Köhnə tanışların yeni dueli – Bu dəfə çox maraqlı olacaq, çox!

21 Yanvar 15:15 Premyerliqa 1 086
Köhnə tanışların yeni dueli – Bu dəfə çox maraqlı olacaq, çox!

Bu gün Premyer Liqanın ikinci yarısı “qırğın” oyunlarla start götürəcək.

Baş tutacaq matçların hər birindən “qan qoxusu” gəlir.

Amma etiraf ki, hər kəsin səbrsizliklə gözlədiyi qarşılaşma “Bank Respublika Arena”da “Sabah”la “Neftçi” arasında keçiriləcək.

Komanaların heyətlərində ciddi mənada dəyişiklik yoxdur. Daha doğrusu, yeni futbolçular baxımından yeniliyə rast gəlməyəcəyik. İlk iki dövrədə necəydisə, bu dəfə də elə.

Yalnız “Neftçi” bir transfer edib ki, Alfa Kontenin qısa müddətdə yeni komandasına kömək edəcəyi inandırıcı görünmür. Bu oyunu tanış rəqiblərin dueli kimi də xarakterizə edə bilərik.

Söhbət itkilərdən getsə, bu mənada hər iki komandanın baş məşqçisinin dərindən ah çəkməsini anlamaq mümkündür.

“Ağ-qaralar” zədəlilər Reziuan Mirzovla Qara Qarayevin, eləcə də, Fələstin millisinin sıralarında olan Ataa Caberin xidmətindən yararlana bilməyəcək. Fərid Yusifli ilə İsmayıl Zülfüqarlı da artıq komandanı tərk edib.

“Tələbələr”in vəziyyəti lap ağırdır. Qış fasiləsində “Sabah”ı “Qarabağ”a dəyişən Aleksey İsayevin boşluğunu qısa müddətdə çətin kimsə doldursun. “Dirijorluq” yaxşı iş olsa da, hər futbolçu bacarmır.

Müəyyən zamana ehtiyac var. Əsas heyətin başqa bir dəyişməz üzvü Amin Seydiyev isə cəzalı durumdadır. Murad Musayevin yerli futbolçuların yoxluğunda “11-liy”i necə müəyyənləşdirəcəyi və limitin öhdəsindən necə gələcəyi sual doğurmaya bilməz.

Musayev demişkən, bizim üçün deyə bilmərəm, amma Murad Oleqoviçlə “Neftçi”nin yeni baş məşqçisi Miodraq Bojoviç üçün bu qarşılaşma Rusiya Premyer Liqasını xatırladacaq.

Hər iki çalışdırıcının köməkçilərinin, meydana çıxmaq ehtimalı yüksək olan Emin Mahmudovla Ayaz Quliyevin də vaxtilə həmin liqada işlədiyini və top dalınca qaçdığını nəzərə alsaq, maraqlı mənzərə yaranacaq.

Rusiyada Musayev-Bojoviç qarşılaşmalarının hansı hesabla başa çatdığını özləri dəqiq bilmədiyi kimi, internet qaynaqlarında da dolğun məlumat tapmaq çətindir. İstənilən halda keçmişdə qalıb.

İndiki məqamda maraqlı olan Azərbaycanda çalışan əcnəbi məşqçilərdən debütdə hansının üzünün güləcəyi və növbəti oyunlarda hansı ab-havanın yaranacağıdır.

İstənilən halda, yeni futbol fəlsəfəsinə söykənən “Neftçi” ilə itkilərlə meydana çıxacaq “Sabah”ın duelinin yekununda tabloda hansı rəqəmlərin yazılacağını səbrsizliklə gözləməyə dəyər.

Bir şey dəqiqdir, budəfəki “Neftçi” ilk iki dövrədə “Sabah”ı uda bilməyən Mutunun “Neftçi”si deyil.

Yanvarın 21-də keçiriləcək oyun saat 16:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"