"Ayrılmağıima səbəb pul oldu, məni qane etmədi"

13 İyul 2020 20:40 Şamaxı 1 005
"Ayrılmağıima səbəb pul oldu, məni qane etmədi"

Ötən mövsüm “Keşlə”nin uğurlu çıxış etməsində bir çox futbolçular kimi, Tural Bayramlının inamlı çıxışı da az rol oynamadı.

İşgüzarlığı və əzmkarlığı ilə orta sahənin dəyişməz fiquruna çevrilən gənc yarımmüdafiəçi ümidləri doğrultmağı bacardı. Limitə düşdüyünə görə Tərlan Əhmədovun daim güvəndiyi Bayramlını həm də İsmayıl İbrahimli ilə birgə mövsümün kəşfi hesab edə bilərik.

Sportinfo.az xəbər verir ki, çempionat başa çatan kimi nə baş verdisə, çoxları kimi, o da “Keşlə”ni tərk etdi.

Lap dəqiq desək, klubla futbolçu arasında yeni müqavilə bağlanmadı. Bu ayrılıq çoxlarını təəccübləndirdi. Çünki Turalın Avroliqada çıxış edəcək komandanın şərəfini qoruyacağına ümid edirdik.

Səbəbkarla əlaqə saxlayıb bizi maraqlandıran suallara cavab almaq istəyəndə məlum oldu ki, gələcəyinə ümid bəslədiyimiz gənc futbolçu “Keşlə”ni pula görə tərk edib. Təfərrüatını öz dilindən eşidək (Futbol+).

- “Keşlə”dən ayrılmağın kənardan sürpriz kimi göründü. Yəqin sənin üçün də belə oldu.
- Açığı, özüm üçün də sürpriz oldu. Çünki “Keşlə”də uzun müddət qalmaq istəyirdim. Hətta Avroliqada oynamaq üçün var gücümlə mübarizə aparırdım. Lakin alınmadı.

- Yeni müqavilə bağlamağa nə mane oldu?
- Heç nə mane olmadı. Müqavilənin uzadılmamasının tək səbəbi maliyyə idi. Danışdıq, müzakirə apardıq, baxdım ki, klubun şərtləri məni qane etmir. Ona görə də başqa təklifləri dəyərləndirmək istədim. Başqa hansısa problemdən söhbət gedə bilməz.

- 22 yaşlı futbolçunun indidən pulu düşünməsi, Avroliqada mübarizə aparacaq komandanı qoyub başqa komandaya keçmək həvəsinə düşməsi nə dərəcədə məntiqəuyğundu?
- (susur)

- Cavab vermək istəmirsən?
- Xeyr.

- Tərlan Əhmədovla münasibətləriniz necə idi?
- Hər şey qaydasındaydı. Mənə göstərdiyi inama görə fürsətdən istifadə edib Tərlan Əhmədova təşəkkür etmək istəyirəm. Daim mənə şans verdi, özümü premyer-liqada göstərmək üçün şərait yaratdı. Üzərimdə əməyi çox oldu və buna görə ona həmişə minnətdarlığımı bildirəcəm.

- Fikir verirdim, oyunlar zamanı ən çox sənə irad bildirirdi. Sanki bütün komandanın acığını səndən çıxırdı. Niyə?
- Bəli, dediyiniz kimiydi. Ancaq mən bunu hər zaman normal qəbul edirdim. Komandada ən gənc futbolçu mən idim. Ona görə də ən çox mənə irad bildirilməsini anlayışla qarşılayıram. O iradlar olmasaydı, premyer-liqadakı debüt ilimdə 2 qol vurmaz, 2 məhsuldar ötürmə verməzdim. Böyüklər yaşca özündən kiçiyə acıqlanırsa, deməli, kiçiyin öyrənməli olduğu nəsə var.

- Sənin xidmətindən limit oyunçusu kimi istifadə olunurdu. Belə çıxır ki, bağda ərik qurtaran kimi, salam-əleyküm də qurtardı?
- Qətiyyən belə düşünmürəm. Çünki növbəti mövsümdə də limitə düşən futbolçu kimi oynaya biləcəm. “Keşlə”dən ayrılmağımda başqa səbəb axtarmağa dəyməz. Bir səbəb var idi, onu da az öncə dedim.

- Bu qədər itkidən sonra “Keşlə”nin Avroliqada uğur qazanacağına inanırsan?
- İtkilərin komandaya ciddi mənada təsir edəcəyini düşünmürəm. Çünki heç də bütün futbolçular “Keşlə”ni tərk etməyib. Gedənlərin yerinə yenilər gəlib ki, Cavid İmamverdiyev, Tural Axundov, Şəhriyar Əliyev – hər biri təcrübəli futbolçudu. Məncə, komanda daha da güclənəcək. “Keşlə”nin öz oyununa sadiq qalacağına əminəm. Avrokuboklarda ən ciddi təhlükə rəqibin kimliyidi. Uyğun rəqib düşsə, mərhələ adlamaq problem olmayacaq. “Keşlə”yə indidən avrokuboklarda uğurlar arzulayıram.

- Ruslan Qurbanovun müqaviləsində “komanda avrokuboklara vəsiqə qazanacağı halda mükafat veriləcək” bəndi var. Səndə də belədi?
- Bəli, mənim müqaviləmdə də elə bir bənd var. Bildiyimə görə, hələ ki mükafat paylanmayıb. Paylansa, bizi də unutmayacaqlarını bilirəm. Çünki “Keşlə”də belə məsələlərə həssas yanaşılır.

- Bundan sonra nə etmək fikrindəsən? Təkliflər var?
- Premyer-liqa təmsilçilərindən biri ilə razılaşmışam. Anlaşma əldə olunub, müqaviləyə qol çəkmək qalıb. Yəqin ki, yaxın günlərdə bu barədə məlumat veriləcək.

- Yenidən xaricdə oynamaq ehtimalı var?
- Pandemiya tam bitdikdən sonra karyeramı xaricdə davam etdirəcəm. Legioner həyatı yaşamaq gələcək üçün əsas hədəfimdi.

Digər Xəbərlər
Xəbər Lenti