PAŞA Qrup Şirkətləri qarşılanmış vəsaitləri şəhid ailələrinə təqdim edəcək

25 Sentyabr 2020 16:56 Hadisə 368
PAŞA Qrup Şirkətləri qarşılanmış vəsaitləri şəhid ailələrinə təqdim edəcək

PAŞA Qrup Şirkətlərinin otellərinə dövlət tərəfindən qarşılanmış vəsaitlər şəhid ailələrinə təqdim olunacaq.

Sportinfo.az xəbər verir ki, koronavirusla mübarizə məqsədilə dövlətin istifadəsinə təqdim olunan otel və obyektlər üzrə xərclər Nazirlər Kabinetinin qərarı ilə dövlət tərəfindən qarşılanıb.

Xərcləri qarşılanan otellər sırasına PAŞA Qrupa aid olan obyektlər də daxildir. Belə ki, daha öncə də qeyd olunan kimi, otaq sayına görə Bakı şəhərində ən böyük otel olan Boulevard Hotel və Naftalan şəhərində yerləşən otel həkimlərin və tibb işçilərinin qalması üçün təqdim edilmişdi.

Karantinə yerləşdirilən insanlar üçün əlavə olaraq “Atletlər Kəndi”, həmçinin Siyəzəndə (Qalaalti Hotel & SPA), Lənkəranda (Lankaran Springs and Wellness Resort) və Şamaxıda (Shamakhi Palace Sharadil) yerləşən otellər də ayrılıb.

Azərbaycan dövləti tərəfindən atılan xeyirxah addıma cavab olaraq, PAŞA Qrup Şirkətləri kompensasiya edilmiş məbləği şəhid ailələrinə təqdim etmək qərarına gəlib.

Belə ki, Qrupun otelləri tərəfindən həyata keçirilən xərcləri qarşılamaq məqsədilə təqdim edilən vəsait ölkəmizdəki 12 000 şəhid ailəsinə yardım olaraq təqdim olunacaq.

Dəstək tədbiri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təqdim etdiyi siyahı əsasında və nazirlik tərəfindən təqaüdlə təmin olunan hər bir şəhid ailəsi üzvünü əhatə edəcək.

“Regionun iri təşkilatlarından biri olaraq, yaranmış vəziyyətdə ölkəmizdə baş verən çətinliklərlə mübarizədə yaxından iştirak etməyi əsas öhdəliklərimizdən hesab edirik”, - deyə, PAŞA Holding-in Baş İcraçı Direktoru Cəlal Qasımov vurğulayıb.

2020-ci ilin mart ayından etibarən, PAŞA Qrup Şirkətləri ölkə Prezidentinin çağırışına ilk reaksiya verən şirkətlərdən biri olaraq, COVID-19 pandemiyasının ölkədə iqtisadiyyat və səhiyyə istiqamətlərində yaratdığı fəsadların qarşısını almaq məqsədilə bir sıra Korporativ Sosial Məsuliyyət yönümlü tədbirlər həyata keçirib.

PAŞA Qrupun dəstəyi ilə koronavirusla mübarizə üçün laboratoriyanın yaradılması, Heydər Əliyev Fondu və Regional İnkişaf İctimai Birliyi tərəfindən həyata keçirilən “Biz birlikdə güclüyük” layihəsinə dəstəyin göstərilməsi və Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi ilə birgə fermerlərə mikro kreditlərin təqdim edilməsi kimi sosial məsuliyyət yönümlü fəaliyyətlər həyata keçirilib.


Digər Xəbərlər
Xəbər Lenti