meydança baxımıdan vəziyyət ideal deyildi. Ola bilər, gələn klublar süni qazonda hazırlaşmaq istəməsin, amma Qəbələdə şikayət etmək üçün əsas yoxdu. Hava şəraiti, qidalanmaq, komandanın yerləşməsi, məşq proqramı – hər şey əladı. Toplanış dönəmində ölkəmizə sparrinq-rəqib baxımından problem olmaması üçün 2-3 komanda dəvət edə bilsək, Antalyaya getməyə ehtiyac yoxdu.

– Təyyarə biletlərinə, nəqliyyata çəkilən xərclər də cibimizə qalar…

– Tək yolpulu deyil, digər xərclər də daha sərfəlidi. Klubların büdcəsinə ciddi təsir edəcək qədər qənaət etmək mümkündü.

– Sezar Meza Kolli ilə bağlı vəziyyət nə yerdədi?

– Yaxın saatlarda bütün suallar aydınlaşacaq. Özü ilə, meneceriylə söhbət etmişik. Ailə problemləri, karantində qalmaq söhbəti, müqavilə şərtləri – çox məsələyə tezliklə aydınlıq gəlməlidi. Bu gün üçün dəqiq heç nə bilinmir. Sezarın nə vaxt gələcəyi də önəmlidi, çünki çəki artımına meylli futbolçudu, hazırlığın ilk mərhələsini buraxıb, formaya düşməsi zaman alacaq, yubanmamalıyıq. Rumıniya klubu ilə problemini tez həll etməlidi. Klubumuzun rəhbəri Zaur Axundovla bu gün (dünən – red.) Sezarın məsələsini müzakirə etmişik, tezliklə qərar verilməlidi. Problemimiz təkcə Meza Kolli deyil, bu il hələ legioner transfer etməmişik. Hücum xəttinə, müdafiəyə yeni oyunçular alına bilər. Hamısı Sezarın məsələsi dəqiqləşəndən sonra bilinəcək. Çünki büdcə də buna imkan verməlidi.

– Hazırlığın ilk mərhələsini buraxmış futbolçuların formaya düşməsini təmin etmək də asan olmayacaq.

– Hələlik axtarış mərhələsindəyik. Futbolçu alanda bu məqamlara diqqət yetirəcəyik, kimin hansı formada olmasına baxacağıq. Qısa müddətdə komandaya uyğunlaşa biləcək, daha hazırlıqlı futbolçuları seçməyə məcburuq.

– Yeni transferlərdən razısızmı?

– Yalnız Cavid İmamverdiyevdə problem var. 10 gün ərzində 5 kq çəki atdı, daha 2-3 kq-dan qurtulmalıdı. Bu səbəbdən əzələlərində də problem yaranıb, tam hazır deyil. İndi istirahətdə olsaq da, ona dayanmaq imkanı verməmişik, onlayn qaydada fərdi məşq keçirik. Daha çox məşq edir ki, qaydaya düşsün və Qəbələdə onu ideal formaya salaq. Şəhriyar Əliyev, Tural Axundov və Rəhman Hacıyevdə hər hansı problem yoxdu, qısa müddətdə ansambla uyğunlaşdılar.

– Cavid həm də sizin üçün ona görə önəmlidi ki, bu futbolçudan fərqli məqsədlər üçün istifadə etmək istəyirsiz. Bildiyimizə görə, İmamverdiyevi həm Sezarın mövqeyində, həm də hücumda oynatmağı planlaşdırırsız. Faktiki bir neçə ampluada alternativ kimi düşünülən universal futbolçunun formada olması vacibdi.

– Sanki məşqçilər korpusumuzda əyləşmisiz və bütün fikirlərimizi oxuyursuz (gülür). Bəli, bütün detalları bilirsiz. Onda hücumçu potensialı var, eyni zamanda pleymeyker kimi faydalıdı. Hücumçu ala bilməsək, ön xəttdə çıxış edə, eyni zamanda Sezarı həm əvəz edə, həm də meydanın mərkəzində onunla birlikdə oynaya bilər. Bu səbəbdən formaya tez düşməlidi. Bununla belə, daha bir hücumçuya ehtiyacımız olacaq. Həm avrokubokda, həm də çempionatda çətin oyunlarımız sıralanacaq, alternativlər, ehtiyat qüvvə mütləqdi. Sezarın məsələsi də açıq qalıb, yubanmamalıyıq.

– Sezarla bağlı məsələdə əsas problem maliyyədi?

– Bu suallara rəhbərlik cavab verə bilər. Məncə, maliyyə ilə bağlı ciddi problem olmaz. Amma o, hələ karantindədi, gəlib-gəlməyəcəyi dəqiqləşməyib. Düzü, ötən il nəticə vermiş heyətin vacib fiqurlarının qorunmasında maraqlıyam, Meza Kolli onlardan biridi.

