Lazımsız legionerlər, zərrəcikləri məhv edən Tərlan Əhmədov

20 İyun 2020 13:12 Şamaxı 859
Lazımsız legionerlər, zərrəcikləri məhv edən Tərlan Əhmədov

Erkən başa çatdırılan mövsümdə Premyer Liqada 3-cü yeri tutması sensasiya sayılan “Keşlə” vaxtilə çempionluq uğrunda mübarizə aparan klub olub.

Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi “İnter” adı altında çıxış edərkən çempionatın stabil komandalarından sayılırdı.

Çünki gürcüstanlı baş məşqçi Kaxaber Sxadadzenin qurduğu sistem və heyətə qatdığı iddialı əcnəbilər sayəsində “bankirlər” hər mövsüm yüksək yerlər uğrunda mübarizə aparıb.

Bu ənənə Zaur Svanadzenin gəlişindən sonra da davam etdirilib. Düzdür, həmin vaxt klub maddi cəhətdən ən ağır dönəmlərini yaşayıb ki, bu da transfer siyasətinə təsirsiz ötüşməyib. Lakin məhz Sxadadzenin uğurlu sistemi həmyerlisinin dəyişməməsi komandanın bir müddət də eyni formada oynamasına şərait yaratdı.

Maliyyə problemi, keçmiş futbolçularına olan borclar ucbatından 2017/18 mövsümünün gedişində - 2017-ci ilin oktyabrında klubun adı dəyişdirilərək “Keşlə” qoyuldu və AFFA-nın nəzarətinə keçdi. Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov da kluba rəhbər təyin olundu. Təbii, ona qədər uğurlu transferlərlə yanaşı, uğursuzlar da olmuşdu. Ancaq “Keşlə” adı altında lazımsız əcnəbilərin gəlişi sürətlə artmağa başladı. Uğursuz gəlişlərin təməli “Keşlə” adı ilə ilk transfer dönəmindəncə qoyuldu. Baş məşqçi postuna Yuri Maksimovu gətirən Axundovun kluba cəlb etdiyi Pablo Podio, Nemanya Stoyanoviç, Ebrima Sohna, Andre Klennon kimi əcnəbilər, bəlkə də, heç öz ölkələrinin komandalarına lazım olmayacaq səviyyədə idilər. Maksimov hətta bu “otxod” oyunçularla ölkə kubokunu qazanmağı bacardı.

Buna baxmayaraq, ukraynalı mütəxəssisi ölkədən qaçıran “Keşlə” rəhbərliyi “Neftçi”də prezidentlə yola getməyən Tərlan Əhmədovu baş məşqçi postuna təyin etdi. Əhmədov isə Sxadadze dönəmindən qalan sistemin zərrəciklərini də məhv edərək, tam yeni üslub və heyətlə oynamağı seçdi. Ancaq ilk ilindəcə fiaskoya uğradı. Onun istəyi ilə Azərbaycana qaytarılan Bahodir Nasimov, həmçinin transfer edilən Diallo Quydileye, Georgios Georgiadis kimi əcnəbilər bir işə yaramadı. Əhmədovun yerli oyunçularla bağlı seçimi isə daha bərbad alındı. Xüsusən də, əvvəldən özünə tanış olan futbolçulara yenidən şans vermək qərarına gəldi və gözlənildiyi kimi, uğursuzluğa düçar oldu. Nəticədə ilk “üçlüy”ə öyrəşən bakılılar bu dəfə mövsümü sondan birinci bitirdilər. AFFA İcraiyyə Komitəsinin səxavəti sayəsində komanda elitada saxlanıldı.

Tərlan Əhmədov qurduğu heyəti ötən ilin yayında yenidən dağıtmaq qərarına gəldi. Bununla da seçimlərində etdiyi səhvləri təsdiqləmiş oldu. 15 futbolçu yola salındı, yenilər üçün yer açıldı. Ancaq Rəşad Əzizli, İlkin Qırtımov kimi varlığı ilə yoxluğu bilinməyən yerlilərə qucaq açdı, eləcə də şəxsi tanışlıqla Emin Mehdiyevi birinci diviziondan gətirdi. Ziya Əzizov və Əfran İsmayılov da gözləniləni verə bilmədilər. Ancaq insaf naminə bu dəfə Franko Flores, Miyuşko Boyoviç, Lorenzo Frutos kimi əcnəbilərin, komandaya qaytarılan Sezar Meza Kolli və AZAL-dan tanıdığımız Stanislav Namaşkonun sayəsində yeni nəfəs gəldi. Bu ilin əvvəlində alınan Şohruh Qadoyev və Aleksandr Kristovaonu isə yerlilərdən çox da fərqlənməyən və Azərbaycan çempionatı səviyyəsinə uyğun oyunçu saymaq olar. Tərlan Əhmədovun iki illik “Keşlə” dönəminin ən uğurlu işi Vüsal İsgəndərlini futbolumuza yenidən qazandırması oldu. Ötən ilin yanvarında onunla yanaşı, Qazaxıstandan gələn Con Kamara da yerində transfer idi.

Premyer Liqanın XX turdan sonra başa çatdırılan 2019/20 mövsümündə “Səbail” və “Qəbələ”də maliyyə probleminin yaranması, “Sabah” və “Zirə”də edilən oyunçu və baş məşqçi dəyişiklikləri “Keşlə”nin ön plana keçməsinə şərait yaratdı. Nəticədə bakılılar bürünc qazanmaqla öyündülər. Ancaq komandaya məxsus oyun fəlsəfəsi qurulmayınca, hər il heyətdə köklü dəyişikliklər etməkdən vaz keçməyincə stabil çıxış və uğurun davamını gözləməyə dəyməz (apasport.az)...

Digər Xəbərlər
Xəbər Lenti