Bakı klubunun yolunu gözlədiyi iranlılar Ənzəli limanında pivə içirlər

13 İyul 2021 15:00 Şamaxı 1 764
Bakı klubunun yolunu gözlədiyi iranlılar Ənzəli limanında pivə içirlər

Azərbaycanın daha 3 komandasının avrokuboklarda mübarizəyə başlamasına lap az qalıb.

Amma komandalarımız rəqibləri qarşısına hansı futbolçularla çıxacaqlarını hələ də müəyyənləşdirə bilməyiblər.

Hələ ki, hamısı axtarır, bəziləri isə tapıb, amma yolunu gözləyir. Tapan komanda “Keşlə”dir. “Keşlə” daha peşəkar olduğu üçün axtarışları hamıdan tez başa çatdırıb.

Amma bir əmma da var. “Keşlə”nin tapdığı futbolçular gəlib çıxmaq bilmirlər. Onların İrandakı axtarışlar nəticəsində tapıldığı bildirilir.

Əslində, “Keşlə”nin iranlıları çoxdan yoldadırlar. Onlar Tehrandan üz tutublar Bakıya tərəf. Ancaq havalar həddindən artıq isti olduğu üçün Ənzəliyə çatanda taqətdən düşüblər.

Deyilənlərə görə, özlərini veriblər Ənzəli limanına. İndi orda oturub hisə verilmiş Ənzəli çəkisi ilə pivə gillədirlər. “Pivə” oxuyarkən ağlınıza başa şey gəlməsin.

İranda spirtli içkilər qadağandır. Amma “hacı pivəsi” gillətmək məqbuldur. İranlılar ona “arpa suyu” deyirlər. “Keşlə”nin tapdığı futbolçular istinin təsirindən xeyli enerji itiriblər, orqanizmin mayeyə tələbatı böyükdür.

Ehtimal var ki, iranlı legionerlər “Keşlə”nin Konfrans Liqasında keçirəcəyi oyunun fasiləsində varid ola bilərlər. Bu da klub rəhbərlərini tam qane edir.

Qarşılaşmanın ikinci hissəsi bu legionerlərin adaptasiyasına həsr olunacaq. Cavab görüşündə isə nəticəni görəcəyik. Yəni narahat olmağa heç bir əsas yoxdur.

Azərbaycan komandaları peşəkardırlar. “Keşlə” isə lap peşəkardır. Pivədən, çaşdıq ey, “arpa suyu”ndan gillədin, uşaqlar. Noxudunuz var? Olmasa, saçaqlı pendir də pis deyil.

BİZ

Digər Xəbərlər
Xəbər Lenti