"Keşlə"nin başı ağrıyacaq

3 Fevral 2021 16:00 Şamaxı 953
"Keşlə"nin başı ağrıyacaq

İndiki Divizion "Kəpəz"i ötən həftə kubokda mərhələ keçdikdən sonra haqlı olaraq çox tərifləndi.

Fəqət, "Keşlə" ilə dünənki oyun göstərdi ki, gəncəli futbolçular belə diqqət mərkəzinə düşməsinə hazır deyillər.

Yaşar Vahabzadə oyunu müdafiədən qurmuşdu. Başqa yolu da yox idi. Heyət bəlli, imkanlar bəlli.

İlk dəqiqələrdən "Keşlə"nin ərazi üstünlüyü heç də komandanın fövqəlgücünün göstəricisi yox, rəqibin bilərəkdən meydanın mərkəzini onlara verməsi idi.

Kənardan aldadıcı görünə bilər, bakılılar zəif təsir bağışlayırdı. "Kəpəz"li futbolçular start fitindən çox həyəcanlı görünürdü.

Ustalıq səviyyələri göz önündədir: top qazandıqda həyəcandan elementar ötürmələri belə, etməyə çətinlik çəkirdilər. Yoxsa sürətli əks-hücumlarla rəqibə başağrısı ola bilərdilər.

Buna imkanlar yetərincə idi, birinci yarıda matçın psixoloji yükünü qaldıra bilmədilər. Belə əlverişli vəziyyətdə "Keşlə" əlahiddə heç nə ilə yadda qalmır, boş-boşuna topu arxada, mərkəzdə bir-birinə diyirlədir, heç bir təhlükəli epizodlar yarada bilmirdilər.

Ancaq ara-sıra Sezar Meza Kollinin mərkəzdə fərdi reydləri və ya cərimə meydanına ötürmələri zamanı nəsə alınırdı.

Çox vaxt da bir-iki rəqibi keçdikdən sonra dayaq bölgəsində sıxlığa rast gəlir, topu itirir, ən yaxşı halda kənarlara, arxaya ötürmək məcburiyyətində qalırdı. Rəqib də kobudluqdan çəkinmirdi.

Sənan Qurbanov komandanı yeni qəbul etsə də, futbolun təməl prinsipləri var. Sıx müdafiə olunan komandalara qarşı ən effektli hücumlar kənarlardan təşkil edilir.

Belədə rəqib məcbur olub mərkəzi, dayaq bölgəsini boşaldır, hücuma keçən komandanın cərimə meydanına girmək, ötürmə, asma şansları çoxalır.

Rəqib Divizion kklubudursa, bunu etmək daha asandır. İlk yarıda cinaahlardan "Keşlə"nin hansısa sürətli keçidlərinin şahidi olmadıq. Şübhəli penalti qərarı olmasaydı, bilmək olmazdı ev sahibi qələbə qazana biləcəkdi, ya yox.

Ev sahibləri yeganə qolu 42-ci dəqiqədə penaltidən vurdu. Rəhim Həsənovun təyin etdiyi 11 metrlik cərimə zərbəsi mübahisələrə səbəb oldu.

Cərimə meydançasında qarışıqlıq zamanı "Keşlə"nin oyunçusunun zərbəsindən sonra top Gəncə təmsilçisinin üzvü Ümid Səmədovun əvvəlcə ayağına, daha sonra rikaşet nəticəsində qoluna toxundu.

Bir çox hallarda hakimlər belə epizodlarda zərbənin yaxın məsafədən vurulmasını və topun bədəndən sıçradıqdan sonra ələ dəyməsini əsas götürərək, penalti təyin etmir. Ancaq Həsənov "Kəpəz"i cəzalandırmaq qərarına gəldi.

"Kəpəz" dəqiqələr keçdikcə nisbətən özünə gələrək əks-hücumlar təşkil etməyə cəhd göstərirdi. Bir qədər sayıq davransaydılar, "Keşlə"nin başı ağrıyacaqdı.

Sənan Qurbanovun mətbuat konfransında bildirdiyi kimi, indiki "Kəpəz" elə də güclü komanda deyil, sadəcə, minimalhesablı qələbənin çəkisi qaldırılır.

"Sabah" üzərində qələbə, təsadüfi olmasa da, daha çox beş baş üstün sayılan rəqibin günahıdır.

Matçın ikinci yarısında hesabın artmaması, cavab görüşünün daha prinsipial keçəcəyini şərtləndirir. Əgər "Kəpəz" sərbəst, həyəcansız oynayarsa...

"Keşlə"nin bəxti gətirib ki, qarşılaşma azarkeşsiz keçiriləcək. Minimum 10-15 min Gəncə fanatı qarşısında qonaqların işi daha çətin olardı.

İndi də quru doğma divarlar "Kəpəz"ə kömək ola bilər. Obyektiv səbəblərdən heyət nə qədər zəif görünsə də, "Kəpəz" tarixi kökə malik, dəfələrlə kuboklar qazanmış komandadır.

"Keşlə" rəqib meydanında qol vura bilməsə, göstərdiyi indiki oyunla işi çətin olacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti