“Atletiko”nun hücumçusu Luis Suares “Barselona”dan gedişi barədə danışıb.
Sportinfo.az xəbər verir ki, uruqvaylı forvard “Barsa”nı tərk etməsində Ronald Kumanla klubun sabiq prezidenti Bartomeunu günahlandırıb:
“Xavinin kluba dönüşü mümkündür? Hesab edirəm ki, hələ bir qədər də gözləməlidir. Belə durumda komandanı toparlamaq asan olmaz.
Xavi ağıllıdır və bütün çətinliklərdən də xəbərdardır. Onun komanda daxilində dostları var. Təbii ki, buna görə də bəzi qərarları vermək çox çətin olacaq.
Messinin komandadan gedişi də məni məyus etdi. Axı Leo bildirmişdi ki, karyerasını “Barselona”da bitirmək istəyir.
Mənim gedişim? Bunda Kumanla Bartomeu eyni dərəcədə günahkardırlar. Ronald mənimlə 15 yaşlı uşaqla davranan kimi davrandı.
Bartomeu isə dedi ki, guya mən paltardəyişmə otağında ab-havanı pozuram.
Laporta ilə Kumana münasibətim necədir? Onların daxili savaşı futbolçulara təsir edir”.