Azərbaycanda adını dəyişən klubun yeni sponsorları...

12 Noyabr 2021 13:00 Şamaxı 1 436
Azərbaycanda adını dəyişən klubun yeni sponsorları...

Yeni ildən “Şamaxı“FK adı altında fəaliyyətini davam etdirəcək “Keşlə“nin rəhbərliyində dəyişiklik olacağını xəbər vermişdik.

AFFA hazırda bununla bağlı müvafiq işlər görür.

Yenilik klubun Bakıdan Şamaxıya köçürülməsi ilə əlaqədardır.

Redaksiyamıza məlum olub ki, dəyişiklik bu ilin sonuna planlaşdırılıb. Təşkilati məsələlər uzansa, proses gələn ilin yanvar-fevral, ən uzağı isə may-iyun aylarınadək çəkə bilər.

“Şamaxı“ yerli İcra Hakimiyyətinin himayəsi altında fəaliyyət göstərəcək. Rayonun icra başçısı Tahir Məmmədov klubun saxlanılmasında yaxından iştirak edəcək.

Onun göstərişi ilə bir neçə yerli iş adamı, həmçinin şirkətlə sponsorluğa dair danışıqlar başlayıb və artıq qısa müddətdə müsbət nəticələr əldə olunub.

Bölgələrdə futbolun inkişafına dəstək, stadionun səmərəli və müntəzəm şəkildə istismarı, azarkeş marağının artırılması məqsədilə "Keşlə"yə "Şamaxı" adı altında eyniadlı şəhəri təmsil etməsi təklif olunub.

Bununla əlaqədar klubun Müşahidə Şurasının iclası keçirilib. Burada AFFA-nın təklifi müzakirə olunaraq, müsbət dəyərləndirilib.

Məsələ ilə bağlı hüquqi prosedurlar başa çatdıqdan sonra 2022-ci ildə "Keşlə" FK-nın adının dəyişdirilərək, "Şamaxı" Futbol Klubu adlandırılması və ev oyunlarını Şamaxı şəhər stadionunda keçirməsi qərara alınıb.

"Şamaxı" FK-nın "Keşlə" Futbol Klubunun hüquqi varisi hesab olunması üçün AFFA və "Keşlə" FK tərəfindən müvafiq qaydada UEFA-ya müraciət olunacaq və yalnız bu məsələ müsbət həllini tapdıqdan sonra müvafiq dəyişikliklər həyata keçiriləcək.

"Keşlə" FK-nın aşağı yaş qruplarından ibarət komandaları və akademiyası 2022-ci ilin sonuna qədər Bakıda fəaliyyətini davam etdirəcək.

2200 nəfər azarkeş tutumu olan Şamaxı şəhər stadionu UEFA-nın və AFFA-nın maliyyə dəstəyi ilə inşa edilib və UEFA-nın ikinci kateqoriyalı sertifikatına malik olacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti