Qarabağdakı qondarma quruma yeni “təyinatlar” - Azərbaycanın cavabı belə olacaq...

28 Noyabr 2022 18:50 Hadisə 358
Qarabağdakı qondarma quruma yeni “təyinatlar” - Azərbaycanın cavabı belə olacaq...

Qondarma rejimin “rəhbəri” Araik Arutyunyan separatçı qurumun bir sıra “nazir”lərinin vəzifədən azad edilməsi barəsində “sərəncam” imzalayıb.

Tutduğu postdan azad edilənlərdən biri də tanınmamış “DQR”in “xarici işlər naziri” David Babayandır.

Siyahıda qondarma qurumun kənd təsərrüfatı, ərazi və idarəetmə, sosial inkişaf və miqrasiya, təhsil, elm, mədəniyyət və idman, ədliyyə, şəhərsalma və maliyyə və iqtisadiyyat “nazirləri”nin adı mövcuddur.

Məlumatlar dolaşır ki, Vardan Oskanyanın da “təyinatı” olacaq. Ermənilər düşünürlər ki, bütün bunlar onları “quyu”dan çıxaracaq. Ancaq yanılırlar. Çünki Qarabağda kimin gəlməsindən asılı olmayaraq sözsüz ki, heç nə dəyişməyəcək. İstər rusiyalı milyarder Ruben Vardanyan, istər Vardan Oskanyan, istərsə də digər şəxslərdən ibarət “komandanın” formalaşdırılması situasiyanı dəyişmək iqtidarında deyil. Çünki Azərbaycan qəti mövqe ortaya qoyub və nə cəbhədə, nə də masada geri addım atmaq fikrində deyil. Azərbaycan Ermənistan üzərində qazındığı qələbə ilə öz əzəli torpaqlarını bərpa edib və yerdə qalan problemlərin də həlli istiqamətində Ali Baş Komandan, Prezident İlham Əliyevin apardığı siyasət hər kəsin gözü önündədir. Bu siyasətə bir şübhə yoxdur və Ermənistan da bunu yaxşı anlayır.

ce6fe2e2be28404b6fd6575a8293cc9a.jpg (202 KB)

Ekspertlər də bildirirlər ki, Azərbaycan bu cinayətkarlarla hər hansı dialoqa getmək niyyətində deyil. Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır, kənardan gətirilib xüsusi qaydada statuslandırılan kiminləsə deyil, məhz Qarabağdakı ermənilərin içindən çıxmış və sözün əsl mənasında onları təmsil edə biləcək şəxslərlə müəyyən edilmiş səviyyədə dialoq apara bilər.

Qondarma rejim rusiyalı Vardanyan, suriyalı Oskanyanın adını tez-tez hallandırır. Əslində isə onların hər ikisi Azərbaycan ərazisinə qeyri-qanuni gəliblər və Azərbaycan qanunvericiliyinə əsasən, cinayət törədiblər. Ona görə də indiki situasiyada Azərbaycanın bu şəxslərlə cinayətkar kimi davranmağa tam haqqı var...

Hal-hazırda Azərbaycanın işğaldan azad edilən ərazilərində tikinti-quruculuq işləri aparılır. Böyük Qayıdışla bağlı proseslər öz axarı ilə davam edir və mövcud proqramlara əsasən yaxın illərdə azərbaycanlılar öz əzəli torpaqlarına qayıdacaqlar. Bu prosesi ləngidən erməni vandallarının basdırdıqları minalardır ki, onların da təmizlənməsi ilə bağlı işlər tam sürətlə davam etdirilir. Bütün bunların fonunda bu gün Azərbaycan işğaldan azad olunmuş bütün ərazilərdə vəziyyətə nəzarət edir, Qarabağ ermənilərinin yaşadığı ərazilərdəki prosesləri daim diqqət mərkəzində saxlayır. Lakin rəsmi Bakının açıqlamalarında da görünür ki, Azərbaycan uzun müddət belə vəziyyətə dözmək niyyətində deyil. Azərbaycan bununla bağlı qəti tədbir görmək hüququnu özündə saxlayır.

5344e9aad910b74cc927487eb642e2c0.jpg (121 KB)

Ali Baş Komandan, Prezident İlham Əliyev çıxışlarından birində aşağıdakıları söyləyib.

Sitat: “Əgər biz kimdənsə qorxsaydıq, heç vaxt İkinci Qarabağ müharibəsinə start verməzdik. Biz hər birimiz ölümə gedirdik, öldü var, döndü yoxdur, ya azadlıq, ya ölüm! İndi də ölümə getməyə hazırıq öz haqlarımızı tələb edərək. Çünki hələ də, - müharibə iki il bundan əvvəl başa çatsa da, - narahatedici məqamlar var və erməni xalqına müraciət edib sözümü demək istəyirəm. Onlar bu otuz ilin işğalının acılarını indi görürlər. İşğal nədir, itki nədir, indi görürlər. Biz, sadəcə olaraq, onlara cavab vermişik, biz öz torpağımızda vuruşmuşuq, işğalçını torpaqlarımızdan qovmuşuq. Onlar bunu anlamalıdırlar ki, xaricdə oturan və bu bölgəyə bir oyun meydançası kimi baxmaq istəyən dairələrin qurbanına ikinci dəfə çevrilməsinlər. Biz burada əsas söz sahibiyik, biz burada əsas güc sahibiyik”.

Qarabağda yaşayan sıravi ermənilər onların üzərində qurulmuş oyunların qurbanı olduqlarını anlamalıdırlar. Vaxtilə Robert Koçaryan və Serj Sarkisyan olduğu kimi, indi də sıravi ermənilər üzərlərindən qurulan yeni oyunlara sövq edilirlər və tədbirli olmasalar, bunun acı nəticələrini bu və ya digər şəkildə yenidən yaşamaq zorunda qalacaqlar.

Əli Rais

Digər Xəbərlər
Xəbər Lenti