"Xanımım məni olduğum kimi qəbul edib, mən də onu olduğu kimi"

11 Sentyabr 2021 11:00 Şamaxı 1 107
"Xanımım məni olduğum kimi qəbul edib, mən də onu olduğu kimi"

Konfrans Liqasında uğursuzluqla üzləşən “Keşlə”nin çempionatdakı işləri də qaydasında getmir.

“Qırmızılar” hər 2 oyunu məğlub başa vurmaqla turnir cədvəlinin “quyruğunda” qərarlaşıb.

Belə vəziyyətdə komandanın aparıcı futbolçularından biri ilə söhbətləşmək zərurəti yaratmışdı ki, müsahib kimi Anatoli Abanqı seçdik.

Bir müddət öncə azərbaycanlı xanımla ailə quran hücumçu Sportinfo.az-a inamlı açıqlamalarla yadda qaldı.

- Özünü necə hiss edirsən? Üç həftəlik fasilənin xeyrinizə işlədiyini demək olar?

- Özümü mükəmməl hiss edirəm. Durmadan çalışır, komandama faydalı olmaq üçün müntəzəm məşqlər edirəm. Ümid edirəm ki, əziyyətimin faydasını “Zirə”də görəcəm. Fasilə müddətinə gəlincə, fikrimicə, xeyrimizə oldu. Buraxdığımız səhvləri görməklə taktiki planda xeyli çalışdıq. Fasilədə etdiklərimizi və öyrəndiklərimizi çempionatda ortaya qoya bilsək, azarkeşlər inamlı və güclü “Keşlə” görəcək.

- Mövsümə ardıcıl 2 yenilgi ilə başlamağınızın səbəbini nədə görürsən?

- Bunun başlıca səbəbi bəxtsizlik, şanssızlıqdır. Epizodlarla baxsaz görərsiz ki, “Sumqayıt” və “Qəbələ” ilə görüşlərdə rəqiblərdən heç də zəif təsir bağışlamamışıq. Sadəcə, qol imkanlarını reallaşdırmaq problemə çevrilib. Bəzən top qapıya girmək istəmir ki, istəmir. Çempionat yeni başlayıb və əsl mübarizə irəlidədir. Aqressivliyi və məhsuldarlığı artırmalıyıq. Nəticə özü gələcək.

- Geridə qalan oyunlarda aqressivlik yox idi?

- Var idi amma dozasını artırmalıyıq. Yaxşı olacaq.

- Azarkeşləriniz “Zirə” ilə oyundan nə gözləsin?

- Hər iki komanda üçün qələbə vacibdir. Bizim kimi, onlar da 3 xal üçün oynayacaq. Ümid edirəm ki, sonda sevinən tərəf biz olacağıq. Mən də öz növbəmdə rəqib qapısına yol tapmaq üçün əlimdən gələni edəcəm.

- Komandanın yeganə qolunun müəllifisən. Qarşında bombardirlik hədəfi durur?

- Hücumçusansa, bombardir olmaq əsas hədəfindir. Mən də bacardıqca daha çox qol vurmaq istəyirəm və bunun üçün çalışıram. Bilirəm, asan olmayacaq. Amma yenə də çalışacam. Əsas hədəf təbii ki, “Keşlə”nin uğurudur. Mən bombardir olmasam belə, komandamın uğurunu arzulayıram.

- Bombardirlər yarışında əsas rəqib(lər)in kimlər olacaq?

- Çempionatda yaxşı hücumçular var. Lakin mövsüm yeni başlayıb. 5-10 turdan sonra kimlərin daha effektli olacağını görəcəyik. İndi ad çəkə bilmərəm.

- Azərbaycanlı xanımla evliliyin ilk ayları necə keçir?

- Hər şey qaydasındadır. Ailə qurduğuma və ailə başçısı olduğuma görə özümü xoşbəxt hiss edirəm. Bu mənim məsuliyyətimi daha da artırır. Artıq əvvəlkindən daha çox çalışmalı, komandama faydalı olmalı və qazanmalıyam. Xanımım motivasiya mənbəyim olub.

- Oyunlarını izləyir?

- Əlbəttə. Həm də birbaşa stadiondan.

- Xasiyyət və mentalitet baxımından işlər necədir? Yola gedirsiz?

- Bilirsiz, mənim üçün insanlarda xarakter və mentalitet fərqliliyi yoxdur. İki insan bir-birinə uyğundursa, onlar hər cəhətdə bir-birini anlayacaq, güzəştə gedəcəklər. Xanımım məni olduğum kimi qəbul edib, mən də onu olduğu kimi. Ona görə də heç bir problem yoxdur.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti