Çempionat indiki sıralamayla bitsə, "qırğın" düşəcək!

13 May 2020 21:00 Premyerliqa 1 027
Çempionat indiki sıralamayla bitsə, "qırğın" düşəcək!

Deyəsən, bu gedişlə gölzərimiz yolda, qulaqlarımız səsdə qalacaq.

Gün günə calanır, Avropanın bəzi ölkələrində çempionatların start və bərpa tarixləri açıqlanıb, bizdə isə durğunluqdu4.

Nazirlər Kabineti yanında Operativ Qərargah az qala hər gün müxtəlif qərarlarla diqqətləri üzərinə çəksə də, idman, yəni futbol sahəsi ilə bağlı yenilik yoxdu4.

Bu isə böyük ehtimalla premyer-liqanın bərpa olunmayacağına işarədi. Belə olacağı təqdirdə PFL hansı addımları atacaq? Avrokubok iştirakçıları hansı yolla müəyyənləşəcək? Mütəxəssislərin bununla bağlı mövqeyi necə olacaq?

Bir ağlabatan variant var ki, çempionatı yarımçıq başa vuran Fransa və Niderland bu yola əl atıb. Pandemiyaya görə yaranmış fasilə zamanı komandalar hansı mövqedə idisə, avrokuboklara vəsiqə də sıralamaya uyğun veriləcək.

Bəs eyni hal bizdə yaşansa, hansı vəziyyət yaranacaq? Deməli, “Qarabağ” birinci yerin sahibi kimi avtomatik Çempionlar Liqasında oynamaq imkanı qazanacaq. İkinci pillədə yer alan “Neftçi” ilə üçüncü sıradakı “Keşlə”nın Avroliqada çıxış etməklə bağlı problemi olmamalıdı.

Hə, işin maraqlı və sual doğuran tərəfi - dördüncü iştirakçı kim olacaq? Turnir cədvəlindəki sıralama qalan bir vəsiqənin “Sumqayıt”a qismət olmalı olduğunu deyir. Amma işin əmması var. Məsələ necədi? Bu gün sumqayıtlılarla zirəlilərin top fərqindəki nisbət “kimyaçılar”ın üzünü güldürür.

Ayxan Abbasovun rəhbərlik etdiyi komanda rəqib qapılarından 24 top keçirdiyi halda, öz qapısından 32-ni buraxıb. Yəni mənfi 8-di. “Qartallar” rəqiblərini 25 dəfə məyus etdiyi halda, rəqiblər qəsəbə təmsilçisinin qapısının torunu 37 dəfə silkələyib. Bu isə mənfi 12 deməkdi. Rəqəmlərdən də göründüyü kimi, top fərqində “Sumqayıt” üstündü.

Belədə zirəlilər hansı əsasla səsinin tonunu qaldıra bilər, eləmi? Onların da iddia qaldırmaq üçün əsası var. Adı çəkilən komandalar cari mövsümdə üç dəfə üz-üzə gəliblər. 4-cü turda Sumqayıtda baş tutan görüşdə qonaqlar 2:1 hesablı qələbəni bayram edib.

10-cu turda Zirədə keçirilən qarşılama isə məhsuldar heç-heçə ilə nəticələnib – 2:2. Sonuncu, yəni 16-ci turda “Kapital Bank Arena”da izlədiyimiz oyunda isə “kimyaçılar” 2:1 hesabı ilə qalib gəlmişdi.

Gördüyünüz kimi, komandalar arasında reallaşan şəxsi oyunların nəticələrində bərabərlik var. Hərəyə 1 qələbə qazanıblar, daha 1 matç heç-heçə sonuclanıb. Top fərqi də bərabərdi – 5:5.

İş burasındadı ki, “Sumqayıt” yeganə qələbəni doğma meydanında əldə etdiyi halda, “Zirə” eyni uğura səfərdə sevinib. Yəni şəxsi görüşlərdəki ev-səfər prinsipində üstünlük qəsəbə təmsilçisinin xeyrinədi.

Kifayət qədər qarışıq, söz-söhbətə səbəb ola biləcək mövzudu. Düzdü, hələ sakitlikdi, necə olacağı bilinmir. Amma çempionat indiki vəziyyətdə başa çatdırılacağı halda, mütləq və mütləq narazılıq olacaq. Yəni sonuncu vəsiqə “Sumqayıt”a verilsə, zirəlilərin etiraz etməsi qaçılmazdı.

İndiki durumda hər iki komandanın baş məşqçisinin mövqeyini öyrənmək maraqlıdı. Görəsən, onlar nə düşünür? Dediyimiz kimi olsa, “Sumqayıt”ın Avroliqaya yollanmasına necə yanaşacaqlar? Elə isə, dinləyək (Futbol+).

Ayxan Abbasov: “Bu dəqiqə ən çox istədiyim çempionatın bərpa olunmasıdı. Tək mən yox, bütün futbol ictimaiyyəti futbol üçün darıxıb. Amma bir şeyi unutmayaq ki, hər birimiz üçün vacib olan cansağlığıdı. Verilən qərarlar da sağlamlığımız üçündü. İdman prinsipləri pozulmasın deyə, öz futbolçularımızı təhlükənin içinə atmaq doğru olmaz. Məsələnin digər tərəfinə gəlincə, hər çempionatın reqlamenti var. Premyer-liqamızın reqlamentinə görə bu gün top fərqinə görə “Sumqayıt” 4-cü pillədə qərarlaşıb. 4-cü pillədə kiminsə xoşuyla qərarlaşmamışıq, zəhmətimizlə gəlib çıxmışıq. Yenə deyirəm, çempionatın bərpasını, mübarizənin sona qədər davam etməsini istərdim. Ancaq koronavirus premyer-liqanın bərpasına imkan verməsə, turnir cədvəlindəki sıralamanı digər klublar normal qarşılamalıdı. “Sumqayıt” 4-cü yeri haqq edib”.

Zaur Həşimov: “Çempionat indiki vəziyyətdə dayandırılsa və “Sumqayıt” 4-cü yerin sahibi kimi Avroliqaya getsə, bu, “Zirə”yə qarşı haqsızlıq olar. Çünki top fərqinə görə yerlərin müəyyənləşməsi doğru yanaşma deyil. Hər iki komanda eyni xal toplayıb. Üstəlik, çempionatın başa çatmasına 8 tur qalıb. Onu da nəzərə alaq ki, “Zirə” ölkə kubokunun yarımfinalına adlayıb. Avroliqa uğrunda mübarizə üçün kifayət qədər şansımız və yaxşı komandamız var. Ümid edir və inanıram ki, çempionat bərpa olunacaq, idman prinsipləri qorunacaq və sonda haqq edən komandalar avrokuboklara vəsiqə qazanacaq”.

Bu da sizə hər iki çalışdırıcının, həm də həyatda yaxın dost olan iki mütəxəssisin cavabı. Sizcə, əlavə nəsə deməyə ehtiyac qalırmı? Fikirlərlə tanış olandan sonra bu qənaətə gəlmək mümkündü: çempionat indiki sıralamayla bitsə, qırğın düşəcək!

Digər Xəbərlər
Xəbər Lenti