Bakı və Qərb statusa “yox” deyir, Rusiya nə deyir?

8 Dekabr 2022 13:50 Hadisə 387
Bakı və Qərb statusa “yox” deyir, Rusiya nə deyir?

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun rusiyalı həmkarı Sergey Lavrovla srağagünkü görüşü bir neçə aspektdən xüsusilə yaddaqalan oldu.

Məsələn, Rusiya XİN rəhbəri bildirdi ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi 1991-ci il Almatı Bəyannaməsi əsasında imzalanacaq.

Məlumdur ki, həmin sənədlə iki ölkə bir-birinin ərazi bütövlüyünü SSRİ tərkibindəki sərhədləri çərçivəsində tanıyıb.

Rəsmi Bakının 5 prinsipi də özündə elə bu yanaşmanı ehtiva edir. Təsadüfi deyil ki, Bayramov Lavrovla görüşdə də xatırlatdı ki, Azərbaycan BMT nizamnaməsini və Almatı Bəyannaməsini sülh müqaviləsinin bağlanması üçün yaxşı əsas hesab edir. Lakin təbii ki, hər hansı muxtariyyət statusu olmadan.

Yəni Bakı SSRİ dönəmində müttəfiq respublikalar arasında sərhədləri qəbul edir, lakin Azərbaycan SSR-in tərkibində mövcud olmuş DQMV-siz-filansız! Səbəb bəsitdir: Azərbaycan indi müstəqil dövlətdir və öz daxili inzibati quruluşunu, idarəetmə formasını seçməkdə sərbəstdir. Sovet dönəmindəki kimi, daha Moskvanın “ağzına” baxası deyil. Hər halda, hazırkı respublika Azərbaycan SSR-in yox, AXC-nin hüquqi-siyasi varisidir.

Bəs rəsmi Moskva da bu reallığı bölüşürmü? Yoxsa Almatı Bəyannaməsi əsasında imzalanacaq sülh sənədinə də Qarabağ erməniləri üçün muxtariyyət statusunu saldırmağı, Azərbaycanı Azərbaycan SSR-ə “çevirməyi” xəyal edir?

Paşinyanın Kremlə xəyanəti ifşa olundu: Rusiyanın hərbi sirləri Qərb kəşfiyyatına ötürülüb

Çox təəssüf ki, Rusiya sonuncu sualla bağlı praqmatik mövqe sərgiləmir. Zaman isə gedir. Ceyhun Bayramovla görüşdə Lavrov da bu haqda heç nə demədi. Bu isə o anlama gəlir ki, Rusiya Bakı və İrəvan arasında daimi barışığa və əməkdaşlığa əsas olacaq sülh sazişi məsələsində hələ də səmimi deyil. Daha dəqiqi, Kreml üçün sülh müqaviləsindən qat-qat önəmlisi, konfliktin qalmasıdır - Azərbaycan və Ermənistana əsas təzyiq rıçaqı kimi.

Şimal qonşumuzun Avropa Birliyinin (Aİ), Şarl Mişelin patronajlığı ilə aparılan Brüssel sülh prosesini ifrat qısqanc münasibəti də buradan qaynaqlanır. Çünki Aİ statusda təkid eləmir. Ermənilər də elə bilir ki, “status sonrakı nəsillərə saxlanılsın” mövqeyindən çıxış edən Moskva onlara yaxşılıq edir. Daha xəbərləri yoxdur ki, bu yolla o, İrəvanı, revanşistləri qızışdırıb sülh sənədinin imzalanmasını sadəcə, əngəlləmək, Qarabağda hərbi mövcudluğunu sonsuz eləmək istəyir. Yəni erməniyə yaxşılıq deyil, pislik eləmək niyyəti var.

Rusiya sülhməramlı qüvvələrin müvəqqəti nəzarətində olan anklavda erməni silahlı dəstələrinin indiyədək tərk-silah edilməməsi bunun daha bir sübutudur. Yeri gəlmişkən, Azərbaycan XİN başçısı Lavrovla görüşdə bu problemə də diqqət yönəldib. Qeyd edib ki, Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması üçün ən mühüm amil 10 noyabr üçtərəfli bəyanatların tam yerinə yetirilməsidir: “Lakin buna bir sıra hallar mane olur. Ermənistan silahlı birləşmələri Azərbaycan ərazisindən tam çıxarılmayıb, mina təhlükəsi hələ də davam edir. 2021-ci ildə Azərbaycan ərazisində Ermənistan tərəfindən istehsal olunmuş 2700 mina aşkar edilib ki, bu da Laçın dəhlizindən sui-istifadə edildiyini göstərir”.

