"APOEL-lə oyunda da erməni bayraqları var idi, oxşar hadisələr olmuşdu" - Rəşad Sadiqov

5 Oktyabr 2019 20:02 Şamaxı 546
"APOEL-lə oyunda da erməni bayraqları var idi, oxşar hadisələr olmuşdu" - Rəşad Sadiqov

"Keşlə"nin təcrübəli futbolçusu Rəşad Sadiqov Sportinfo.az-a müsahibə verib:

- Səncə, iki xalı “Keşlə” itirdi, yoxsa “Sumqayıt”?
- Ədalətli nəticə oldu. Düzdür, iki komandanın ifasında gözəl futbol olmasa da, meydanda əsl mübarizə getdi. "Sumqayıt" da bizim kimi qaçan komandadır. Məhz buna görə heç-heçəni ədalətli nəticə hesab edirəm.

- "Keşlə”nin bir xala razı olduğu görünürdü. Sumqayıta bir xal üçün gəlmişdiniz?
- Xeyr, bir xal üçün gəlməmişdik. Oyundan əvvəl hamımız üç xala köklənmişdik. Sadəcə oyun elə alındı ki, nəticə heç-heçə oldu. Düzdür, həm onların, həm də bizim qol epizodlarımız oldu. Ona görə də deyirəm ki, nəticə ədalətli idi.

- Birinci dövrədəki çıxışınızı necə dəyərləndirirsən?
- Pis deyil. Çünki hədəfimiz avrokuboklara vəsiqə qazanmaqdır. İndi ikinci pillədəyik. Birinci dövrəni ikinci pillədə başa vurmaq xoş olardı. Ancaq bu heç nə demək deyil. Çünki qarşıda üç dövrə var. İndidən gülmək olmaz, çalışmalıyıq ki, sonda gülən tərəf biz olaq, avrokuboklara vəsiqə qazanaq.

- Qarşıda iki həftəlik fasilə var. Səncə, bu komandaya mənfi təsir edəcək, yoxsa müsbət?
- Onu öncədən demək olmaz. Ola bilər ki, komandamız iki həftəlik fasilədən sonra daha yaxşı oynayaq. Yəni fasilə komandaya yaxşı da təsir edə bilər, pis də. Hər şeyi zaman göstərəcək. Amma indi komandamız oyunları yaxşı oynayır.

- Qarşıda milli komandamızı qrup mərhələsində Macarıstana qarşı oyun gözləyir. Bu haqda hansı fikirdəsən?
- Millimiz çətin qrupa düşüb. Buna baxmayaraq, yığmamız sona qədər mübarizə aparacaq. İnşallah yığmamız xallar toplayar.

- "Qarabağ”ın sabiq oyunçusu kimi “Düdelanj” – “Qarabağ” oyununda baş verən erməni təxribatına necə şərh verəcəksən?
- “Qarabağ” və AFFA rəhbərliyi məsələ ilə bağlı bəyanət veriblər. Hamı da hər şeyi görüb. Bu ermənilərin yeni yox, növbəti təxribatıdır. “Neftçi”nin heyətində APOEL-ə qarşı oynadığımız oyunda da erməni bayraqları var idi, oxşar hadisələr olmuşdu. "Qəbələ”nin heyətində ilə Tbilisidə “Dinamo”ya qarşı oynayanda da buna oxşar hadisə olmuşdu. Deməyim odur ki, bunlar ermənilərə məxsus şeylərdir, buna başqa ad vermək olmaz.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!