Azərbaycan Qarabağda daha bir rayonu azad edib

26 Noyabr 2020 21:50 Hadisə 409
Azərbaycan Qarabağda daha bir rayonu azad edib

Humanitar səbəblərdən təxirə salınmış bu təhvil-təslim Ermənistan, Azərbaycan və Rusiya arasında noyabrın əvvəlində imzalanmış və döyüşlərə son qoymuş razılaşma çərçivəsində baş tutub.

Sportinfo.az xəbər verir ki, Azərbaycan Ordusunun bölmələri noyabrın 25-nə keçən gecə Dağlıq Qarabağ ətrafında yerləşən Kəlbəcər rayonuna daxil olub.

Məlumatı Azərbaycanın Müdafiə Nazirliyi yayıb. Bu, Ermənistanın mübahisəli Dağlıq Qarabağda 6 həftə davam etmiş qanlı döyüşlərə son qoymuş razılaşmaya uyğun olaraq Azərbaycana verməli olduğu 3 rayondan ikincisidir.

Qondarma Dağlıq Qarabağ Respublikası ilə Ermənistan arasında yerləşən Kəlbəcər rayonu əslində, noyabrın 15-də təhvil verilməli idi. Lakin bu, humanitar səbəblərdən təxirə salınmışdı.

“Bölmələrimizin bu istiqamətdə hərəkətini təmin edəcək mühəndis işləri başa çatdırılıb. Qoşunların hərəkət marşrutu üzrə çətin keçilən dağ yolları minalardan təmizlənir və istifadəyə hazır vəziyyətə gətirilir”, - deyə Müdafiə Nazirliyinin açıqlamasında bildirilir.

Tərəflər arasında imzalanmış atəşkəs razılaşması ilə Yerevan, 1990-cı illərdə baş vermiş birinci Qarabağ müharibəsi nəticəsində Azərbaycanın nəzarətindən çıxmış, Dağlıq Qarabağı əhatə edən 3 rayonu – Ağdam, Kəlbəcər və Laçın – Bakıya qaytarmaq öhdəliyi götürüb. Kəlbəcər rayonu kimi, noyabrın 20-də Azərbaycana təhvil verilmiş Ağdam və dekabrın 1-dək geri qaytarılmalı olan Laçın Dağlıq Qarabağ ətrafında bufer zona yaradırdı. Bu “təhlükəsizlik kəməri”ni formalaşdıran digər 4 rayonu isə Azərbaycan hərbi yolla azad edib.

Köç, yandırılmış evlər, kəsilmiş ağaclar

“France-Presse” agentliyinin jurnalistləri təhvildən əvvəlki günlərdə rayonda olublar. Onların sözlərinə görə, erməni sakinlər buradakı ağacları kəsdir, elektrik naqillərini özlərilə götürürmüş. Jurnalistlər onların su elektrik stansiyasının bəzi hissələrini belə, yük maşınına yüklədiklərinin şahidi olublar.

“Onlar evləri yandırır, ağacları kəsirlər. İnsanlar hər şeyi özlərilə aparmaq istəyirlər”, - deyə 53 yaşlı bənna Qaqik Yakçibekyan AFP-yə bildirib: “Çünki bu insanlar azərbaycanlıların onların evlərində yaşamasını istəmir”.

Mühəndis Qriqori Qriqoryan 25 ildir yaşadığı, uşaqlarını böyütdüyü, məktəbə göndərdiyi kəndi tərk etməkdən məyus olduğunu deyib.

Xatırladaq ki, 1990-cu illərin əvvəllərində baş vermiş birinci Qarabağ müharibəsi zamanı köç əks tərəfə idi. O vaxt ermənilər rayondan qaçmağa məcbur olmuş azərbaycanlıların evlərində məskunlaşırdılar.

Bu arada, son döyüşlər zamanı Ermənistana qaçmış sakinlər Dağlıq Qarabağa qayıtmağa başlayıb. Rusiyadan verilən məlumat görə, artıq 13 min qaçqına geri dönməsi üçün yardım edilib.

Qeyd edək ki, şiddətli döyüşlər Ermənistanı fəlakətlə üz-üzə qoymuşdu. Odur ki, tərəflər arasında imzalanmış razılaşma özündə Azərbaycanın qələbəsini əks etdirir. Bakı bir neçə min insanın ölümünə səbəb olmuş altı həftəlik qarşıdurma nəticəsində mühüm ərazilərə nəzarəti özünə qaytarıb. Amma razılaşma ərazisinin bir hissəsi itirmiş “DQR”in mövcudluğunun davam etməsinə də imkan verib.

Razılaşmaya əsasən, atəşkəsi təmin etmək üçün bölgəyə 2 minədək Rusiya sülhməramlısı cəlb olunub.

Ermənistanın baş nazirinə etirazlar

Kremlin himayəsilə imzalanmış atəşkəs Qafqaz bölgəsində həlledici rolun Rusiyaya məxsusluğu ilə yanaşı, Bakının əsas dəstəkçisi olan Türkiyənin nüfuzunun artdığını da göstərir. Əvəzində, Qərb ölkələrinin bu prosesdəki rolu çox zəifləyib.

Halbuki, 1990-cı illərdə böhranın davamlı həllinin tapılması üçün yaradılmış ATƏT-in Minsk qrupuna Fransa ilə ABŞ da həmsədrlik edir. Lakin bu dəfə onlar istədiklərini əldə edə bilməyiblər. Bunun nəticəsidir ki, ötən həftə Paris Rusiyanı bu prosesdə Türkiyənin rolu ilə əlaqədar “anlaşılmazlıqlar”a aydınlıq gətirməyə çağırıb. Fransa Ankaranın bu bölgədə sülhməramlı əməliyyatlarda iştirakından narahatlığını bildirib.

Ermənistana gəlincə, döyüşlərin bitməsindən sonra Yerevanda Ermənistan hökumətinə qarşı etirazlar başlayıb. Həmin günlərə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun rəhbərlik etdiyi nümayəndə heyətinin Ermənistana səfəri ölkə rəhbərliyinə dəstək mesajı kimi qiymətləndirilir.

Digər Xəbərlər
Xəbər Lenti