Bütün bu iradlar sözsüz ki, Ermənistandan daha çox Rusiyaya ünvanlı idi. Çünki Putinin imzası duran 10 noyabr sənədinin 4-cü bəndində açıq yazılıb ki, Rusiya sülhməramlı kontingenti erməni silahlı birləşmələrinin çıxarılmasına paralel yerləşir. Hanı bəs?

Bu harasıdır, dekabrın 3-də Azərbaycanın ekoloqlarından ibarət missiyası Laçın yolunda söhbət apararkən general Andrey Volkovdan bir azca aralıda separatçıların qanunsuz “polis əməkdaşları” dayanmışdılar. Üstəlik, rus sülhməramlıları növbəti dəfə ərazi bütövlüyümüzə hörmətsizlik edərək separatçı tör-töküntüləri həyasızcasına Qarabağın “rəsmi güc strukturu” kimi təqdim elədilər. Hələ rus hərbçilərin yaxasındakı “Z” simvolu! Sanki onlar Azərbaycan ərazisində yox, Ukraynada xidmət keçirlər.

Sonra da ermənilər vay-şivən qoparır ki, Azərbaycan Laçın yolunu bağlamağa hazırlaşır. Bunlar heç cür anlamaq istəmirlər ki, Qarabağda qanunsuz hərbi birləşmələr qaldıqca Azərbaycan Laçın yolunu 2025-ci ili gözləmədən, istənilən an nəzarət altına almaq hüququna malikdir. Çünki 10 noyabr sənədinə Ermənistan və Rusiya əməl etməyəcəksə, Azərbaycan üçün də o, qüvvədən düşmüş olacaq! Demək, Laçın yolu da nəzarətə götürüləcək.

Odur ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun təbirincə desək, Ermənistan nə qədər tez ağıllansa, bir o qədər özü üçün yaxşı olar. Yox, Kremlin şirin vədinə aldanıb prosesi uzatsa, İrəvan sülh müqaviləsinin daha pis variantına tuş gələcək...

Söz düşmüşkən, Moskva danışıqlarından sonrakı birgə brifinq zamanı C. Bayramov onu da bildirdi ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların üçüncü raundu bu ilin sonunadək reallaşa bilər. “Azərbaycan tərəfinin üçüncü cavab paketi artıq Ermənistan tərəfinə təqdim edilib və biz hesab edirik ki, bu ilin sonuna kimi Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların üçüncü raundu keçirilə bilər”, - nazir bildirib.

Təbii ki, Rusiya yenə “barmaq” eləməsə. Belə bir ehtimal əfsus ki, yetərincə böyükdür.

Bu xüsusda politoloq Eldar Namazovun 5 dekabr tarixli müəllif məqaləsində (Minval.az) aşağıdakı sitat diqqət çəkir.

“Nəhayət, Aİ-nin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin Praqa görüşü baş tutdu. Elan edildiyi kimi, tərəflər BMT Nizamnaməsi və Almatı Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü tanımaq və bu prinsiplər əsasında sülh müqaviləsi layihəsi hazırlamaq qərarına gəlib. İlk baxışda bütün beynəlxalq vasitəçilər bu hadisəni alqışladı və sevindilər. Ancaq hamısımı?

Əvvəlcə “Valday” Forumunda Rusiya Prezidenti, sonra isə Rusiyanın xarici işlər naziri müsahibələrində incimiş poza aldılar: bəs “Dağlıq Qarabağın statusu”? Siz bu məsələni bağlamaq qərarına gəldiniz, amma biz - Rusiya hesab edirik ki, problemi bağlamaq yox, gələcək nəsillərə ötürmək lazımdır, qoy onlar həll etsinlər. Kreml bəlkə də ilk dəfədir bu qədər birmənalı və açıq şəkildə bəyan etdi ki, bu konfliktin həllini istəmir. Hətta Bakı və İrəvan razılaşsa belə, Rusiya razılaşmır. Orijinal vəziyyətdir: münaqişə tərəfləri münaqişəni bitirmək və barışmaq istəyir, vasitəçi isə deyir: “Yox, gəlin təzədən dalaşın”. Artıq gün kimi aydındır ki, Ermənistan-Azərbaycan münaqişəsində Moskva nə Ermənistanı dəstəkləyir, nə də Azərbaycanı, Rusiya münaqişəni dəstəkləyir".

Bax belə. Necə deyərlər, əlavə şərhə lüzum qalmır (musavat.com)...

Digər Xəbərlər
Xəbər Lenti