"Həmin səhvləri təkrarlamaq istəmirik" MÜSAHİBƏ

1 Oktyabr 2019 21:10 Şamaxı 379
"Həmin səhvləri təkrarlamaq istəmirik" MÜSAHİBƏ

“Keşlə”nin kapitanı Slavik Alxasov Sportinfo.az-a müsahibə verib:

- Son turda "Zirə" üzərində qələbə qazandız. Oyun istədiyiniz kimi alındı?
- Bilirdik ki, “Zirə”yə qarşı oynamaq çətin olacaq. Əsas rəqiblərimizdən biri də bu komandadır. Həftə ərzində ciddi hazırlaşdıq və bəhrəsini gördük.

- Hazırda turnir cədvəlində 3-cü yeri tutursuz. "Keşlə" liderlər sırasında qala biləcək?
- Çempionat başlayanda bizə demişdilər ki, məqsədimiz ilk “üçlüy”ə düşməkdir. Hələ mövsümə yeni start verilib. İstəyirik ki, bütün oyunlarda maksimum xal toplayaq və “üçlük”də qalaq.

- Komandanız ötən mövsüm uğursuz çıxış etdi, çempionatı axrıncı yerdə başa vurduz. Bu dəfə Premyer Liqada yaxşı start götürmüsünüz. Cari mövsümdə irəliləyiş var, yoxsa çempionat zəifləyib?
- Uğursuzluq keçmişdə qaldı. Həmin səhvləri təkrarlamaq istəmirik. Çempionatın bütün oyunları gərgin keçir, Premyer Liqanın zəiflədiyini demək olmaz.

- Növbəti tur rəqibiniz "Sumqayıt"dır. Vaxtilə çıxış etdiyin komandanı səfərdə məğlub edə biləcəksiniz?
- Çətin oyun olacaq. Ciddi rəqibə qarşı mübarizə aparacağıq. “Sumqayıt” bütün oyunlarda sonadək vuruşur. Sürətli futbolçuları var. Amma ciddi hazırlaşırıq və uğurlu nəticə əldə etmək istəyirik.

- "Qarabağ" 6 oyundan sonra 100 faizlik nəticə göstərib və ən yaxın izləyicisini 8 xal qabaqlayır. Bu mövsüm Ağdam klubuna ciddi müqavimət göstərə bilən olacaq?
- “Qarabağ” güclü komandadır. Bütün oyunlarda rəqiblərini rahat üstələyirlər. Onlarla mübarizə aparmaq çətindir. Ancaq futbolda hər cür nəticə olur. İndiki vəziyyətdə çempionluğa əsas namizəd “Qarabağ”dır. Bu mövsüm ilk oyunda onlara uduzmuşduq. Amma "Qarabağ”la növbəti qarşılaşmaya qədər hələ çox görüşümüz var. Hazərda diqqətimizi qarşıdakı matçlara yönəltmişik.

- Çoxdandır milli komandaya dəvət almırsan. Turnir cədvəlindəki mövqeyiniz də pis deyil. Yurçeviçdən milliyə dəvət gözləyirsən?
- Milli üçün oynamağa hər zaman hazıram. Dəvəti hər zaman gözləyirəm. Amma bu, Nikola Yurçeviçin işidir. İstənilən halda məşqçinin fikrinə hörmətlə yanaşıram.

Mir BAĞIR

Digər Xəbərlər
Xəbər Lenti