“Məni ərimlə, oğlumla şantaj etdi, onunla 3 il münasibətdə olduq”

26 Yanvar 2023 01:50 Hadisə 965
“Məni ərimlə, oğlumla şantaj etdi, onunla 3 il münasibətdə olduq”

“Sərhədçi” idman kompleksinin kikboksinq üzrə məşqçisi Nurani Qalabəylinin qətlində ittiham olunan 36 yaşlı həyat yoldaşı Əfsanə Qalabəylinin məhkəmə prosesi davam edir.

Sportinfo.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan sonuncu prosesdə şahid qismində Fidan Babaşova (şərti) ifadə verib.

Məhkəmədə məlum olub ki, 49 yaşlı Nurani 3 il ərzində Fidanı Əfsanə ilə yaşadığı evə gətirib və onun yanında Fidanla intim münasibətdə olub. Elə qətl hadisəsi də bu hərəkətlərin sonunda baş verib.

Fidan ifadəsində bildirib ki, mərhum Nurani ilə kafedə işləyən zaman tanış olub: “Tanış olandan sonra Nurani məni evinə dəvət etdi. Mən getmək istəmədim. Həyat yoldaşı Əfsanəyə zəng edib dedi ki, evə qadın gəlir. Telefonla danışandan sonra mənə dedi ki, narahalıq yoxdur, bizim birlikdə evə getməyimizə Əfsanə razıdır. Bundan sonra onlara getməyə razılaşdım. Evdə bizi Əfsanə qarşıladı. Dedi ki, narahatlıq yoxdur, sərbəst ol. Biz birlikdə çay içdik, söhbət etdik. Daha sonra Əfsanə bizə yer saldı, razı deyildim. Nurani mənə hədə-qorxu gəlməyə başladı. Həmin vaxt Nurani məni döydü, barmağımı zədələdi. Sonrakı günlərdə Nurani ilə telefonda danışdıq. Zənglərinə cavab verməyəndə məni öldürməklə hədələyirdi”.

Prokurorun suallarını cavablandırarkən məlum olub ki, Fidan özü də həmin vaxt evli imiş, iki uşağı varmış: “Ərimin bu hadisələrdən xəbəri yox idi. Nuranigildə qalanda yalandan ərimə qardaşımgildə qaldığımı deyirdim. Adətən onlara gecə gedirdim. Nurani içki içəndə özündə olmurdu. Onunla görüşməyəcəyim halda mənimlə olan münasibətlərimiz barədə yaxınlarıma, qohumlarına zəng edərək deyəcəyini bildirib. Məni ərimlə, oğlumla şantaj edib. Onunla evlərində intim münasibətimiz 3 il davam etdi. Arvadı da, uşaqları da evdə olurdu. Hətta Əfsanə bizə otaq hazırlayırdı, həmin vaxtlarda onun gərgin olduğunu hiss etməmişəm".

Prokurorun “Nəyə görə Əfsanə sənin Nurani ilə görüşməyinə göz yumurdu?” sualına şahid cavabında, “Nurani mənə dedi ki, Əfsanənin mənə etiraz etməyə haqqı çatmır”.

Bu zaman Əfsanə deyib ki, əri təkcə Fidanla əlaqədə olmayıb. Onun sözlərinə görə, Fidan görüşə gələndə bacısı qızını da gətirib: “Ərimin təzyiqi ilə Fidana da, onun bacısı qızına da yer açmışam. Nurani onun bacısı qızı ilə cinsi əlaqədə olub. Fidan onları mətbəxdə gözləyirdi. Bir dəfə onlar otaqdan gec çıxdığına görə Fidan etiraz etdi. Bu vaxt Nurani onun başına telefon çırpdı. Bizə rəfiqəsini də gətirib. Bu hal iki dəfə olub. Həmin vaxt Nurani Fidandan tələb etdi ki, qızını niyə gətirməmisən. Bu səbəbdən onu döydü. Bundan başqa, Fidandan qardaşı qızı, qaynı qızını da gətirməsini istəyib. Hətta Fidan Nuraniyə deyirdi ki, arvadın yaxşı əlaqələr yaratsın, sənə qadınlar tapsın”.

Məhkəmədə Əfsanə Fidana “Uşaqlarımdan heç utanırdın?” sualını verib. Fidan isə cavabında evə gecələr gəldiyi üçün uşaqların onu görmədiyini, 3 il ərzində cəmi bir dəfə Nuraninin övladlarının onları gördüyünü deyib.

Daha sonra şahid qismində Qalabəylilər ailəsinin qonşuları ifadə verib. İfadə verən hər iki qonşu ailəni yaxından tanımadığını, səs-küylü ailə olmadıqlarını deyib. Qonşulardan biri Əfsanəni mülayim, sakit bir xanım kimi tanıdığını, ərinin ona qonşularla danışmağı qadağan etdiyini deyib.

Xatırladaq ki, ötəndəfəki prosesdə Əfsanə Qalabəyli ərinin illərlə ona əziyyət verdiyini, döyüb təhqir etdiyini, özü və uşaqları evdə ola-ola başqa qadınlar gətirdiyini bildirmişdi: “Məni və uşaqları bir otağa salıb bağlayır, digər otaqda gətirdiyi qadınla qalırdı. Etiraz edəndə döyülürdüm, söyülürdüm. İllərlə zülm eləyib mənə. Elə olub, zəng eləyib ki, hazırlıq gör, evə adam gələcək. Bir də görmüşəm, pozğun gətirdi. Etiraz eləmişəm, dava-qırğın düşüb. O evdə elə dəhşətlər yaşamışam ki... Dəfələrlə xəbərdarlıq edib uşaqların böyüdüyünü, onların qarşısında bu cür hərəkətlərin yolverilməz olduğunu demişəm. Bu isə dava-dalaşla nəticələnib. Hadisə günü yenə evə qadın gətirmişdi, dava düşdü. Dedim, “uşaqlardan utan, bəsdir”. Məni təhqir elədi, dözə bilmədim, öldürdüm".

Məhkəmədə Ə.Qalabəylinin 13 yaşlı oğlu da dindirilmişdi. O bildirib ki, atası onlara çox pis davranıb: “Əvvəllər xüsusi hərbi məktəbdə oxuyurdum. Həftənin 5 günü orada, 2 günü evdə qalırdım. Həmin iki gün ərzində evdə yaxşı heç nə görmürdüm. Evdə döyülmək, söyülmək, pozğunluq görürdüm. 5-6 yaşımdan evdə qışqırıq, söyüş eşitmişəm. Atam evə pozğun adamlar gətirirdi, bizi bir otağa salırdı, özü başqa otağa girib, qapını bağlayırdı”.

Qeyd edək ki, hadisə günü dindirilən uşaq da evdə olub. Əfsanə və Nurani Qalabəylilərin birgə nikahdan 4 övladı var.

Məhkəmə araşdırması davam edir.

Hadisə ötən ilin sentyabrında olub. 36 yaşlı Əfsanə Qalabəyli özündən 13 yaş böyük həyat yoldaşını Əhmədli qəsəbəsində kirayə yaşadıqları evdə 13 bıçaq zərbəsilə qətlə yetirib.

Ona qarşı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsilə ittiham irəli sürülüb. Onu 9 ildən 14 ilə qədər həbs cəzası gözləyir.

Digər Xəbərlər
Xəbər Lenti