QURBANOV "PATLADI": "Mən də insanam, səbrim var"

19 İyun 2020 23:00 Şamaxı 1 353
QURBANOV "PATLADI": "Mən də insanam, səbrim var"

Sportinfo.az xəbər verir ki, mövsüm bitməmiş “Keşlə”ni tərk edən ilk futbolçu Ruslan Qurbanov oldu.

Halbuki Slavik Alxasov, Sezar Meza Kolli, Lorenso Frutos və başqa bir neçə nəfərin də bakılılarla müqavilə müddəti başa çatıb.

Ruslanın belə vəziyyətdə sosial şəbəkədə ayrılıq statusu paylaşması boşuna ola bilməzdi. İki səbəb mümkün görünürdü: ya növbəti müqavilənin maliyyə şərtlərindəki fikir ayrılığı, ya da baş məşqçinin onu növbəti mövsüm üçün sərəncamında görmək istəməməsi.

Qısa araşdırma apardıq və məlum oldu ki, universal futbolçu “Neftçi”ylə “Keşlə” arasında yoldaşlıq görüşündə ehtiyatda qalmasına etiraz edib və münasibətlər soyumağa başlayıb. Odu ki, özüylə söhbətdə xəbərə munasibətini öyrəndik və sağ olsun ki, təsdiqlədi.

- Paylaşdığın status gözlənilməz oldu. Birdən-birə nə baş verdi?
- Gözlənilməz deyəndə ki, “Keşlə”ylə müqaviləni “1+1” şərti ilə bağlamışdım. 1 il mayın sonunda başa çatdı. Anlaşmadakı “+1”in qüvvəyə minməsi üçün hər iki tərəfin razılığı olmalıydı. Lakin ortaq məxrəcə gələ bilmədik və mən klubu tərk etdim.

- Pul məsələsində?
- Xeyr, qətiyyən. O barədə, ümumiyyətlə, danışmadıq.

- Komandanın vacib fiqurlarından, təcrübəli futbolçularından biri idin. Bu cür ayrılıq müəmmalı görünür.
- Belə deyim, klubun məni saxlamaqda maraqlı olmadığını hiss etdim. Özümə qarşı əvvəlki istilik, münasibət yox idi. Belə olan halda orda qalmaq mənasız olardı.

- “Neftçi”ylə oyundan əvvəl nəsə baş vermişdi?
- Yox, niyə ki?

- Start heyətində yer almamağın diqqətimi çəkmişdi.
- (düşünür) Elə mənim də. Baş məşqçi məni oyun planına daxil etmirsə, deməli, komandaya artıqlıq edirəm. O cür münasibəti görəndən sonra yeganə çıxış yolu özümə yeni komanda axtarmaq idi.

- Səbəbini Tərlan Əhmədovdan soruşdun?
- Xeyr, heç nə soruşmadım. Oyundan əvvəl bir neçə gün ön əzələm ağrıyırdı. Buna baxmayaraq, məşqimi edir, hamı kimi hazırlaşırdım. Fasilədə məşq edəndə ayağımda ağrılar hiss etdim. Baş məşqçi mənə ikinci yarıda meydana çıxmalı olduğumu deyəndə, mən ona ayağımın ağrıdığını dedim. Görünür, yalan danışdığımı, bəhanə gətirdiyimi düşünüb. Onsuz da sənədlərimi götürməyə gedəcəm (müsahibə bazar ertəsi götürülüb – H.). Ofisdə rəhbərliklə də görüşəcəm, Tərlan müəllimlə də. Futboldu, olur belə hallar.

- İkibaşlı danışırsan. Oyundan əvvəl əzələnin ağrıdığını deyirsən, eyni zamanda start heyətində yer almadığına görə gileylənirsən. Əzələsi ağrıyan futbolçunun “11-lik”də yer almaması normaldı.
- “Neftçi”yə qarşı oyunda “Sabah”la çempionat matçını buraxacaq futbolçular yer aldığı halda mən ehtiyatda qalmışdım. O ki qaldı zədəyə, ayaqda ağrının olması o demək deyil ki, futbolçu meydana çıxa bilməz. Onsuz da hamının harasındasa yüngül ağrı var. Matçdan əvvəl ağrı şiddətli deyildi, fasilədə ağırlaşdığını hiss etdim. Ona görə də meydana çıxmaq istəmədiyimi dedim.

- Bəlkə oyundan əvvəlki hansısa hərəkətin baş məşqçinin xoşuna gəlməyib?
- Heç nə olmamışdı, heç nə. Əksinə, hər şey əla idi. Sonradan nə baş verdiyini anlamadım. Eybi yox, təki hər iki tərəf üçün xeyirli olsun.

