"Baxın, burada Azərbaycanın dörd bir yanından komanda olacaq"

5 Noyabr 2023 02:40 Azərbaycan Futbolu 1 354
"Baxın, burada Azərbaycanın dörd bir yanından komanda olacaq"

“Bu aksiomadır ki, hər bir futbolçu il ərzində 50-dən çox oyuna çıxmalıdır.

Oyun sayı nə qədər çox olsa, futbolçunun inkişafı artır. Yəni ən azından futbolçu sayı çoxalır”.

Sportinfo.az xəbər verir ki, bu sözləri qol.az-a açıqlamasında Azərbaycanın Əməkdar məşqçisi Ağasəlim Mircavadov deyib.

Azərbaycan kubokunda 34 komandanın iştirak etməsinə münasibət bildirən 76 yaşlı mütəxəssis bunun ölkə futboluna fayda verəcəyini qeyd edib. O, bu işə görə Peşəkar Futbol Liqasını alqışlayıb:

“Bizim Premyer Liqada 10 komanda var və çempionatda 36 oyun keçirilir. Məlumdur ki, “Qarabağ” futbolçularının oyun sayı gəlib 50-yə çatır. Çünki hər il avroboklarda mübarizə aparırlar. Amma təkcə “Qarabağ”la iş bitmir axı. Bu mənada ölkə kubokunda komanda sayının 34-ə çatdırılması çox əladır. Mən bu məsələyə ciddi yanaşdığı üçün Peşəkar Futbol Liqasını alqışlayıram. Elxan Səmədov başda olmaqla PFL-in yeni rəhbərliyi çox gözəl işlər görürlər. Elxan Səmədov bizimlə də çox söhbət edir. Görürük ki, PFL bölgələrə diqqəti çox artırıb. Onların əsas məqsədi odur ki, bölgələrdə futbol inkişaf etsin. Bölgələrdə elə uşaqlar var ki, onları üzə çıxarsan, çox yaxşı futbolçu olar. Biz 1-2 ildən sonra bölgə komandalarından çıxan oyunçuları görəcəyik. İnşallah, azad olunan torpaqlarımızda da futbolun inkişafını görəcəyik. Mən Ağdamdan işləmişəm. Oradan danışa bilərəm. Bilirəm ki, Ağdamdan mütləq futbolçular çıxacaq. Hazırda biz yaxşı yerli futbolçu sarıdan “aclıq” hiss edirik. Amma bölgə komandaları tədricən bu boşluğu doldurmağa kömək edəcək”.

A.Mircavadov ölkə kubokunda 1-ci liqa ilə yanaşı 2-ci liqa komandalarının da iştirakının hər hansı bir çətinlik yaratmayacağına inandığını bildirib: “Həm 1-ci, həm də 2-ci liqa təmsilçilərinin kubokda yarışması çox yaxşı haldır. Bu yaxınlarda “Bavariya” Almaniya kubokunda 3-cü liqa təmsilçisinə uduzub mübarizəni dayandırdı. Fikir verin, o boyda nəhəng klub 3-cü liqa təmsilçisinə uduzur. Almaniyada o qədər liqa var ki, 3-cü liqa komandaları normal oyun oynayır. İngiltərədə də belədir. Bütün liqa komandaları ölkə kubokunda iştirak edir. Niyə bizdə də olmasın? Sən çempionatda iştirak edirsənsə, kubokda da oynaya bilərsən. Ola bilər ki, bəzi 2-ci liqa komandası kubokda iştirak etmək istəməsin. Yəni şəraitsizliyi əsas gətirə bilərlər. Amma onları məcbur etmək lazımdır. Şərt deyil ki, oyunlar hamısı şəhərdə olsun. Bölgələrdə də olmalıdır.

Bir dəfə U-21 millimiz səfərdə Almaniya ilə qarşılaşırdı. Oyun bir qəsəbədə keçirildi. Kiçik bir qəsəbədə 6 min tutumu olan stadion var idi. Tribunlar da tam doldu. Gözəl bir ab-hava yarandı. Biz öyrəşmişik ki, milli komandanın oyunları Bakıda, ya da Sumqayıtda olsun. Amma bizim bölgələrdə də belə oyunlar keçirmək olar. Bunun üçün də artıq işlər görülür. Baxın, ölkə kubokunda Azərbaycanın dörd bir yanından komanda olacaq. Əvvəlcə bu cür addımlar atılır. Bu, çox yaxşı haldır. Daha sonra inkişaf olduqca, maraq artıqda satdion da tikmək olar, başqa işlər də görmək olar. İnkişafın bir qolu da futbolu bölgələrə daşımaqdır. Düzdür, aşağı liqalarda meydançalar süni örtüklüdür. Amma yenə də başadüşüləndir. Şəraitə uyğun hərəkət etmək lazımdır.

Bu yaxınlarda Şamaxıda 2-ci liqa oyununa baxırdım. "Qusar"la “Şahdağ Qusar” oynayırdı. Qusardan azarkeşlər gəlmişdi, yerli fanatlar da var idi. Çox yaxşı oyun və stadionda gözəl atmosfer oldu. Bölgələrimizdə komandaların sayı artıqdca yeni-yeni azərbaycanlı futbolçular üzə çıxacaq”.

Qeyd edək ki, bu mövsüm 32-ci dəfə təşkil olunacaq Azərbaycan kuboku yarışında 34 komanda mübarizə aparacaq.

Bu, PFL-in bayrağı altında keçirilən turnirlər üçün mütləq rekorddur. 2008-ci ildə yaradılan qurumun təşkil etdiyi əvvəlki 15 mövsümün rekordu 22 komandanın kuboka qatılması idi. Buna 2010/11 mövsümündə təsadüf olunub.

34 iştirakçıdan ibarət kubok yarışı son 17 turnir üçün də rekorddur. Daha çox komandanın iştirakı sonuncu dəfə 2006/07 mövsümündə qeydə alınıb.

Qeyd edək ki, mütləq rekord 1993/94 mövsümündə gerçəkləşib. Həmin vaxt kubok üçün 45 komanda mübarizə aparıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı