"Onun tapıntısına söyə-söyə geri dönməli olduq”

22 Noyabr 2020 14:40 Hadisə 536
"Onun tapıntısına söyə-söyə geri dönməli olduq”

İstər karyerasını davam etdirən, istərsə də butslarını mismardan asan veteran futbolçularla söhbət edəndə istər- istəməz köhnə günləri yada salırlar, başlarına gələn müxtəlif məzəli hadisələri sevə-sevə danışırlar.

Təbii ki, futbol təkcə futbolçulardan ibarət deyil.

Məşqçilər, hakimlər, klub funksionerləri də dünyanın bir nömrəli idman növünün ayrılmaz hissəsidi.

“Yada düşər xatirələr” rubrikasında həyatının böyük hissəsini futbola həsr edən insanlarla söhbətləşir, yaddaşlarına əbədi yazılan məzəli hadisələri bizimlə bölüşmələrini istəyirik.

Sportinfo.az xəbər verir ki, rubrikanın budəfəki qonağı uzun illər PFL-də çalışan, hazırda “Sumqayıt”ın idman direktoru postunu tutan Zamiq Hüseynovdur.

“Ağ deyil ki, “ağbala” desinlər”
Təxminən 14-15 il öncənin söhbətidi. Çempionatın qızğın vaxtı idi. İşdə - otaqda oturmuşdum. Səhv etmirəmsə, nahar fasiləsindən yeni qayıtmışdıq. Otağa yeni daxil olmuşdum ki, otaqdakı telefona aşağıdan, mühafizə xidmətindən zəng gəldi. Zəng vuran mühafizəçi özünü futbolçu kimi təqdim edən əcnəbi vətəndaşın gəldiyini bildirdi. Onu da əlavə etdi ki, məhz sizlə görüşmək istəyir. Biranlıq öz-özümə “görəsən, bu kimdi” sualını verdim. Ancaq çox düşünmədən “burax gəlsin” dedim. Dəqiqələr sonra həmin şəxs otağa daxil oldu. Həmin vaxt da otaqda mənimlə yanaşı, bir neçə futbol veteranı var idi. Uzun sözün qısası, həmin futbolçu kabinetə gəldi və “filan oyunda məni irqçi şüarlarla təhqir etdilər” söylədi. “Sənə nə deyiblər” sualıma futbolçu “məni “qarabala” deyə çağırırdılar” söylədi. Həmin an onu dinləyənlər arasında ingilis dilində bilən tək mən idim. Onun dediklərini yanımdakılara tərcümə etdim. Otaqda olan 5-6 nəfərdən biri qayıtdı ki “ə, bu nə istəyir? Rəngi qaradı deyə, “qarabala” deyiblər də, ağ deyil ki, “ağbala” desinlər” söyləyincə, məcbur olub futbolçuya “dediklərini nəzərə alıb, tədbir görəcəyik” cavabını verdim. Həmin veteran başa düşməmişdi ki, oyunçu irqçilikdən şikayətlənir.

“Görüşdəki 7-ci qol oyundankənar vəziyyətdən vurulub”
Protokolların elektron olmadığı vaxt idi. Bütün sənədlər kağıza yazılırdı. Etiraz olanda da protokollarda “etiraz” bölməsinə qeydlər aparılan vaxtlar idi. Matçların birində hesab 9:1 və ya 8:1 olmuşdu. Ertəsi bütün protokolar PFL-ə təqdim olunurdu. Sənədləri bir-bir nəzərdən keçirib narazılıqları qeydə alırdıq ki, iclasda müzakirəyə çıxaraq. Protokolların birində yazılan etirazı oxuyanda hamımız şoka düşdük. Məğlub olan komandanın rəhbərliyi protokolun “etiraz” bölməsinə “görüşdəki 7-ci qol oyundankənar vəziyyətdən vurulub” şəklində qeyd yazmışdı. Təsəvvür edirsiz, komanda böyük hesabla uduzub, rəhbərlik 7-ci qola görə protokola etiraz yazıb. Protokolu oxuyub xeyli gülmüşdük.

