“Komandanı bu vəziyyətdən mən və digər şəxslər yox, məşqçilərlə futbolçular çıxara bilər"

18 Fevral 2021 19:20 Şamaxı 925
“Komandanı bu vəziyyətdən mən və digər şəxslər yox, məşqçilərlə futbolçular çıxara bilər"

“Komandada hər şey öz qaydasındadır, heç bir problemimiz yoxdur”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Keşlə”nin idman direktoru Ceyhun Sultanov deyib.

Premyer Liqanın son 4 turunda məğlubiyyətləri sıralayan “Keşlə” 16-cı turda “Zirə”ni qəbul edəcək. 13 xalla turnir cədvəlinin son pilləsində qərarlaşan sabiq “bankirlər” paytaxt derbisində “uğursuzluq zolağı”ndan çıxmağı hədəfləyib.

Klub rəsmisi maliyyə problemlərinin yaranması faktını danmasa da, bunun müvəqqəti hal olduğunu bildirib:

“Rəhbərlik əvvəl komanda ilə necə yaxından maraqlanırdısa, indi də elədir. Premyer Liqanın son dörd turundakı məğlubiyyətlərə baxmayaraq, yenə də məşqçi və futbolçuların arxasındadır.

Hər oyuna yetərincə mükafat da qoyulur. Bu da rəhbərliyin komandaya böyük qiymət verməsini göstərir.

Düşdüyümüz vəziyyətdən çıxış yolu var, bu isə məşqçilər korpusundan və futbolçulardan asılıdır. Mən gördüyüm qədərilə klubda futbol baxımından təşkilati işlər öz qaydasındadır.

Maliyyə cəhətdən gecikmələr hər klubda olur, normal haldır. İndi hansı klubda maaş gecikməsi olmur ki..? Buna görə hec bir futbolçu deyə bilməz ki, mən oynamıram, mən meydançaya çıxmıram.

“Keşlə”də belə bir problem görmürəm. Bütün futbolçular nəvbəti tura səylə hazırlaşır. Çalışırlar ki, turnir cədvəlində vəziyyəti düzəltsinlər.

Komandanı bu vəziyyətdən mən və klub rəhbərliyində təmsil olunan digər şəxslər yox, məhz məşqçilər, futbolçular çıxara bilər.

Çünki hazırlıq prosesini keçən məşqçilər, meydançaya çıxan futbolçulardır. İnanıram ki, hər şey öz yolunda olacaq.

Düzdür, çətinliklər olur, amma bunun da öhdəsindən gəlmək lazımdır. Hamı əlindən gələni etməlidir. Ruhdan düşməyə dəyməz”.

Digər Xəbərlər
Xəbər Lenti