"Qəbələ"də rəhbərliklə heç vaxt problemimiz olmayıb"

14 Fevral 2021 00:42 Şamaxı 832
"Qəbələ"də rəhbərliklə heç vaxt problemimiz olmayıb"

"Görüşə yaxşı hazırlaşmışıq. Bu, mənim Premyer Liqada "Keşlə"nin baş məşqçisi kimi ilk oyunumdur.

Daha əvvəl çempionatda çalışdığımdan, məndə birinci matçıma çıxacağam deyə həyəcan yoxdur".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının XV turunda "Qəbələ"yə qarşı keçirəcəkləri oyun haqqında danışarkən deyib.

41 yaşlı mütəxəssis bildirib ki, hazırkı iş yerində olduğu müddətdə paytaxt təmsilçisinə köməklik etmək istəyir:

"Hazırkı durumdan kollektiv şəkildə çıxmaq istəyirik. İlk addımı atıb, kubokda mərhələ adlamışıq. Futbolçular məşqlərdə yaxşı çalışırlar. İnanıram ki, növbəti oyunda da uğurla çıxış edəcəyik".

2018/2019 mövsümündə "Qəbələ"yə rəhbərlik etmiş Qurbanov hazırda bütün fikirlərini paytaxt klubuna yönəltdiyini söyləyib: "Hazırkı komandamla yalnız uğur qazanmaq haqqında düşünürəm.

"Qəbələ"dəki sonuncu matçımı da məhz "Keşlə"yə qarşı keçirmişdim. Futbolda belə hallar olur. Məşqçi və futbolçular müxtəlif klublarda işləyirlər. Belə təsadüf etdi ki, "Qəbələ"də sonuncu matçım "Keşlə"yə qarşı, "Keşlə"də isə ilk Premyer Liqa oyunum sabiq komandama qarşı olacaq. İndi rəqib baş məşqçisi kimi Qəbələyə yollanıram. "Keşlə"dəki işlərimiz ağır və çoxdur. "Qəbələ" isə çempionatın yaxşı futbol oynayan komandalarından biridir. İşimizə motivasiya olmuşuq".

Baş məşqçi əyalət təmsilçisindən ayrıldıqdan sonra da əlaqələrinin davam etdiyini vurğulayıb. O, keçmiş komandası üzərində qələbə təqdirində verəcəyi reaksiyadan da danışıb:

"Uzun illər "Qəbələ"də işləmişəm. Rəhbərliklə də münasibətimiz var. Heç vaxt onlarla problemimiz olmayıb, bir-birimizin hörmətini saxlamışıq. Qələbə qazandıqda və ya qol vurduqda necə reaksiya verəcəyimi düşünməmişəm.

Hazırda bizi "Keşlə"yə məsləhət görüblər. Bütün işlərimizi ona yönəltmişik ki, bu komandanı inkişaf etdirək. Turnir cədvəlində istənilən yerdə deyilik. Hər komanda üzərindəki qələbəmiz mənim üçün sevincdir".

Mütəxəssis qarşıdakı oyun üçün "Keşlə"də ciddi itkinin olmadığını sözlərinə əlavə edib: "Komanda məşqlərini davam etdirir.

Sadəcə, gənclərdən Pərviz Azadov və Elçin Mustafayev yüngül zədə ilə bağlı individual məşqlər edirlər. Qalan hamı öz yerindədir" (report).

Digər Xəbərlər
Xəbər Lenti