Palçığa batan Qurbanov

29 Noyabr 2021 09:40 Şamaxı 868
Palçığa batan Qurbanov

Ötən mövsüm ölkə kubokunu qazanan «Keşlə»nin Premyer Liqada işləri indi də qaydasında getmir.

Sabiq «bankirlər» 12 tura cəmi 10 xal toplayıb və turnir cədvəlinin 7-ci pilləsində məskunlaşıb.

Sənan Qurbanovun komandası 8-ci məğlubiyyəti «Sabah»dan aldı. «Keşlə» ilk hissədə buraxdığı iki qolla Masazırdan məyus döndü.

Uğursuz oyunlar seriyasının davam etməsi Qurbanovu təbdən çıxarıb. Baş məşqçi bu dəfə də futbolçularına qəzəblənib, hətta onların ünvanına motivi şübhə doğuracaq bəzi iradlar səsləndirib:

"Oyuna yaxşı hazırlaşmışdıq. Lakin ilk 45 dəqiqədə təəccübləndim, futbolçulara yaraşmayan ssenaru var idi. Rəqibin qol epizodları var idi.

İkinci hissədə isə ciddi tapşırıq verdik ki, sadəcə, qaçsınlar. Bir qol vursaq da, məğlubiyyətdən xilas ola bilmədik. Qaçmamaq bizə problem yaratdı. Çalışacağıq ki, səbəbini tapaq".

41 yaşlı mütəxəssis pressinq edə, güclərini meydanda qoya bilmədiyini söyləyib: "Deməzdim ki, qəsdən belə etdilər. Səbəbi mənə də müəmmalıdır. Buna video-analizlərdən sonra qərar verəcəyik".

Qurbanovun sözlərinə görə, "Keşlə"nin hazırkı durumu yalnız döyüşkənlik tələb edir. Onun fikrincə, meydanda can qoymaq lazımdır:

"Bu vəziyyətdən çıxmaq üçün yalnız palçıq qarışdırmalıyıq. Çünki son pillələrdə gedirik. Sonradan futbol oynamağa başladıq. Bəlkə də komandada lider yoxdur.

Sadəcə, ilk 45 dəqiqədə futbolçularımızın qaçmamaqlarına təəccübləndik. Bununla özümü kənara çəkib futbolçuların üzərinə yıxmaq fikrində deyiləm".

Baş məşqçi belə açıqlamalarla futbolçuları özü əleyhinə qaldıracağı ilə razılaşmayıb:

"Bundan pis nə ola bilər ki? Günah varsa, hamınındır. Hazırda uduzan tərəf mənəm və bütün məsuliyyət də üzərimizə düşür.

Axırıncı yerdə gedən futbolçuya haradan təklif gələ bilər? Hələ bilmirik ki, çempionatda komanda artacaq, ya yox. Sonda gedən komandanın futbolçusu öz karyerasına zərbə vurur".

Bu açıqlamanın davamı gələcək. Cavab sırası artq kollektiv üzvlərindədir. Çünki Qurbanov mətbuatda səsləndirdiyi sərt fikirlərin futbolçuları onun üstünə qaldıracağına inanmır.

Əlində hardasa əsas var: axı «Neftçi» ilə ilk dövrədəki matçdan sonra da eyni səpgili çıxışla gündəmə gəlmişdi. Onda da böyükhesablı məğlubiyyətin təsiri altında öz komandasını «ağ yuyub, qara sərmiş», xüsusən legionerləri «topa tutmuşdu».

Həmin vaxt aranı klub rəhbərliyi sakitləşdirmişdi. Hər iki tərəfi söhbətə çəkib, barışığa nail olmuşdular. Bu gün isə çətin ki, eyni addımı atmağı təkrarlamağı istəsinlər.

Artıq rəsmilər də yorulub. Sezon əldən çıxır, üstəlik, klubun da əldən çıxmaq təhlükəsi var. «Keşlə»nin «Şamaxı»laşmağa doğru getməsi onların da buradan ayrılacağı günü yaxınlaşdırır,

Avrokuboklara vəsiqə qazanılmalıdır ki, AFFA «Keşlə»ni başqa şəxslərin çətiri altına keçirməsin. Sənan Qurbanova görə bu boyda riskə getməzlər.

Çünki baş məşqçi futbolçularla arasını çox soyudub, demək olar bütün «körpüləri yandırıb». Ağızdan çıxan sözü geri qaytarmaq olmur.

Bu, ox kimi bir şeydir, onu atıb, yayı gizlətmək qeyri-mümkündür. Məsələyə başqa prizmadan yanaşaq: Qurbanov tək, oyunçular çoxdur.

Klub idarəçiləri hər dəfə onlar arasında vasitəçi olmağa, «qızıl orta»nı tapmağa borclu deyil. Gərək Qurbanovu bunu başa düşsün, əsəbinin «ip»ini bir balaca yığsın, «Keşlə» rəhbərliyindən onun xahişini edənləri də nəzərə alsın.

Bəllidir ki, o, hansısa uğuruna, bacarığına görə bura dəvət almayıb. Xahiş-minnətlə işə götürülüb. Həmin insanlar olmasaydı, Qurbanov bir neçə ay əvvəl «Keşlə»dən uzaqlaşdırılacaqdı.

Əlbəttə, Qurbanov üzr istəməlidir indi. Bunu ictimai formada etməlidir özü də. Futbolçuları başqa cür sakitləşdirmək çətin olar: axı nəvaxtadək tənqidə məruz qalacaq, aşağılanacaqlar?

Hər hansı komanda uğursuz çıxış edirsə, meydanda mübarizə aparmırsa, Qurbanovun təbirincə söyləsək, topun arxasınca qaçmırsa, bunun səbəbini meydandan kənarda, paltardəyişmə otağında, gündəlik hazırlıq prosesində, şəxsi münasibətlərdə axtarmaq lazımdır.

Qurbanov istər futbolçu olanda, istərsə də məşqçi həyatına atılandan sonra o qədər təcrübəli isimlərlə çalışıb, amma görünür, onlardan heç nə öyrənməyib.

Məşqçinin ən güclü «silah»ı, ona avantaj gətirən cəhəti danışıq qabiliyyəti, ünsiyyət yaratmaq bacarığıdır. Ən ali dərəcə sayılan «Pro» kateqoriyasında da 8 əsas meyardan biri kimi buna önəm verilir.

Sənan Qurbanov hələ ora gedib çatmayıb, neçə ildir «A» lisenziyası ilə gəzir. Deyəsən, ürəyindən yenə gəzmək keçir. Bu dəfə ayrı-ayrı vəzifə sahiblərinin qapısı ağzında.

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti