"Daha bir neçə futbolçu gətirib, komandanı gücləndirəcəyik"

10 Dekabr 2023 16:30 I Divizion 2 223
"Daha bir neçə futbolçu gətirib, komandanı gücləndirəcəyik"

«Turnir cədvəlinə nəzər yetirsək, görərik ki, komandanın durumu ürəkaçan deyil».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Difai»nin baş məşqçisi Elgiz Kərəmli deyib.

Mövsümün əvvəlində I Liqa təmsilçisinin sükanı arxasına keçən gənc mütəxəssis qeydə alınan nəticələrə münasibət bildirib:

«İnanıram ki, komanda bu durumdan çıxacaq. Əvvəlki oyunlarla müqayisə etsək, son 3 turda rəqiblərə müqavimət göstərmişik.

Hətta deyərdim ki, rəqiblərdən daha çox real qol epizodları yaratmışıq, qələbəyə layiq olan tərəf də biz olmuşuq. Lakin son dəqiqələrdə təcrübəsizlikdən qollar buraxaraq, qalib gəlməli olduğumuz oyunlarda meydanı məğlub tərk etmişik.

Həyata keçirdiyimiz dörd yeni transfer komandanın güclənməsində rol oynayacaq. Daha bir neçə futbolçu gətirib, heyətdə rəqabəti artıracağıq.

Təbii ki, komandadan gedənlər də olacaq. Bu haqda qərarı qarşıdakı iki oyundan sonra verəcəyik.

Klub prezidenti Asəf Məlikova minnətdaram ki, sonuncu yerdə olmağımıza baxmayaraq, daim bizə dəstək verir. Yeni vitse-prezident Cavidan Qorçıyevə təşəkkür edirəm ki, komandanın inkişafına əməli surətdə çalışır.

Hamımız qış fasiləsini gözləyirik. Yeni ilə ciddi hazırlaşacağıq və «Difai»ni layiq olduğu yerlərə qaldırmaq üçün əlimizdən gələni əsirgəməyəcəyik».

Digər Xəbərlər
Xəbər Lenti