"Ondan belə hərəkət gözləmirəm" - Oyun "alver"inə görə ömürlük cəza alan futbolçunun atası

23 Yanvar 2023 01:10 Hadisə 660
"Ondan belə hərəkət gözləmirəm" - Oyun "alver"inə görə ömürlük cəza alan futbolçunun atası

AFFA-nın İntizam Komitəsi Birinci Divizion klublarından olan MOİK-in iki futbolçusunun - Fərmayıl Əliyev və Emin Mehtiyevin futboldan ömürlük uzaqlaşdırılması ilə bağlı qərar çıxardı.

Buna səbəb isə sözügedən futbolçuların danışılmış oyunlarda iştirakıdır.

Araşdırmalardan sonra haqqında futboldan ömürlük uzaqlaşdırılma qərarı çıxarılan futbolçulardan biri - Fərmayıl Tovuz futbolunun yetirməsidir.

Sportinfo.az xəbər verir ki, uşaq vaxtlarından Tovuzda futbolla məşğul olan futbolçunun atası Nəriman Əliyev oğlu haqqında çıxarılan qərarla bağlı qaynarinfo-ya müsahibə verib.

Hazırda Tovuzda yaşayan futbolçunun atası AFFA-ya müraciət edəcəklərini dedi.

- AFFA-nın İntizam Komitəsi oğlunuzu futboldan ömürlük uzaqlaşdırdı. Bundan xəbəriniz oldu?

- Kimi, Fərmayılı?

- Bəli…

- Niyə?

- Adı oyun alğı-satqısında hallanıb. Araşdırma aparıblar və belə qərar çıxarıblar.

- Qərarı kim çıxarıb?

- AFFA-nın İntizam Komitəsi.

- Yaxşı, məsələni araşdırıb, bir şey fikirləşərik…

- Son günlər oğlunuzun oyunlarını izləyirdiniz? Necə təsir bağışlayırdı?

- Bəli, izləyirdim. Nə deyim, oynayırdı də.

- Sonuncu dəfə hansı oyununu izləmisiniz?

- Tovuzda kubok matçını izləmişdim.

- Fərmayılın adının oyun alğı-satqısında hallanması Tovuz futbolu üçün yaxşı olmadı…

- Bununla bağlı mənim də fikirlərim pisdir. Öyrənim görüm, nə nədir.

- Adətən futbolçular az maaş alanda, qazancları qənaətbəxş olmayanda belə hərəkətlərə yol verirlər. Onun durumu necə idi? Klubundan aldığı məvacib kifayət deyildi?

- Qazancı yaxşı idi, özümüz də kömək edirdik.

- Ayda klubundan nə qədər məvacib alırdı?

- 500 manat.

- Yəqin ki, bir ata olaraq ondan bu hərəkəti gözləmirdiniz…

- Ondan belə hərəkət gözləmirəm. Ola bilməz bu, bəlkə, yanlış qərar veriblər, haradasa, kimsə səhv edib. Maraqlanaram, görüm nə məsələdir.

- Fərmayılın futbola gəlişini necə xatırlayırsınız?

- Uşaq vaxtından, 9-10 yaşından futbol oynayır. Məşqlərini izləyirdim, arxasında dayanırdım. Uşaqlıqdan futbola marağı var idi. Məşqlərə gedirdi. Yaxşı futbol oynayırdı. Məşqçiləri ilə danışırdım. Gürcüstandan, Türkiyədən məşqçiləri olub. Hamısı ilə yaxşı münasibətimiz vardı.

- MOİK-dəki məşqçisi ilə görüşmüşdünüz nə vaxtsa?

- Sonuncu dəfə onun məşqçisi ilə kiçik toyda görüşmüşdüm. O, Fərmayılın yaxşı oynadığını deyirdi.

- Sizcə, oğlunuz niyə belə hərəkətə yol verib?

- Səhv informasiya vermiş ola bilərlər.

- Hər halda AFFA-nın qərarıdır. Yəqin ki, araşdırıb və belə nəticəyə gəldikləri üçün rəsmi qərar çıxarıblar…

- Mən də araşdıraram, görüm nədir. Səhv informasiya verilib.

- Son vaxtlar onunla futbol mövzusunda, oyunları barədə danışmışdınız? Klubdakı vəziyyəti necə izah edirdi?

- Hər gün danışırıq. Deyirdi ki, yaxşıdır, onu işlə təmin edirlər.

- Ailəlidir?

- Bəli, iki övladı var.

- AFFA-nın qərarına əsasən bu cəza ilə bağlı 15 gün müddətində Apelyasiya Arbitraj Tribunalına şikayət verə bilərsiniz…

- O zaman gərək Bakıya, AFFA-ya gedim. Gedib müraciət edəcəm.

Digər Xəbərlər
Xəbər Lenti