"Neftçi"nin SOCAR kimi sponsoru var" - "Başqa nə lazımdır?"

22 Sentyabr 2019 23:43 Şamaxı 629
"Neftçi"nin SOCAR kimi sponsoru var" -

"Uduzsaq, faciə olardı. Ancaq oyuna qədər bizə desəydilər ki, "Neftçi" ilə heç-heçə edəcəyik - bu nəticə bizi qanə edərdi".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Keşlə"nin hücumçusu Ruslan Qurbanov Premyer Liqanın V turunda səfərdə "Neftçi" ilə qolsuz bərabərlikdən sonra jurnalistlərə açıqlamasında deyib. Əvvəlcə qarşılaşma ilə bağlı fikirlərini bölüşən futbolçu daha sonra suallarını cavablandırıb.

"Neftçi"nin üzərində təzyiq var. Onlar qalib gəlmək istəyirlər. "Qarabağ" istisna olmaqla, "Neftçi" bütün matçlarda favorit olur. Biz də yaxşı oynadıq, ancaq hardasa bəxtimiz gətirmədi. Rəqib də fərqlənə bilərdi. Əsas odur ki, 1 xal qazandıq. Bu xal sonra bizə lazım olacaq".

- Xeyli qol imkanınız olsa da, reallaşdıra bilmədiniz. Problem nədədir?

- Bir az bəxtimiz gətirmədi. Çox çalışmalıyıq. Belə də edəcəyik. Yəqin, bu gün bizim günümüz deyildi. Ona görə də vura bilmədik. Hərçənd "Qarabağ" istisna olmaq, bütün komandalara qol vurmuşuq. Müdafiədə gözləyib, "Neftçi"ni əks-hücumlarda tutmaq istəyirdik. Ancaq alınmadı. Yaxşı ki, rəqib oyunçu ilk yarıda qırmızı vərəqə aldı. Bundan sonra bir qədər asan oldu.

- Əvəzlənməyinizi özünüz istədiniz. Zədə ciddidir?

- Xeyr, yüngül zədə aldım. Topuğumda zədə var. Təmas oldu, yenə ağrı yarandı.

- "Neftçi"ötən mövsümdəki kimi çıxış etmir.Digər klubların isə gücü ortadadır. Demək olar ki, "Qarabağ" asanlıqla çempion olacaq?

- "Qarabağ" sabah "Zirə"yə qalib gəlsə, "Neftçi" ilə aradakı fərq 10 xala yüksələcək. Onlara çatmaq çətin olacaq. Çünki sabit çıxış edirlər, tələsmirlər. Birini vururlar, vəssalam, nəticəni düşünürlər. İndidən "Qarabağ"ın çempion olduğunu deməzdim. Futbolda hər şey mümkündür. Bəlkə, kimsə onlarla mübarizə aparacaq. "Neftçi" və ya "Zirə" olsun. Bütün rəqiblərə hörmətlə yanaşırıq. Hamısına uğurlar arzu edirəm.

- "Neftçi"nin sabiq futbolçusu kimi komandanın qeyri-stabil çıxışının səbəbini nədə görürsünüz?

- "Neftçi" Avropa Liqasında Rusiya "Arsenal"ın qarşı ən yaxşı oyunlarını göstərdi. Ancaq daha sonra İsrail komandasına uduzdular. Ola bilər ki, ondan sonra psixoloji problem oldu. "Neftçi"nin futbolçularını, rəhbərliyi tanıyıram. Onlar bütün matçlara qələbə istəyi ilə çıxırlar. Ona görə də qol vurmağa tələsirlər. Komanda hazırda "qara zolaq"dadır. İki oyunda qalib gəlsələr, hər şey qaydasına düşəcək. Onları yaxşı heyəti, futbolçuları, SOCAR kimi sponsoru var. Başqa nə lazımdır?

Digər Xəbərlər
Xəbər Lenti