"Türkiyə klubu ilə razılaşma olmuşdu, amma..." - Azərbaycanlı hücumçu

2 İyul 2021 22:23 Şamaxı 1 284
"Türkiyə klubu ilə razılaşma olmuşdu, amma..." - Azərbaycanlı hücumçu

"Keşlə"yə transferim son bir həftə içində oldu. Klubdan təklif gəldi və mən də razılaşdım".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Keşlə"nin yeni transferi Amil Yunanov deyib.

Ölkə xaricində çıxış edəcəyi ehtimal olunan hücumçu sonda "Keşlə" variantına üstünlük verməsini belə əlaqələndirib: "Başqa təkliflərim də vardı. Amma real bir şey yox idi. Mən də çox gözləmək istəmədim. "Keşlə"nin təklifini dəyərləndirməyi düşündüm. Komanda Konfrans Liqasında çıxış edir. Çalışacam ümidləri doğruldum.

Məqsədim ölkə xaricində çıxış etmək idi. Amma real nəsə olmadı. Sadəcə menecerlər vasitəsilə təkliflər oldu. Bu gün sabah söhbətləri olurdu, ancaq real nəticə yox idi. Hətta bir Türkiyə klubu ilə razılaşma olmuşdu. Yola çıxmağa hazırlaşırdım. Amma son anda nəsə çıxdı və alınmadı. Bu şeylərə görə çox gözləmək istəmədim. Sonda klubsuz da qala bilərdim".

28 yaşlı oyunçu Bakı təmsilçisinə ikinci dönüşünün daha uğurlu olmasına çalışacağını bildirib: "Keşlə"dəki ilk dövrümün uğursuz olduğunu düşünmürəm. Razıyam ki, o qədər də uğurlu deyildi. Həmin vaxt komanda sonuncu yerdə gedirdi. Ardıcıl 3-4 məşqçi dəyişikliyi oldu. Buna rəğmən ən çox qol vuran hücumçu mən idim.

Fikrim odur ki, bu dəfə həm özüm, həm də komandam üçün daha uğurlu ola bilim. Ancaq yaxşı şeylər haqqında düşünürəm".

Yunanov qısa müddət komandaya qoşulmasına baxmayaraq heyətdə yaxşı ab-hava olduğunu qeyd edib: "Kollektivlə məşqlərə qoşulmuşam. Çoxu yerli futbolçulardı. Əksəriyyətin əvvəldən tanıyıram. Bəziləri ilə digər klublarda və ya millidə birgə oynamışıq. Komandada ab-hava yaxşıdır. Hazırda əsas məqsədimiz Konfrans Liqasında uğurlu çıxış etməkdir. İnanıram ki, bunu bacara biləcəyik".

Digər Xəbərlər
Xəbər Lenti