“Eminin tapıntısına söyə-söyə geri dönməli olduq”
Avropa Peşəkar Futbol Liqasının keçirdiyi tədbir çərçivəsində mən, Aslan Şahgəldiyev və Emin Şükürov 4 günlük İspaniyaya yollanmışdıq. Toplantının sonunda tədbir iştirakçılarını “El Klassiko” gözləyirdi. Əslində bizi həmin toplantıdan çox “Barselona” – Real” matçı maraqlandırırdı. Dünyanın bir nömrəli derbisini izləmək hər adama qismət olmur. Elə alındı ki, tədbirlə oyun arasında boş vaxtımız oldu. Həmin vaxt Emin qayıtdı ki, burda bir yer tapmışam, dəhşət ucuzluqdu. Bütün dünya brendləri məhsullarını orda inanılmaz ucuz qiymətə satışa çıxarır. Azərbaycanlı olasan, ucuz qiymətdən xəbər tutasan... Gecə səhərə qədər gözümüzə yuxu getmədi, öz aləmimizdə nə alacağımızı, bundan başqa, kimlərə nə hədiyyə edəcəyimizi düşünürdük. Emin onu da demişdi ki, satış mərkəzi Barselonadan təxminən 100 kilometr aralıdadı. Ezamiyyət pulumuzun yarısına taksi sifariş edib yollandıq həmin məkana ki, özümüzə, evdəkilərə ucuz qiymətə yaxşı bazarlıq edək, keyfiyyətli paltarlar alaq. Eminin dedyi “ucuz” məkana çatdıq, qiymətlərlə tanış olduq. Təsəvvür edin, 4-5 saat “o dükan sənin, bu dükan mənim” gəzərək, “yəqin biz düz ünvana gəlməməşik, ucuz dükanlar başqa sıradadı” deyib, dayanmadan alış-veriş mərkəzlərini gözdən keçirdik. Qiymətlər o qədər “ucuz” idi ki, sonda taksiyə verdiyimiz pulu hesablayıb, geriyə əliboş dönməmək üçün “brelok” aldıq və Eminin tapıntısına söyə-söyə geri dönməli olduq.

“Deyəsən, orda qonaq komanda sözü yoxdu”
PFL-də işlədiyim vaxtlarda püşkatma mərasimidi. Özünüz də bilirsiz ki, həmin tədbirlərdə hamı qeyri-ixtiyari “isti şar hansıdı” sualını verir. Tədbirdən əvvəl bu yöndə və başqa mövzular ətrafında müəyyən polemikaların olduğuna şahidlik etmisiz. Kubokun 1/8 final mərhələsinin püşkatmasıdı və bu mərhələ bir oyundan ibarətdi. Bu da səbətdən çıxan şarla müəyyənləşir. Cütlərin sayı da 7-di. Təsadüfdən necə oldusa, şarı çəkənlərin hamısı meydan sahibi oldu. Birdən klub nümayəndələrinin biri dözməyərək “püşkatma qurtarsın, mən şarları bir-bir yoxlayacam. Deyəsən, orda qonaq komanda sözü yoxdu” söylədi. Tədbir başa çatandan sonra həmin adamı çağırdım ki, gəl özün şarları yoxla. Yaxınlaşdı, bir-bir şarları yoxladı və gördü ki, “qonaq komanda” yazılan şarlar da var. Bir neçə saniyə üzümə baxıb “bəs bu necə olur” sualını verincə, “bunu edən oğullar var” dedim və gülə-gülə həmin yoldaşı yola saldım. Əslində isə hər şey təsadüfən elə alınmışdı, o yazıq hələ bu günə kimi də elə bilir ki, hər şeyi mən düzüb-qoşurdum.

“Bu qurbağa ətindən hazırlanmış yeməkdi”
Bəlkə də dünyada yeganə adamam ki, “Mişlen ulduzu” olan restorandan ac qayıtmışam. Nə vaxt olub? Yenə Avropa Peşəkar Futbol Liqasının tədbiri idi. Toplantı başa çatdı və bizə bildirdilər ki, axşam ziyafət olacaq. Həmin gün Eyfel qülləsinin yanında yerləşən, bütün Avropada məşhur olan restorana yollandıq. Hamı oturub, ofisiantlar əldən-ayaqdan gedirlər, bir-bir yeməkləri qarşımıza qoyurlar. Süfrəyə gələn ilk yeməyin nə olduğu və nədən hazırlandığı ilə maraqlandıqda “bu qurbağa ətindən hazırlanmış yeməkdi” cavabını eşitdim. Bunu eşidincə, təbii ki, yeməyə əlimi vurmadım. İkinci təqdim olunanda yenə “bu nədi” sualını ünvanladım. Dedilər “bu filan heyvanın ətindən hazırlanmış yeməkdi”. Azərbaycanlı olaraq, təbii ki, heç birinə əl vurmadım. Biz başqa şeylərə öyrəşmişik axı, kabab, plov, dolma... Düşündüm ki, növbəti yemək tanıdığım bir şey olacaq və ondan doyunca yeyəcəm. Özümə təsəlli olaraq fikirləşirdim ki, cəhənnəm, bizim mətbəxə yaxın bir yemək olmasa da, ən azı adını eşitdiyim, nə vaxtsa daddığım bir təam təqdim edəcəklər. Ancaq gümanımda yanıldım. Ziyafətin sonuna qədər elə yeməklər verildi ki, onun nədən hazırlandığını eşidincə ürəyim bulanırdı, özümü zorla saxlayırdım. Bu minvalla sona qədər dilimə heç nə vurmadım və Fransanın ən “bərkgedən” restoranından ac çıxmaq məcburiyyətində qaldım (Futbol+).

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı