"Niyə də milliyə dəvət edilməyim?"

26 Noyabr 2019 18:49 Şamaxı 775
"Niyə də milliyə dəvət edilməyim?"

“Keşlə”nin kapitanı Slavik Alxasov Sportinfo.az-a müsahibə verib:

-“Zirə" ilə matçdan məğlub ayrıldınız. Sanki oyuna istəksiz çıxmışdınız. Məğlubiyyətin səbəbi nədir?
- Deməzdim ki, istəksiz idik. Sadəcə belə alındı ki, uduzduq.

- İlk yarıda üç qol buraxdınız. İlk iki qol da oyunun əvvəlində oldu.

- Biz özümüz də bu cür olacağını gözləmirdik. Birinci hissədə 3 top buraxacağımızı gözləmirdik. Oyuna həmişəki kimi hazırlaşmışdıq. Sadəcə erkən qollar buraxdığımıza görə işimiz çətinləşdi.

- Belə güman olunur ki, “Neftçi” üzərində qələbə “Keşlə”də eyforiya yaratmışdı”.
- “Neftçi” ilə oyun 15 gün qabaq olmuşdu. Həmin matçı artıq unutmuşduq. Sadəcə oyunumuz alınmadı. Bu cür oyunlar çox olur. “Zirə” ilə görüşdən dərs çıxarmalıyıq. “Zirə” bizdən üstün oynadı və 3 xal qazandı.

- İkinci yarıda da oyununuz alınmadı.
- İkinci hissə başlayan kimi qırmızı vərəqə aldıq, bir nəfər azlıqda qaldıq. Bundan sonra artıq dönüş yaratmaq çətin idi.

- “Zirə”yə məğlubiyyətdən sonra komanda üçüncü pilləyə düşdü. Halbuki "Qarabağ"la aranızdakı xal fərqini 5-ə endirə bilərdiniz.

- Qarşıdakı oyunları maksimum nəticə ilə başa vurmaq istəyirik. Əsas məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır. Çempionatın sonuna çox var, sona qədər vuruşacağıq.

- Növbəti turda rəqibiniz “Sumqayıt”dır. Evdə onları məğlub edə biləcəksiniz?
- “Sumqayıt” yaxşı futbol nümayiş etdirir. Yaxşı kollektivdir, sona qədər mübarizə aparırlar. Ancaq biz nəticə üçün meydana çıxacağıq. “Sumqayıt”la görüşdə bizi yalnız üç xal qane edəcək.

- Nikola Yurçeviç bir müddət əvvəl deyib ki, "Slaviki bəyənirəm, ola bilər gələn toplanışlarda milliyə dəvət edilsin".
- Milliyə düşmək özümdən asılıdır. Yaxşı çıxış etsəm, bütün oyunlarda gücümü tam meydanda qoya bilsəm, niyə də milliyə dəvət edilməyim? Özümə çox inanıram.

Mirbağır CƏFƏRLİ

Digər Xəbərlər
Xəbər Lenti