– İndiki heyətin ötənmövsümkü heyətdən daha yaxşı olduğunu deyə bilərikmi?

– Yerli oyunçu potensialımızın yaxşılaşdığını nəzərə alsaq, belə demək olar. Ən yaxşı yerli futbolçulardan bir neçəsini dəvət etmişik. Çox ümidverici kollektivimiz var. Əsas odur, yenilərin çoxunu tanıyıram, potensiallarına bələdəm. Rəqabət güclənib – bu isə həmişə vacib faktor olub.

– Heyətin güclənməsi həm də hədəflərin böyüməsi deməkdi. Deməli, yeni çempionatda 3-cü yer minimum vəzifə olacaq.

– Heyət komplektləşməmiş nəsə demək olmur, lakin ildən-ilə nəticələri yaxşılaşdırmalıyıq. Heyət tam dəqiqləşəndən sonra hədəfləri açıqlayacağıq.

– Ötən mövsüm xüsusi dəstək verdiyiniz bəzi oyunçular komandadan getdi. Ruslan Qurbanov və Tural Bayramlının gedişinin səbəbi maliyyə idimi?

– Bilmirəm. Maliyyə məsələlərinə qarışmıram, amma mənimlə şəxsi problemləri yox idi. Davranışları ilə bağlı şikayətim olmayıb, müqavilədə razılığa gəlinməyibsə, yalnız uğur arzulaya bilərəm. İstədikləri məbləği başqa klubda verirlərsə, yolları açıq olsun, təbii prosesdi.

– “Keşlə” ötən mövsüm limit oyunçusu kimi sanki Turaldan asılı vəziyyətdə idi. Yeni çempionatda bu rolu kim oynayacaq?

– Bir neçə belə oyunçumuz var. Orxan Fərəcov, Pərviz Azadov, Xəzər Mahmudov, Turan Vəlizadə, Əkbər Vəliyev bu rolu oynaya biləcək futbolçulardı. Onları “Keşlə”yə və Azərbaycan futboluna qazandırmaq istəyirik. 3-cü qapıçımız Sahib Həsənov da adından söz etdirə biləcək istedada malikdi.

– İstənilən halda, Rəşad Əzizlinin gedişindən sonra sizə daha bir təcrübəli qapıçı lazımdı. Gənc qapıçılarınız Stanislav Namaşkoya rəqabət yaradacaq və ya onu əvəz edəcək səviyyədə deyil.

– Əkbər “Qarabağ”la sınaq matçının son 30 dəqiqəsində oynadı və ümid verdi. İnamlı çıxış etdi, Namaşkoya rəqabət yaradacaq səviyyədədi, hər hansı səbəbdən moldovalını itirsək, ona arxayın ola bilərik. Lakin ola bilsin ki, tezliklə daha bir qolkiper götürək. Hazırda belə birini tapmamışıq, hamının klubları ilə müqaviləsi var. Kimi gəldi götürməyəcəyik, amma nisbətən təcrübəli və bacarıqlı birini tapsaq, transfer edəcəyik.

– Qəbələ toplanışı üçün 3 rəqib seçmisiz. Avqustun 1, 3 və 5-də ardıcıl matçlar çətinlik yaratmayacaq?

– Ən yaxşı yükləmə oyundu. Elə futbolçular var ki, bu matçların hamısında 90 dəqiqə oynayacaq. Problem olmamalıdı, çünki qarşıda bərpa üçün vaxtımız var.

– Məşqçilər korpusunda da dəyişiklik etmisiz. Yeni köməkçiniz Kamal Quliyev futbolu yadırğamayıb?

– Belə bir veteran futbolçunun kənarda qalması pis idi. Onun üçün ürəyim ağrıyırdı, qismət oldu, yanıma gətirdim. İşinin peşəkarıdı, uzun müddət işləyib, divizionda “Neftçala”nın baş məşqçisi olub, “Neftçi”də köməkçi kimi mənimlə birgə çalışıb. Müxtəlif klublarımızda, yığmada, Ukraynada bir yerdə çıxış etmişik, xasiyyətimiz tutur, mehriban insandı. 10 gündü işə başlayıb, peşəkarlığı yüksək səviyyədədi, futbola qayıtdığı üçün həvəslidi. Onu qazanmalıyıq.

– Avrokubok üçün planlarınız necədi? Rəqib “seçmisiz”?

– Kim düşsə, onunla da oynayacağıq. Hər şey ola bilər. Əla çıxış etməyimiz də mümkündü, normal oynamağımız da. Hər şey rəqibdən, daha çox isə hazırlıqdan, komandanı komplektləşdirmədən asılı olacaq. Düz bir ay vaxtımız var. Püşk kimi bizə rəqib edəcəksə, həmin komandanı analiz edib, hazırlaşacağıq.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!