Cavid Hüseynov yeni təyinata qarşı çıxıb? - "“İnanın Allaha..."

25 İyul 2022 23:00 Şamaxı 1 712
Cavid Hüseynov yeni təyinata qarşı çıxıb? - "“İnanın Allaha..."

Rüstəm Əliyev öncə “Şamaxı”ya baş məşqçi təyin olunmuşdu.

Amma yeni rəhbərlik gəlincə onunla yolların ayrılması qərara alındı.

Ortada birillik rəsmi müqavilə olması onunla müəyyən razılaşma olmasını labüd edirdi.

Əks halda, təsminat ödəmək lazım gələcəkdi. Belədə Əliyevlə məşqçilər korpusunda qalıb, köməkçi kimi çalışması ilə bağlı anlaşma əldə edildi.

Amma nədənsə gənc mütəxəssis komandanın “Turan Tovuz”la baş tutan ilk yoxlama oyununda gözə dəymədi. Özü ilə söhbətdə bunun izahını “rəhbərlik Bakıda iş tapşırıb” – deyə bildirmişdi.

İndi isə mətbuatda qeyri-rəsmi olaraq bölgə klubunun çalışdırıcısı hesab olunan Cavid Hüseynovun Rüstəm Əliyevin təyinatından narazı olduğu və məşqçilər korpusunda onu görmək istəməməsi ilə bağlı iddialar var.

Yaranmış duruma aydınlıq gətirmək üçün yenidən çalışdırıcı ilə əlaqə saxladıq. Əliyev Sportinfo.az-a açıqlamasında bunları dedi:

“İnanın Allaha, belə bir söz-söhbət olmayıb. Hər şey qaydasındadır. Bəli, mən işimin başındayam.

"Kəpəz"lə sonuncu yoxlama oyunundan əvvəl işə başlamışam. Bakıda müəyyən işlər tapşırılmışdı və onlarla məşğul idim.

Cavid Hüseynovla da görüşümüz, söhbətimiz olub. Aramızda heç bir narazılıq olmayıb. Sonuncu yoxlama oyununda da məşqçilər korpusu ilə bir yerdə olmuşuq”.

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti