Əgər İran ABŞ-a qalib gəlsəydi...

4 Dekabr 2022 02:00 Hadisə 569
Əgər İran ABŞ-a qalib gəlsəydi...

Yox, burada böyük idmandan, xüsusən də ki, indiki futbol çempionatından bəhs etmək fikrimiz yoxdur. Həm də qeyd etmək istəyirik ki, böyük idman, o cümlədən də futbol hələ hər şey demək deyil. Ən azı ona görə ki, tamam qeyri-azad, “izqoy” dövlətlərin, totalitar ölkələrin insanları belə vaxt olub öz ölkələrinə böyük idman qələbələri yaşadıblar. Ona görə də əgər İran ABŞ-a qalib gəlsəydi belə bunu Tehranın sosial-siyasi modelinin, hakim ideologiyasının qələbəsi kimi yozmaq mümkün olmayacaqdı. Bu, sadəcə bir oyundakı qələbə kimi anlaşılacaqdı, ən azı ona görə ki, bir neçə parametrə görə dünyada öndə olan, dünyanın həqiqətən də mübahisəsiz fövqəldövləti olan ABŞ-ın futbolda elə də böyük uğurları olmayıb və indi də yoxdur.

Amma insanlar istər-istəməz ABŞ-İran oyununda simvolik mənalar axtarırdılar. Üstəlik, bu oyunun nəticəsinin İrandakı hazırki siyasi etirazlara da təsiri ola bilərdi. İdmançılar artıq üç aydır ki, etiraz edən həmvətənlərinə həmrəyilik nümayiş etdirməli idilər. Deyildi ki, birinci oyunda İran futbolçuları bunu etmişdilər, himni oxumamışdılar. Belə bir həmrəylik sonrakı oyunlarda da gözlənilirdi.

Qərəz, çox şey demək bu haqda, amma bizim belə niyyətimiz yoxdur, qoy, bu məsələnin incəlikləri idman şərhçilərinin ümidinə qalsın və biz keçək İranda bu gün də baş verən siyasi etirazlara.
Bir daha deyirik ki, onlar bir neçə aydır davam edir. Etirazların uzanması bir tərəfdən adamı narahat edir, digər tərəfdən də belə fikrə yönəldir ki, onlar uzandıqca geriyə doğru yollar bağlanır.

Vaxtın uzanması o deməkdir ki, etirazçılar ya həlledici həmləni etməyi bacarmadılar, ya da bu həmlə hələ irəlidədir. Digər bir tərəfdən, proseslər xaotik olaraq davam edir, onların arxasında hansı təşkilatların, hansı liderlərin dayandığı hələ də məlum deyil.

Biz hələ əvvəldən demişdik ki, siyasi etirazların hətta uğurlu olacağı təqdirdə belə İran rejimi dirəniş göstərəcək, Bəşər Əsəd kimi heç bir vəchlə hakimiyyətdən getməyəcək. Təsadüfi deyil ki, etirazlar mövcud siyasi rejimi tamam məşğul etməyib, onlar başqa yerlərdə və məsələlərdə suyu bulandırmaqda davam edirlər. Uzağa getmək lazım deyil. İran rejiminin Ermənistanla, Dağlıq Qarabağdakı separatistlərlə iş birliyi və əməkdaşlığı haqqında hər gün yeni xəbərlər eşidilir.

Həm də Bəşər Əsədi Rusiya xilas etdi. Moskva Tehrana da əl uzadacaqmı? Hazırda İran özü üçün “ehtiyat aerodromu” hazırlayır, Şanxay Əməkdaşlıq Təşkilatına üzv olur. O ki qaldı Moskvanın mümkün dəstəyinə, Rusiya heç bir vaxt istəməz ki, Qərb yenidən İrana qayıtsın.

Amma Şimal Azərbaycanı, Qarabağ məsələsində İran özünü əbəs yerə yorur və bu cəhdlərlə yalnız bir şeyə nail olur: özünü müsəlman dünyasında biabır edir və qonşu Azərbaycanla həmişəlik düşmən olurlar.

Bəs etiraz proseslərinin davamı necə olacaq? Düşünürük ki, onlar sönməyəcək və davamlı olacaq. Onların yekun nəticəsinə gəldikdə isə, hamını proseslərin milli müstəviyə adlayıb-adlamayacağı düşündürür.

Amma bizə elə gəlir ki, bu haqda qəti söz demək hələ tezdir. Ötən əsrdə, islam inqilabı zamanı ölkədə birləşdirici ideya vardı və bu da din idi. İndi belə bir birləşdirici ideya yoxdur və biz bunu ötən yazılarda qeyd etmişik. Di gəl, bunlar hələ İranın asanlıqla bölünə bilməsi anlamına gəlməməlidir, hər şey hələ irəlidədir. Həm də region dövlətlərinin buna münasibəti birmənalı deyil. Məsələn, vaxtilə Türkiyə və İran İraqın bölünməsinə razı olmamışdılar. Düşünürük ki, Ankara bu dəfə də belə edəcək, çünki ortada yenə də kürd məsələsi var...

Siyasi etirazçılar “Azadlıq və milli hökumət!” deyirlər. Bunlar isə o deməkdir ki, onlar rejimin dəyişməsində və ölkədə yaşayan xalqlara daha geniş hüquqların verilməsində maraqlıdırlar. Bu isə hələ bölünmə və parçalanma demək deyil.

Bəli, İran federallaşa və demokratikləşə bilər. O ki qaldı İrandakı azərbaycanlıların və eləcə də Şimal Azərbaycanının maraqlarına, hətta bu ssenari də onları təmin edir.

Çünki ölkənin demokratikləşməsi və federallaşması cənubdakı soydaşlarımızın siyasi imkanlarını genişləndirir. Amma unutmaq lazım deyil ki, İranın indiki lideri də azərbaycanlıdır, İran siyasi elitası demək olar ki, azərbaycanlılardan təşkil olunubdur. Fəqət, bu, heç də onun bizim ölkəyə qarşı münasibətini dəyişmir– İran bizim Azərbaycana qarşı bir düşmən dövləti olaraq qalır.

“Demokratik İran”la bağlı da belə ola bilər. Ona görə ki, irançılıq təfəkkürü onları daim Şimaldakı Azərbaycandan ehtiyatlanmağa sövq edəcək. Bu səbəbdən də İranla Azərbaycanın münasibətlərinin düzəlməsinin bircə yolu var: Cənubi Azərbaycan İrandan qopmalı və Şimali Azərbaycanla birləşməlidir...

Hüseynbala Səlimov

Digər Xəbərlər
Xəbər Lenti