Cavid Hüseynovumu istefaya göndərmək, yoxsa..?

19 Sentyabr 2022 14:00 Şamaxı 1 054
Cavid Hüseynovumu istefaya göndərmək, yoxsa..?

Bu mövsüm Premyer Liqada qalmaq «Şamaxı» üçün ən böyük uğur sayılacaq.

Əgər bacarsalar, elə fərz eləsinlər ki, çempionluq titulunu qazanıblar. Missiya bu qədər ağır və ciddidir.

«Kəpəz» sonuncu pilləni tutmamaq uğrunda yarışmada «Şamaxı»nın əsas rəqibidir. Və son hesabat həftəsində ona da uduzdular.

6 xallıq qarşılaşmada meydanı başıaşağı tərk eləyən «Şamaxı»nın rəhbərliyi təcili toplanmalıdır. Bir araya gəlməli, çıxdıqları yola təkrar boylanmalı, bəzi yeni qərarlar almalıdırlar.

Bu, bu günün məsələsidir, sabaha saxlamasınlar, yoxsa gec olacaq.

Yanaşma qalmalı, prinsiplər və strategiya dəyişməlidir. Bəllidir ki, yaxşı/ortabab hesab olunan yerli futbolçuların hamısı başqa-başqa klublardadır.

Heç birini buraxmazlar. Nə alqı-satqı, nə də icarə yolu ilə. «Şamaxı»nın onları qane edəcək pul-parası da yoxdur zatən.

«Turan Tovuz»dan nümunə götürsünlər, az məbləğə legioner tapsınlar. İki-üç belə əcnəbi futbolçu «ov»laya bilsələr, yeni ildən sonra nəyəsə ümid etmək olar.

Əks halda, Cavid Hüseynovu saxlayıb-saxlamamaq müzakirə mövzusuna çevrilməməlidir. İndi getdi, bir ay sonra getdi, «Şamaxı» bununla ağ günə çıxmayacaq.

Mövcud durumda baş məşqçi amili nisbidir. Nə qədər demək olar, strategiya dəyişməsə, o postda kimin əyləşib-əyləşməməsi əhəmiyyətsizdir.

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti