“Zirə” Azərbaycanda 10 komandadan biri oldu

28 Avqust 2023 13:20 Zirə 898
“Zirə” Azərbaycanda 10 komandadan biri oldu

“Zirə” Azərbaycan çempionatları tarixinə startda ardıcıl 4 qələbə qazanan 10-cu komanda kimi düşüb.

Sportinfo.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Rəşad Sadıqovun yetirmələri Premyer Liqanın 2023/2024 mövsümündə “Qarabağ”, “Kəpəz” və “Sabah”ı eyni – 1:0, “Səbail”i 2:1 hesabı ilə məğlub edib.

Qəsəbə təmsilçisi tarixində ilk dəfə yarışa belə uğurlu başlanğıc edib. 1992-ci ildən keçirilən çempionatda bunadək 9 komanda belə starta imza atıb.

“Qarabağ” hamıdan çox – 5 dəfə (2003/2004, 2013/2014, 2017/2018, 2019/2020, 2022/2023) ilk dörd oyununda 12 xal toplayıb.

“Neftçi” dörd fərqli mövsümə (1992, 1994/1995, 1996/1997, 2000/2001) 4 qələbə ilə başlamağı bacarıb.

“Şəmkir” (2001/2002, 2003/2004) və “Xəzər Lənkəran” (2006/2007, 2007/2008) hərəyə iki, digər 5 komanda isə “Zirə” kimi, bir dəfə belə starta sevinib.

“Xəzri” 1995/1996, “Kəpəz” 1998/1999, AZAL 2007/2008, “Şəfa” 2003/2004, “Sabah” 2022/2023 mövsümünün əvvəlində qarşısıalınmaz olub.

Startda 4 məğlubiyyət alan yeganə komanda “Qəbələ” isə ilk dəfə belə seriya yaşayıb.

Digər Xəbərlər
Xəbər Lenti