- Tələsik qərar verdiyini düşünmürsən?
- Bu tək mənim qərarım deyildi. Qarşılıqlı razılıq əsasında oldu. Çünki qalmağımın mənası yox idi. Mənim ehtiyatda qalan vaxtım deyil. Mövsümboyu bacardığımın ən yaxşısını etdim. Bəzən zədəli halda oynadım, bəzən zədələndim, lakin bunu gizlətdim. Qollar vurdum, məhsuldar ötürmələr verdim. Neçə vaxtdı özümə bu sualı verirəm: niyə həmişə mən? Niyə seçim etmək lazım gələndə həmişə mən kənarda qalıram? Bütün hallarda Ruslan ehtiyatda qala bilər, amma başqaları yox. Statistikaya baxın, nə demək istədiyimi başa düşəcəksiz. 3 ay futbolsuz qalmışam, futbol oynamaq üçün burnumun ucu göynəyir. Həvəslə “Neftçi”ylə oyunu gözləyirdim ki, çıxıb oynayım, hansı vəziyyətdə olduğumu görüm, komandama kömək edim.

- Deməli, ilk belə hal deyil. Nə vaxtsa “partlamalıydın”.
- Bəli, ilk dəfə deyildi. İndiyə qədər 3-4 dəfə bu cür münasibətlə üzləşsəm də, susurdum. Amma mən də insanam, səbrim var. Nəyə görə kənarda qaldığımı deyən olsa, başa düşərəm. Amma heç bir söz deyilmədən Ruslan hər imkanda ehtiyatda qalırsa, bunun bir sonu olmalıydı. Valideynlərimlə, yaxınlarımla danışdım, onlar da getməyin doğru qərar olacağını dedilər. Heç kimlə düşmən deyiləm, futbol işi belədi. Fürsətdən istifadə edib klub rəhbərliyinə, Tərlan müəllimə və sabiq komanda yoldaşlarıma uğurlar arzulayıram. Birgə unudulmaz günlər keçirdik.

- Gələcəyin necə olacaq?
- Sənədləri düzəldib, xaricə üz tutacam. 10 ildi burdayam, az müddət deyil. Bu zaman kəsiyində milliyə çağrıldım, 5 fərqli komandanın şərəfini qorudum. Hiss edirəm ki, yeni səhifəyə ehtiyac var. Koronavirusa görə hər yerdə durğunluqdu. Əsas sənədləri düzəltmək və hazır olmaqdı. İnşallah, gələcək karyeramla bağlı problemim olmaz.

- Bakıda evin var, bildiyimə görə, kiçik biznesə də qol qoymusan. Onlar necə olacaq?
- Mən karyeramı düşünüb Azərbaycanı tərk etmək istəyirəm, birdəfəlik getmirəm ki. Gələcəkdə nə vaxtsa yenidən bura qayıdacam. Azərbaycan mənim ikinci vətənimdi, hər şey ürəyimcədi. Üstəlik, dostlarım çoxdu. Hər bir futbolçu legioner həyatı yaşamağı düşünür. Məncə, vaxtdı.

- Variantlar var?
- Bu dəqiqə heç bir variant yoxdu. Çünki hər şey qeyri-müəyyəndi. Hətta Avropanın aparıcı ölkələrində də necə olacağını bilmirlər. Ona görə də bir qədər gözləməliyəm. Deyim ki, təklifim var, qalıb imza atmaq, yalan danışmış olaram.

- Avropada klub tapmaq asan məsələdi?
- Sağ olsunlar, bu mənada mənə kömək edəcək dostlarım var. Yəqin ki, bir şey fikirləşərlər. Azad agent statusuna sahib olmağım üstünlüyümdü. Həm futbolumu oynamalı, həm də millidəki yerimi qaytarmalıyam. Bunun üçün isə üz tutacağım komandada daim oynamalıyam.

- “Keşlə”ylə üzülüşməmisən?
- Xeyr. Sənədlərimi götürməliyəm. Həm də klub və komandadakılar ilə sağollaşmalıyam.

- Bəzən futbolçu isti başla sosial şəbəkədə qərarını açıqlayır, çox keçmədən komandaya qayıdıb fəaliyyətini davam etdirir.
- Belə bir hal yaşanmayacaq. Çünki klubla danışıb məsələni yoluna qoymuşuq. Yəqin ki, sənədimi götürəndən sonra klub da bununla bağlı məlumat yayacaq.

- Tərlan Əhmədovu görsən, əl sıxacaqsan?
- Əlbəttə! Mütləq! Dediyim kimi, futbolda belə hallar olur. Onda gərək hamı bir-birindən üz çevirsin. Hər bir işdə anlaşılmazlıq olur. Vacib olan insan olmaqdı (FutbolL+)..

Digər Xəbərlər
Xəbər Lenti