Tərlan Əhmədovun "stavka"sı

22 Dekabr 2019 13:38 Şamaxı 2 125
Tərlan Əhmədovun "stavka"sı

Bir neçə gün öncə "Keşlə"nin əsas komandasının məşqçisi Mehman Babayev və inzibatçı Asif Səfərov danışılmış oyunlarla bağlı aparılan araşdırmalar çərçivəsində hüquq-mühafizə orqanlarına dəvət olunub,.

Adıçəkilən şəxslər 2017-ci ildə “Binə” dəki fəaliyyətlərinə görə izahat veriblər. “Keşlə” bəyan edib ki, aparılan araşdırmaların onlara heç bir aidiyyatı yoxdur:

“Klubumuz idman oyunlarının nəticələrinin manipulyasiyasında iştirak edən şəxslərin əməllərini pisləyir və layiqli şəkildə cəzalandırılmalarını, futbolunun inkişafı istiqamətində atılan addımları yüksək qiymətləndirir".

AFFA danışılmış oyunlarla bağlı araşdırmalara 2017-ci ilin əvvəlindən başlayıb. Həmin vaxt futboldan ömürlük uzaqlaşdırılan "Neftçi"nin məşqçi-metodisti Ağakişi Mehdiyevin etirafları isə vəziyyətin daha kritik olmasını göstərirdi.

“Bobo” ləqəbli bu şəxs danışılmış oyunlarda əli olan adamların adlarını çəkmişdi və gözləmək olardı ki, hadisənin miqyası daha da genişlənəcək. Araşdırmalar düzgün davam etsəydi, nəinki məşqçi və futbolçular, bir sıra klub funksioneri, AFFA əməkdaşı, hətta futboldan kənarda olan bəzi adamların da başı ağrıyacaqdı.

Çünki Mehdiyevin təqdim etdiyi siyahıda bu məsələdə əlaqəli olan 20-dən çox şəxsin adı vardı. Bildiyimizə görə, AFFA hazırda da hüquq-mühafizə orqanları ilə bu məsələləri ciddi araşdırıır.

“Bobo”nun siyahısından sonra məsələlərin bir ucu “Səbail”ə gedib çıxırdı. Lakin AFFA rəhbərliyi sevimli klubunu olaylardan kənar saxlamaq üçün bəzi araşdırmaların üstündən keçmək istəyir.

Nəticə məlum olan kimi cəzalananlar siyahısına əlavə ediləcək insanları hamımız tanıyacağıq. İndi AFFA-nın da ehtiyat etdiyi məqamlar var. Cəmşid Məhərrəmovun saxlanılması, ardınca 28 nəfərin futboldan ömürlük uzaqlaşdırılması, əslində, təhlükənin miqyasını göstərmir. Mövcud siyahı medalın görünən üzüdür. "Aysberq"in o biri tərəfində isə çoxlu sirrlər yatır. Hələlik "xırda balıqlar" suyun üzündədir, "okean"ın dərinliyində isə böyük "akulalar" gizlənir.

2017-ci il, noyabrın 29-da "Keşlə"nin 2 futbolçusu – Nizami Hacıyevlə Mirhüseyn Seyidov tutuldu. Paytaxt təmsilçisi o zaman 6 oyununun "stavka"ya qoyulmasından şübhələndiyini mətbuata açıqlamışdı. Sabiq "bankirlər" izə "Neftçi"yə 1:3 hesabıyla uduzduqları matçdan sonra düşmüşdü. Həmin vaxt "Neftçi"nin baş məşqçisi Tərlan Əhmədov idi və adları çəkilən 2 futbolçu ona yaxınlığı ilə bilinirdi. Taleyin gərdişindən 10 ay sonra Əhmədov "Keşlə"nin sükanı arxasına keçdi və bu, aydın səmada şimşək effekti verdi. Adın Hacıyevlə Seyidovun işində hallansın, maraqlı tərəf kimi göstəriləsən, sonra da gəlib ittiham edən tərəfin özüylə anlaşasan… Nəsə, Əhmədov o arada sudan quru çıxa, başının üzərinə toplaşmış qara buludları birtəhər dağıda bildi.

Bu gün isə… 2017-ci ildə hüquq-mühafizə oranlarının şübhəlilər siyahısına düşmüş "Bobo", eləcə də, günlər öncə izahat yazmağa çağırılan Səfərovla Babayev Əhmədovun yaxın çevrəsinə daxildir. O, "Neftçi"də çalışdığı dönəmdə Səfərovu klubun akademiyasına koordinator vəzifəsinə təyin etdirmiş, bununla bağlı keçirilən iclasda "Asif mənim "sağ əlimdir" ifadəsini işlətmişdi. Düzdür, qismət elə gətirdi ki, 2018-ci ilin fevralında "Neftçi"nin rəhbərliyi dəyişdi, Orxan Hüseynzadə və adamları vəzifələrini tərk etdi, yerinə Kamran Qulyev cəlb olundu. Yeni prezident isə işə baş məşqçiyə bağlı kadrları vəzifədən uzaqlaşdırmaqla başladı, onlardan biri də Asif idi.

Babayevə gəlincə, o, vaxtilə AZAL-dan rüşvət ittihamı ilə göndərilib. Şüvəlan təmsilçisinin akademiyasında çalışan məşqçi uşaqların valideynlərindən pul alması iddiası əsasında iş yerindən kənarlaşdırılmışdı və bu haqda gedən xəbərləri hələ də elektron medianın "arxiv"indən tapmaq mümkündür.

Necə sirr-xudadırsa, Babayev 2017-ci ilin yayında bir də – bu dəfə yeni yaranan "Binə"də peyda oldu və Əhmədovun sayəsində komanda qurdu. "Binə"yə yığılan futbolçuları şəxsən Tərlan bəyin özü seçirdi və sonradan "Neftçi"yə keçəndə də bir əli onların üzərində idi.

Əhmədov 2018-ci ilin əvvəlində Babayevi "ağ-qaralar"ın düşərgəsinə cəlb etdi, özünə köməkçi götürdü. O vaxtadək bəlkə də çoxları Mehman Babayev adlı məşqçinin varlığından xəbərsiz idi. Belə alındı ki, Əhmədov 2018-ci ilin payızında "Keşlə"yə keçdi, bir neçə ay sonra isə onu yenidən texniki korpusuna daxil elədi.

Doğrudur, ötən müddət ərzində onların münasibətlərində bir neçə dəfə soyuqluq yaranıb, hətta bir-birlərindən küsüblər, ancaq yenə də yolları ayrılmayıb, son günə kimi bir yerdə olublar.

Bütün bunları analiz elədikdə, belə bir sual qarşıya çıxır - həqiqətənmi, sağ və solunda, hər gün bir yerdə olduğu insanlar Əhmədovda heç bir şübhə yaratmayıb? Axı bu, heç də inandırıcı görünmür və deməli… Araşdırmanın əhatə dairəsi bir qədər də genişləndirilsə, yəqin ki, bu sualın doğru cavabı tapılacaq.

İlkin VAQİFOĞLU

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!