Gənclər və İdman Nazirliyi hamının gözlədiyi addımı atdı – Süni milliləşdirməyə son!

20 Mart 2022 11:20 Gündəm 872
Gənclər və İdman Nazirliyi hamının gözlədiyi addımı atdı – Süni milliləşdirməyə son!

Azərbaycanda rəsmi fəaliyyət göstərən federasiyalar bundan sonra istədiyi legioneri ölkəmizə gətirə və milliləşdirə bilməyəcək.

Bununla bağlı Gənclər və İdman Nazirliyi (GİN) həmin idman təşkilatlarına xəbərdarlıq edib.

Bu, səviyyəsi aşağı, reputasiyası birmənalı olmayan əcnəbilərin yığma komandalara cəlb edilməsinin qarşısını almaq, haqsız rəqabəti önləmək məqsədi daşıyır.

Əksər federasiyalar tez-tələsik nəticə əldə etmək, süni piar kampaniyası aparmaq üçün bu cür addımlar atır. Nəticədə isə zərbə yerli idmançılara dəyir, onlar millidən kənarda qalır.

GİN-ə bu yöndə xeyli sayda şikayət daxil olub. Araşdırmalar nəticəsində üzə çıxıb ki, müxtəlif növlər üzrə yığma komandalara dəvət edilmiş əcnəbilərin bir çoxu heç bir ciddi nəticə qazanmayıb, əvəzində xeyli pul alaraq Azərbaycandan birdəfəlik ayrılıb.

Həmçinin onların milliləşdirilməsi yolunda görülən sənədləşmə işlərində xeyli qüsurlar aşkarlanıb.

GİN bu mövzuda yeni sistemə keçidə hazırlaşır. Yeniliyə əsasən, milliləşdiriləcək xarici idmançılar kateqoriyalaşdırılacaq. Hər biri barədə xüsusi dosye toplanacaq və federasiyalar tərəfindən nazirliyə təqdim olunacaq.

GİN onları araşdırandan sonra qərar verəcək - olar, ya olmaz. İcazə ala bilməyən federasiyalar həmin legionerlərə Azərbaycan pasportu almaq hüququndan məhrum ediləcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”