Hər şey var, çox şey yox – Bu komandanın bəlası

12 Sentyabr 2022 17:40 Şamaxı 547
Hər şey var, çox şey yox – Bu komandanın bəlası

Premyer Liqada qalmaq uğrunda mübarizənin potensial iştirakçılarının adları ilk turlardan bəllidir.

Bu siyahıya daxil olan «Sumqayıt»la «Şamaxı»nın qarşılaşması böyük maraq doğururdu və 90 dəqiqə proqnozlaşdırılan məcrada keçdi.

Əsas heyətə qayıdan Vüsal İsgəndərli penalti qazandı, iki əla fürsəti də qonaqlara bağışladı. Taktiki dəyişikliyə əl atan Aleksey Baqa hücumun sivri ucunda Vüsalın sürətinə güvəndi.

Müdafiənin arxasına atılan hava ötürmələrinə açılmalı olan Vüsalı, təəssüf ki, atletika üzrə yığmanın məşqçiləri iş başında izləmədi.

İnandırım sizi, həmin mütəxəssislərdən biri «Kapital Arena»ya təşrif buyursaydı,

tribunada yerindən qalxıb «evrika» qışqırar, onu böyük məmuniyyət hissi ilə milliyə dəvət edər, ertəsi gün gül-çiçəklə təqdimat mərasimi keçirərdilər.

Bu adamlara görə heyfsləndim. Vüsal, doğrudan da, atletika komandamız üçün əsl tapıntıdır. Necə gəlib futbola düşüb, hansı üzlə ayda 8500 manat əməkhaqqı alır, bu, hələ də mənə sirr olaraq qalmaqdadır.

Gəlim, «Şamaxı»ya. Cavid Hüseynovun inadcıllığı xoşuma gəldi. O, israrla gənclərə təcrübə qazandırmaq istəyir.

Ən azı qışadək belə davam edəcək.

Geriyə baxmağa nə vaxtı var, nə də imkanı. Yola bu heyətlə çıxıb və qış fasiləsinədək dəyişiklik etmək kimi bir lyuksu yoxdur.

Sumqayıtda fiziki və taktiki planda hazırlıqlı «Şamaxı» izlədik. Yan və arxa ötürmələrdən az istifadə etməyə çalışdılar.

İki-üç pasla önə çıxmağa meyllənən «Şamaxı»lılar ikinci yarıda «Sumqayıt»ın müdafiə xəttini dəfələrlə yardılar, son vuruş həyacanını isə boğa bilmədilər.

Bəla elə budur da! «Şamaxı» faktiki olaraq hər matçda eyni problemlə üzləşir. Toplananların yeri dəyişəndə cəm dəyişmir.

Cavid Hüseynov demək olar bütün futbolçulara şans tanıyır, amma heç biri rəqib qapısının torunu tanıya, ora düşə bilmir. Premyer Liqa çapında yarımştat oyunçu olduqlarından.

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti