"Müqavilə yaxınlarda imzalanacaq, hələlik çox da böyük qazanc gözlənilmir"

23 Sentyabr 2023 07:40 Azərbaycan Futbolu 1 449
"Müqavilə yaxınlarda imzalanacaq, hələlik çox da böyük qazanc gözlənilmir"

PFL Azərbaycan çempionatlarının internet üzərindən yayımlanması ilə bağlı şirkətlərdən biri ilə razılığa gəlib.

Yaxın günlərdə rəsmiləşəcəyi gözlənilən əməkdaşlıqla bağlı hazırlıqlara start verilib.

Azərbaycan Premyer Liqası, Birinci və İkinci Liqanın internet portal üzərindən yayımlanmasına çalışan PFL-lə qarşı tərəf arasında anlaşma ilə bağlı bəzi şərtlər də artıq məlumdur.

Sportinfo.az xəbər verir ki, bu barədə qurumun media və marketinq direktoru Sənan Abdullayev qaynarinfo-ya açıqlamasında bildirib:

"Danışıqlar davam edir. İzləyicilər üçün hər şeyin tam rahat olmasına çalışırıq. Çox zaman qalmayıb, böyük ehtimalla yaxın vaxtlarda əməkdaşlıq müqaviləsi bağlayacağıq. Şərtlərə gəlincə, qiymət "insports”dan 100 faiz ucuz olacaq. Hazırda çalışdığımız odur ki, ödənişlər aylıq iki manatı keçməsin. Çünki Premyer Liqa ilə yanaşı Birinci və İkinci Liqaların da oyunları var. Bütün liqalar standart qiymətlə yayımlanacaq. Sonda özləri nə qərar verəcəklər, bilmirik. Planlar odur ki, oyunlar tətbiq üzərindən yayımlanacaq. İnsanlar tətbiqi mobil cihazlara yükləyib, daha sonra istifadə edə biləcək. Düşünürük ki, texniki problemlər olmayacaq və hər kəs oyunları rahat şəkildə izləyəcək. İlkin mərhələdə oyunları yalnız telefon və planşetlər vasitəsilə izləmək mümkün olacaq. Kompüterlə alınıb-alınmayacağı ilə bağlı texniki imkanları yoxlayırıq. Onların da istəyi oyunların tətbiq üzərindən yayımlanmasıdır”.

Qiymətlərlə yanaşı, başqa hansı fərqlər görəcəyik:

"Bir növ elə mərhələyə gətirmək istəyirik ki, tətbiqə daxil olan kimi oyunları rahat izləmək mümkün olsun. Eynilə Yutubdakı kimi. Çalışırıq ki, "İnsports”dakı kimi donmalar və digər problemlər olmasın. İstədiyin şəkildə videonu geri çəkib qolun təkrarına baxmaq mümkün olsun. Yutub əvəzinə məhz həmin tətbiqə daxil olmaq lazım gələcək”.

"Bəs bu əməkdaşlıqdan PFL-in qazancı nə olacaq” sualını o, belə cavablandırıb:

"Əvəlki yayım şirkəti şərtləri yüksək səviyyədə icra edə bilsəydi, müəyyən qazanc haqda düşünərdik. Halbuki indiki prosesdə minimal məbləğdən söhbət gedir. Yəni, hələlik çox da böyük qazanc gözlənilmir. Çalışırq ki, bu işləri problemsiz, tamaşaçıları qane edəcək şəkildə görək. Bir növ sınama olacaq. Təbii ki, ödəniş, satış və qazanc olacaq. Ancaq hər kəsin düşündüyü kimi, dəhşətli qazanc müzakirə mövzusu deyil. Futbol sferasında bizim yayımlar rahat şəkildə beynəlxalq arenaya çıxanda, hansı mərhələdə müəyyən tələblər qoymaq lazım gəldiyini biləcəyik. Hazırda istədiyimiz odur ki, beynəlxalq platformada oyunların yayımını verə bildiyimiz görünsün. İstənilən bölgədən canlı yayım verə bilirik. Əslində, bu o qədər də asan məsələ deyil”.

İkinci Liqanın yaradılmasından sonra bölgə təmsilçilərinin sayı artıb. Bəs PFL xüsusən də bölgələrdə keçirilən bütün oyunların yayımlarını anlaşdıqları şirkətə göndərə biləcəkmi? Qurum rəsmisi öz büdcələri hesabına bunu etməyə çalışdıqlarını deyib:

"Onsuz da bunları öz büdcəmizlə edirik. Oyunları seçirik. Məsələn, "Karvan” - "Mingəçevir” matçında üç kameradan istifadə etdik. Oyunöncəsi və oyunsonrası süjetlər təqdim etdik. Çünki həmin gün cəmi bir oyun vardı, həm də yığmaların oyununa görə fasilə yaranmışdı. Normal vaxtda belə alınmır, çünki həftəsonları çox oyun var. Belədə yalnız tək kamera göndərə bilirik. Danışıq apardığımız şirkət də buna tam qane olur. Premyer Liqanı "CBC Sport”un vasitəsilə onlara ötürəcəyik. Digərlər oyunlarda öz kameramızdan nə çəkiriksə, onu ötürürk. Qarşı tərəfə çətinliklər barədə demişik, durumun necə olduğunu bilirlər və anlayışla qarşılayırlar. Təqdim edəcəyimiz məhsula uyğun tələblər irəli sürürük. Bu səbəbdən ortada yüksək məbləğlər yoxdur”.

Abdullayev yayımlar zamanı PFL-in öz loqosundan istifadə edəcəklərini də bildirib:

"Təbii ki, öz loqomuzu yerləşdirəcəyik. Hazırda Yutubda görüntülər necədirsə, elə olacaq. İstənilən reklamı problemsiz şəkildə yerləşdirə bilirik. Yeni sponsorla anlaşsaq, onun da loqosundan və yaxud videoçarxlarından istifadə edəcəyik. Bizə bu barədə heç bir qadağa qoymayıblar. Sadəcə çalışırıq ki, "insports”la əməkdaşlıq zamanı baş verən hallar bu dəfə yaşanmasın. Çünki bu şirkətlə bağlı bizə çox şikayətlər olunub. Düzdür, müəyyən qazancımız olacaq, yayım hüququnu onlara boşuna verməyəcəyik. Amma hazırda böyük məbləğlərdən söhbət gedə bilməz”.

Digər Xəbərlər
Xəbər Lenti