"Bu vəzifəyə xaricdən kimisə gətirmək mənasızdır”

2 Fevral 03:50 Problem 1 011
"Bu vəzifəyə xaricdən kimisə gətirmək mənasızdır”

“Zirə”yə qarşı bəzi matçlarda haqsızlıq olub”.

Sportinfo.az xəbər verir ki, bunu “report”a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Ceyhun Sultanov deyib.

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqovun oyunlarındakı hakim səhvləri ilə bağlı ittihamlarına münasibət bildirən 44 yaşlı mütəxəssis keçmiş komanda yoldaşına haqq qazandırıb:

“Hər bir klub məşqçisinin öz fikri var. Kiminsə haqqına bir dəfə, iki dəfə girərsən. Bu səhvlər müntəzəm təkrarlanırsa, deməli, nəsə var. Kənardan baxdığıma əsasən deyə bilərəm ki, Rəşad Sadıqovun fikirləri ilə razıyam”.

C.Sultanov Azərbaycan Premyer Liqasında cari mövsüm hakim səhvlərinin çox olduğunu etiraf edib: “VAR sistemi səhvlərin qarşısının alınması üçün gətirildi. Ancaq bu da çıxış yolu olmadı. Hakimliyimizin səviyyəsi çox aşağı düşüb. Məncə, potensialları budur. Nə qədər dərs keçsən də, idarəetmə bacarıqları çox aşağıdır. Klubların il ərzində çəkdikləri əziyyəti hakimlər səhvlərlə hədər edirlər. Oyunlar zamanı hakimlərin üzlərindən neqativ enerji yayılır. Bizim vaxtımızda hakimlərlə futbolçular arasında münasibət indiki kimi deyildi. Maraqlıdır ki, səhvlərini qəbul da etmirlər”.

O, bildirib ki, hətta FIFA referisi Əliyar Ağayev də səhvlərlə yadda qalır: “Ən yaxşı hakimimiz Əliyar Ağayevdir. Ancaq tək onunla iş bitmir. Hətta Əliyar da VAR sisteminə baxıb səhv qərar verə bilir”.

Sabiq yarımmüdafiəçi hakimlərin qış təlim-məşq toplanışının Türkiyəyə keçmələrinin də problemin həlli üçün yetərli olmadığını vurğulayıb:

“Deyirdilər ki, təlim-məşq toplanışına getsələr, hər şey düzələcək. Ancaq heç nə dəyişmədi. Hakimlər yoxlama görüşü idarə etməyəcəkdilərsə, Türkiyəyə getməyin nə mənası var idi? Təəssüf ki, Azərbaycan futbolunda pozitiv heç nə yoxdur. Bütün klublarımıza səbir diləyirəm”.

“Neftçi”nin sabiq idman direktoru hesab edir ki, AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşək işinin öhdəsindən gələ bilmir:

“Məncə, dəyişiklik lazımdır. Hakimlikdəki problemin həlli üçün Barış Şimşəyə ehtiyac yoxdur. O, indiyə qədər kimi yetişdirib?

Barış Şimşəyin vaxtilə necə hakim olması ilə maraqlansalar, hər şeyi görəcəklər. Hətta bu vəzifəyə xaricdən kimisə gətirmək də mənasızdır”.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu