Bu şəhərə diqqət! – “Ölüm-qalım” savaşı başlayır

17 Fevral 2023 14:40 Kəpəz 791
Bu şəhərə diqqət! – “Ölüm-qalım” savaşı başlayır

23-cü turun ən vacib qarşılaşması Gəncədə keçiriləcək.

“Kəpəz” doğma meydanda “Şamaxı”nı qəbul edəcək ki, bu oyunun yekun nəticəsinin önəmi olduqca böyükdür.

Bu gün diqqətlər Tərlan Əhmədova yönəcələk. Ötən həftə qərb derbisində “Turan Tovuz”a boyun əyib, oyunsonrası mətbuat konfransında özünü günahsız göstərməyə çalışan, ictimaiyyətə komandanı Premyer Liqada saxlayacağına dair söz verən təcrübəli baş məşqçiyə.

Bir neçə gün əvvəl Gəncə stadionunda Əhmədovun klubdakı taleyi ilə bağlı qapalı iclas keçirilmiş və çalışdırıcının “Kəpəz”də qalması məqsədəuyğun sayılmışdı.

Adam rəsmilərin gözlərinə baxaraq imdad diləyib, Gəncə futbolunun adı ətrafında birləşməyin vacib olduğunu söyləyib.

Klubun İdarə Heyətinin sədri İlqar Nadiri də onun “Kəpəz”dəki günlərini daha 2 həftəlik artırıb. “Şamaxı” və “Sumqayıt”la matçlarda minimum 4 xal qazanmaq lazım gələcək ki, Tərlan Əhmədov postu ilə vaxtından əvvəl vidalaşmasın.

Bu oyunun millinin sabiq kapitanı, həmçinin yetirmələri üçün hansı önəm daşıması göz qabağındadır. Doğma meydanda, gəncəli azarkeşlər önündə yalnız və yalnız 3 xal qazanılmalıdır. “Şamaxı”ya məğlubiyyət Əhmədov üçün acı xəbərlə sonuclana bilər.

***

“Şamaxı”dakı vəziyyət aşağı-yuxarı rəqibindəki ilə eynidir. Onlar da çempionatın gedişində sürpriz nəticələrə imza atmasına baxmayaraq, son vaxtlar təəccübləndirməkdə çətinlik çəkir.

Bölgə təmsilçisinin Premyer Liqadakı sonuncu qələbəsinin üstündən 3 aydan çox vaxt keçir. Noyabrın 11-də Şamaxıda “Sumqayıt”ı 4:2 hesabı ilə udan “şirlər” həmin gündən bu yana lənətlənib: 8 oyun, 3 heç-heçə, 5 məğlubiyyət.

Təbii, işin bu yerə gəlib çıxmasında Elvin Məmmədovun zədələnməsinin, indi də zədədən yeni qayıtmasının, komandanın müdafiə xəttinin dirəyi hesab olunan Adil Nağıyevin “Səbail”ə qayıtmasının roliu böyükdür. Təcrübəli futbolçuların yoxluğu istər-istəməz özünü göstərir.

Amma “Şamaxı”nın “Kəpəz”dən fərq odur ki, Cavid Hüseynov-Vüqar Əsgərli tandeminin azı yaya qədər komandanı tərk etmək təhlükəsi yoxdur. Yəni təzyiq “Kəpəz”dəki qədər deyil.

Mayda çempionatı sonuncu pillədə başa vursalar belə, kimsə onları asıb-kəsməyəcək. Adamlar legionersiz, Premyer Liqa klublarının ehtiyac duymadığı futbolçularla mübarizə aparır.

Komandaların çempionatın ilk yarısındakı şəxsi görüşlərində üstünlük qərb təmsilçisinin xeyrinədir.

Birinci dövrədə “Kəpəz” rəqibini Qəbələdə qəbul edib və Tərlan Əhmədovun rəhbərliyi altında 2:1 hesablı qələbəyə sevinib. Noyabrın 28-də Şamaxıda keçirilən qarşılaşmada isə komandalar hərəyə 1 qol vurub 1 xala sahib olub.

Premyer Liqanın 23-cü turu çərçivəsində keçiriləcək “Kəpəz” – “Şamaxı” oyunu saat 14:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!