"Bazel"in baş məşqçisi "Qarabağ"a SÜRPRİZ HAZIRLAMAYIB?

8 Dekabr 2021 21:10 Qarabağ 549
"Bazel"in baş məşqçisi "Qarabağ"a SÜRPRİZ HAZIRLAMAYIB?

"Hələ ilk oyundan sonra göründü ki, rəqib bizimlə eyni səviyyədədir.

Digər qrup matçlarında olduğu kimi, bu dəfə də qələbəyə köklənməliyik".

Sportinfo.az xəbər verir ki, bu fikirləri İsveçrə "Bazel"inin baş məşqçisi Patrik Rahmen evdə "Qarabağ"a qarşı keçirəcəkləri Konfrans Liqasının qrup mərhələsinin sonuncu - VI tur oyunundan öncə mətbuat konfransında deyib.

52 yaşlı mütəxəssis bu görüşü qrup birinciliyi uğrunda final qarşılaşması adlandırıb:

"Heç bir xüsusi taktika olmayacaq. Biz meydanda öz oyunumuzu göstərmək istəyirik. Final fitindən sonra bütün suallara aydınlıq gələcək".

Rahmen "Qarabağ"ın taktiki cəhətdən yaxşı komanda olduğunu bildirib: "Rəqib sürətli oynamağı sevən, meydanın hər qarışı uğrunda mübarizə aparan və gücünü balanslı şəkildə istifadə etməyi bacaran kollektivdir".

Baş məşqçi "Qarabağ"la oyunda yalnız sol cinah müdafiəçisi Andrea Padulanın zədə səbəbindən meydana çıxmayacağını vurğulayıb.

Dekabrın 9-da gerçəkləşəcək "Bazel" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Hər iki kollektiv H qrupunda 11 xala malikdir və pley-offa vəsiqəni təmin edib. Azərbaycan təmsilçisi yalnız qələbə sayəsində qrup lideri ola və 1/8 finala yüksələ bilər.

Digər Xəbərlər
Xəbər Lenti