Ə, bayıssı göyçək, qoy biz də oynayax dana

3 Dekabr 2022 14:20 Hadisə 448
Ə, bayıssı göyçək, qoy biz də oynayax dana

Argentina ilə Polşanın oyununa baxanda yadıma Füzulidən olan məşhur söz ustası Poçtalyon Qadirin bir hadisəsi düşdü.

Bu adam duz idi başdan-ayağa, yeri behişt olsun. Seyran Səxavətin də yaxın dostudu. Mənlə də münasibəti yaxşı idi. Hərdən xeyirdə, şərdə dərdləşərdik.

Cavan yaşlarında futbolçu olmuşdu. Bir ara Ağdamın "Qarabağ" komandasında da oynamışdı.

Deməli belə. Füzuli komandası başqa bir rayona yarışa gedir. Qadir danışırdı ki, birinci katib futbolçuları yığıb kabinetinə və deyib ki, əgər uduzub gəlsəz, sizin hamınızın var-yoxunu ...

Futbolçular dilxor yola düşürlər həmin rayona. Oyun başlayır.

- Müəllim, onnarın bir 9 nömrəsi vardı, Banişevski onun yanında yalanıydı. Köpəyoğlu bizə göz açmağa imkan vermir. Elə bil od-yalodu. Yaxınlaşdım bunun yanına, dedim, ə, bayıssı göyçək, qoy biz də oynayax dana. O da çöndü mənə elə bir yumrux vurdu ki, ürəyim getdi, yıxıldım yerə. Sudya da bilmədi məni niyə vuruf. Ona qırmızı kart çıxartdı. 9 nömrəni meydandan qovdular. Mənim söyüşümü sudya eşitməsə də, azarkeşlər eşitmişdi, nə qədər bağırdılar, xeyri olmadı. Oyunu uddux, katibinki də əlində qaldı. Oyunnan sonra həmin rayonun milisləri məni də, bizim futbolçuları da zorla azarkeşlərin əlindən aldılar, sora da bizim avtobusu Füzuliyə qədər müşayət elədilər. Çünki azarkeşlər arxadan gəlirdi, milis olmasa mənim leşimi atacaydılar.

Argentinalılar da həmin 9 nömrə kimi qoymadılar polşalıların ayağına top dəyə. Polşalıların ayağına top dəysəydi, daha doğrusu, topu tapa bilsəydilər, Argentinanı Səudiyyə Ərəbistanı kimi darmadağın edərdilər.

Ermənilərin Qrant Matovesyan adlı bir maraqlı yazıçısı vardı. Bəri başdan da qeyd edim ki, 1988-ci ildə Qarabağ hadisələrinə qarışmadı, yəni ermənilərin tərəfini saxlamadı. Onun bir əsəri var, deyəsən Natiq Səfərov tərcümə etmişdi.

Erməni tələbə təəssüf ki, adı yadımdan çıxıb, Moskvaya boks yarışına gedib. Çıxıb döyüşə, sevdiyi qız da tamaşaçıların arasında onu izləyir. Bu dünyada kimi dindirsən heç kim heç vaxt döyüldüyünü etiraf eləmir. Hamı deyir ay belə vurdum, ay belə yıxdım. Bir də görürsən ki, biri birini yıxıb yerə mal kimi çırpır, birtəhər aralayırlar, döyülən durur ağzının, burnunun qanını silir və camaat eşitsin deyə döyənə deyir:

- Get, get, sənə altdan iki dənə elə yumruq qoymuşam ki, səhərədək yata bilməyəssən.

İndi erməni tələbə də döyüşü belə təsvir edir:

- Mənim yaxşı solaxayım var. Məşqçi də kənardan elə çığırır ki, "levıy, levıy". Sevdiyim qız da qıraqdan baxır. Mən də özümü düzəldirəm ki, rəqibə bir "levıy" udar vurum. Ha axtarıram, kanatların arasında yoxdu. Sudya da nə isə sayır. Ə, nə sayırsan, qoy bir onu tapım. Nə qədər axtardım, tapa bilmədim. Sonra sudya onu hardansa tapdı, əlini qaldırdı. Mən tapsaydım, leşin atacaqdım.

İndi polşalılar da ha axtardılar, topu tapa bilmədilər. Hakim fit verib oyunun qurtardığını bildirdi və argentinalıları qalib elədi.

Allah Qadirə rəhmət eləsin. Yeri gəldikcə onun bəzi anektodlarını yazacam. Amma bir az kobud alınır, görüm redaktə edə biləcəmmi?! Anektodu da redaktə edəndə duzu gedir.

Aqil Abbas

Digər Xəbərlər
Xəbər Lenti