Tərlan Əhmədovun "fart qorxusu"

25 Dekabr 2019 11:30 Şamaxı 922
Tərlan Əhmədovun "fart qorxusu"

Noyabrın 9-da “ASK Arena”da anşlaq olmalıydı. Klub rəhbərliyi stadionun yeni döşənmiş süni örtüyünü təmtəraqlı şəkildə qeyd etmək üçün maraqlı konsert proqramı planlaşdırmışdı ki, “Neftçi”ylə çempionat qarşılaşmasından əvvəl futbolsevərlərin üzü gülsün.

Lakin noyabrın əvvəlində əlverişsiz hava şəraitinə görə istəkləri baş tutmadı. Daha sonra noyabrın 30-nu nişan verdilər. 13-cü tur çərçivəsində keçirilməli olan “Sumqayıt”la qarşılaşma “ASK Arena”da baş tutmalıydı.

Bu dəfə də xəbər çıxmadı, klub rəhbərliyinin arzusu ürəyində qaldı. Təxirəsalmanın yenə hava şəraitinə görə olduğunu zənn edib, örtüyün tam özünə gəlmədiyini düşünüb, nəhayət, “Keşlə”nin özünə doğma olan stadionda dekabrda ev oyununu keçirəcəyini ehtimal edirdik.

“Qırmızılar” ölkə kuboku çərçivəsində “Qarabağ”la ev oyunu üçün də Bayıldakı “ASCO Arena”nın qapısını döydü. Halbuki arena da hazır idi, yeni döşənmiş qazon da.

Bu dəfə kim, ya da nə mane oldu? Dekabrın 20-də “Keşlə” – “Qarabağ” görüşünün Heydər Əliyev prospektindəki arenada keçirilməsini kim əngəllədi? Açılış nə vaxta nəzərdə tutulub?

Klubun mətbuat katibi Murad Axundov “Futbol+“ qəzetinə açıqlamasında iddia edib ki, stadionun cari mövsüm üçün açılışı noyabrın 9-na nəzərdə tutulmuşdu:

“Hətta yüksək hazırlıq işləri də görülmüşdü. Sadəcə, həmin dönəmdə fasiləsiz yağışların yağması işlərin ikihəftəlik dayanması ilə nəticələndi. Noyabrın 25-26-da qazon tam hazır idi, hətta komanda yeni örtükdə məşq də etmişdi.

Və buna görə də “Sumqayıt”la matçın “ASK Arena”da keçirilməsini istəyirdik. Bir neçə məşqdən sonra futbolçular qazonun yeni döşəndiyinə görə narahat olduğunu bildirdilər. Örtük bir müddət daranmalıydı, belə deyim, müəyyən mənada qulluğa ehtiyac vardı.

Ona görə də “Neftçi” və “Sumqayıt”ı “ASK Arena”da qəbul etmək mümkün olmadı. Bir oyunumuz qalmışdı, “Qarabağ”la kubokun cavab matçı. Həmin qarşılaşmanın doğma meydanımızda baş tutmamasının səbəbi isə “ASK Arena”nı sifariş etməməyimizlə bağlıydı.

Kubokun püşkatmasından sonra ev stadionu sifariş verəndə son durumun necə olacağını dəqiq bilmədiyimiz üçün riskə getməyib “ASCO Arena”nı göstərmişdik. Bu səbəbdən “Qarabağ”ı da Bayılda qəbul etdik.

Artıq heç bir problem qalmayıb. Qazon ideal vəziyyətdədi və tam hazırdı. Komanda noyabrın sonlarından bu yana bütün məşqləri yeni döşənmiş örtükdə edib. Mövsümün ikinci yarısı fevralın 2-də başlayır ki, ilk oyunumuz səfərdə “Qəbələ”yə qarşı olacaq.

Ayın 8-də “Səbail”i qəbul edəcəyik. Məhz həmin oyun “ASK Arena”da baş tutacaq. Konsert proqramı? Bu haqda hələ ki heç bir məlumat yoxdu. Hava şəraitinə və mövcud vəziyyətə baxandan sonra qərar veriləcək”.

Təəssüf ki, klubun sözçüsü əsl həqiqəti yenə gizlədib. Sportinfo.az-ın məlumatına görə, “Keşlə“nin “ASK Arena”ya qayıdışının yubanması Tərlan Əhmədovdan qaynaqlanır.

Baş məşqçi Müşahidə Şurasının sədri Zaur Axundovu inandıra bilib ki, “ASCO Arena“ onlara daha düşərlidir. İdmanda “fart“a inanan biri kimi tanınan Əhmədov iddia edib ki, “AKS Arena“ya dönüş futbolçuların əhval-ruhiyyəsini korlayacaq, onlar buradan xoş xatirələrlə ayrılmayıb, çünki mistik “qara qüvvələr“in stadionda ruhu dolaşır.

Digər Xəbərlər
Xəbər Lenti