“Ola bilər ki, 1-2 transfer edilsin - Güclü xarakterə malik insanlardan qorxmuram”

1 Sentyabr 2023 22:10 Sabah 1 530
“Ola bilər ki, 1-2 transfer edilsin - Güclü xarakterə malik insanlardan qorxmuram”

"Sabah" Azərbaycan Premyer Liqasının 5-ci turunda doğma meydanda "Turan Tovuz"a 0:3 hesabı ilə məğlub olub.

Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Masazır təmsilçisinin baş məşqçisi Murad Musayev jurnalistlərin suallarını cavablandırıb:

- Demək olar ki, iki standart vəziyyət oyunun taleyini həll etdi. Standartlarda səhv etdik və rəqib fərqləndi. Oyuna daha çox nəzarət edən tərəf olsaq da, təhlükəli yerlərdə top qəbul edə bilmirdik. Nəticədən məmmun deyilik, işləməyə davam edəcəyik.

- Demək olar ki, rəqib qapısı qarşısında real qol şansı yarada bilmədiniz. Hücumun dişsiz olması, yarımmüdafiənin bu cür bərbad oynaması nə ilə bağlıdır?

- Sizinlə razıyam. Matçdakı ən böyük problemlərimizdən biridir. Amma hazırda buna cavab verə bilmərəm. Təhlil edəcəyik.

- "Partizan"a məğlubiyyətdən sonra komanda özünə gələ bilmir. Sizə nə qədər vaxt lazımdır?

- Çox möhtəşəm sualdır. Özümüzə gəlmək üçün nə qədər vaxt lazım olduğunu deyə bilmirəm.

- Çempionatda fasilə yaranması işinizə yarayacaq?

- Bəli, bizə pauza lazımdır. Xeyri olacaq. Nələrsə səhv etmişiksə, təhlil edəcəyik. Ola bilər ki, 1-2 transfer edilsin. Milliyə gedənlərdən sonra 10-12 nəfərlə nələrisə düzəltməyə, yaxşılaşdırmağa çalışacağıq.

- Komandada gərginlik var, bunun da fonunda aqressivlik yaranır. Amin Seydiyev ötən tur qırmızı vərəqə aldı. Bu gün də futbolçularınız aqressiv idi. Razısız?

- Hansısa aqressivlik olması ilə razı deyiləm. "Turan Tovuz" çox sərt oynayırdı. Bu gün başqa cür oynaya bilməzdik. Amin Seydiyevin qırmızı vərəqə alması isə, aqressivlik yox, texniki və taktiki cəhətdən düzgün oynamaması idi. Orada foul etmək lazım deyildi. Hücumun qarşısını kəsmişdi.

- Mətbuatda yayılan xəbərlərə görə, "Qalatasaray"ın sabiq futbolçusu Jesse Sekidika "Sabah"a gəlir. Doğrudur?

- Klub tərəfdən rəsmi nəsə olmalıdır. Hələ rəsmi bir şey olmadığına görə, heç bir şey deyə bilmərəm.

- "Partizan" la cavab qarşılaşmasında və bu gün Yusif İmanovun kobud səhvi oldu. Çempionluğa oynayan komanda üçün belə qolkiper nə qədər faydalıdır?

- İndi kimisə günahlandırmaq doğru olmazdı. Yusif ötən mövsümü yaxşı keçirib. Gəncdir. Uduzanda mən baş məşqçi başda olmaqla hamımız uduzuruq. Hamımız səhv edirik.

Ötən mövsüm Aleksey İsayev daha çox Coy-Lens Mikels və Aleksey Kaşuk üçün müdafiənin arxasına asmalar edirdi. Bu mövsüm "Qəbələ" ilə görüşdən sonra həmin effekti görə bilmirik. Ola bilər ki, yeni gələnlər onları əvəz edə bilmir?

- Mikelsin gedişi bizim üçün gözlənilməz idi. Bu, mövsümün gedişində baş verdi. Biz də buna hazır deyildik. Həmin mövqeyə heç kimi götürmədik. Ötən mövsüm yaxşı anlaşma var idi. Biz onun yerinə nominal yarımmüdafiəçi oynadırıq. Transfer gözləyirik. Eyni profilli cinah futbolçusu aldıqdan sonra ola bilər ki, düzəlsin. Bu gün rəqib müdafiəsi arxasına açılmalar az idi. Asmalar vaxtı cərimə meydançasının içərisində kəskinlik, aqressivlik yox idi. Bunun üzərində işləmək lazımdır. "Sabah"a qarşı hamı elə oynayır ki, sanki həyatlarının ən vacib oyunlarıdır. "Turan Tovuz"un ötən turdakı oyunu ilə bugünkü matçını müqayisə edin. Ölməyə hazır idilər. Bütün rəqiblər bizə qarşı belə oynayır. Nəyə görəsə, "Sabah" hamı üçün əsas motivasiya mənbəyidir. Amma heç nə olmaz, sakitləşmək lazımdır. Yalnız işləməklə bunun öhdəsindən gələ bilərik.

- Ayaz Quliyev hansı formadadır və ondan gözləntiniz nədir?

- Forma yığmalıdır. O, çoxdandır ki, oynamır. İstəyirik ki, iki-üç il əvvəl parlaq çıxış edən Ayazı geri qaytaraq. Çox yüksək səviyyədə idi. O, bura gələndə motivasiyası yüksək idi, bura gəlməyi çox istəyirdi, komandamıza qoşulmaq niyyətindəydi. Milli komandalara görə verilən fasilədə işləyəcəyik. Çalışacağıq ki, fiziki durumunu yaxşı vəziyyətə gətirək. İnanıram ki, bizə kömək edəcək.

- O, Rusiyada "Ximki"də baş məşqçi ilə yola getmədi, insident yaşadı. Siz də çılğın, emosional insansız, Ayaz da. Çətin olmayacaq?

- Ümumi nöqtələr tapa biləcəyik. Hər futbolçunun öz xüsusiyyəti, xarakteri var. Güclü xarakterə malik insanlardan qorxmuram. Karyeramda çox olub belə insanlar. Hamısı ilə ortaq dil tapa bilmişik. İşləyəcəyik.

Digər Xəbərlər
Xəbər Lenti