"Bu şeyləri nəzərə alıb, ölkəmizdə çıxış etməyi qərara aldım"

10 Fevral 2021 15:00 Şamaxı 604
"Bu şeyləri nəzərə alıb, ölkəmizdə çıxış etməyi qərara aldım"

"Keşlə"nin yeni transferi Elvin Yunuszadə Sportinfo.az-a müsahibə verib.

- "Keşlə"yə keçidin necə baş tutdu?

- "Keşlə" rəhbərliyi ilə aramızda gözəl münasibət var. Həm klub rəhbərliyi, həm də baş məşqçilə danışığımız oldu. Bu günkü gün düşündüm ki, mənim üçün ən düzgün qərar ən azından yaya kimi "Keşlə"də oynamaqdır.

- Seçimində əsas rolu nə oynadı?

- Uzun müddətdir stabil meydana çıxmıram. Hər nə qədər məşq etsəm də bu oyunun yerini vermir. Özümdən asılı olmayan səbəblərdən belə vəziyyət yarandı. İlk dəfə getdim pandemiya problemi ortaya çıxdı. Sonra zədə aldım. "Şkupi"də də maliyyə problemi yarandı. Bu şeyləri nəzərə alıb, indiki halda ölkəmizdə çıxış etməyi qərara aldım. Əsas istəyim bacardığım qədər çox oyun oynamaqdır.

- Yerli klublardan başqa təklif vardı?

- Azərbaycanda "Keşlə"dən başqa heç bir komanda ilə söhbətim olmayıb. Açığı "Şkupi"dən ayrılmağım cəmi 2 gün əvvəl tam dəqiqləşdi. Ayrılığım dəqiqləşmdən kiminləsə danışıq aparmağım düzgün çıxmazdı. İlk söhbətim "Keşlə" ilə oldu. Danışığımız uğurlu olduğu üçün müqavilə bağladım.

- Bəs ölkə xaricindən?

- Türkiydən təklifim vardı. "Şkupi"dən tanıdığım Ümit Karan indi Bank Asiyada çalışır. Onunla danışığımız oldu, amma bəzi məsələlərə görə söhbətimiz alınmadı. Vaxt itirmək mənim ziyanıma işləyirdi. Mümkün qədər tez komanda ilə məşqlərə qoşulmağa çalışırdım. Türkiyə variantı alınmayınca "Keşlə" ilə anlaşdım.

- Qısa müddətli müqavilə bağlamağın nə ilə bağlıdır?

- 4 aylıq müqavilə hər iki tərəf üçün də ən optimal variantıydı.

- Mövqeyində sənə tanış adlar var. Səncə, əsas heyətdə yer almağı bacara biləcəksən?

- Rəqabət olmayan mövqedə futbolçuda artım ola bilməz. Futbolçunun ən böyük düşmənçiliyi rahatçılığıdır. Nə vaxt futbolçu düşünür ki, mövqeyimdə heç kim yoxdur. O heç vaxt artıra bilməz. Hiss edirsən ki, bir səhvim olsa, düz oynamasam yerimi itirə bilərəm. Bu faydalı olacaq. Mövqeyimdə olanlar da yaxşı futbolçulardı. Tərlan Quliyev və Şəhriyar Əliyevlə bir yerdə böyümüşük və bir yerdə oynamışıq. Bir-birimizi yaxşı tanıyırıq.

- Məlum səbəblərdən bir müddət oyunlara çıxa bilmədin. Yəqin ki, optimal formandan uzaqsan. Əvvəlki formanı bərpa etməyə nə qədər vaxt lazım olacaq?

- Bir aydan çoxdur məşq etmirdim. Ona görə də bir müddət fərdi məşqlər edəcəm. Sonra komanda ilə çalışmalara başlayacam. Tezliklə öz formamı bərpa edəcəyimə inanıram.

- "Keşlə" hər iki cəbhədə də mübarizəni davam etdirir. Amma ölkə çempionatında vəziyyət elə də yaxşı deyil. Yeni komandan üçün şansları necə qiymətləndirirsən?

- Bu gün əsas məqsəd kubok olmalıdır. Amma o demək deyil ki, komanda çempionatdan əlini üzməlidir. Əlbəttə ki, hər iki cəbhə də döyüşmək lazımdır. Çempionatda komandalar arasında çox xal fərqi yoxdur. 1-2 oyun qələbə qazanandan sonra bir neçə pillə irəliləmək mümkündür.

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti