AFFA-dan Kevin Medina müəmması ilə bağlı AÇIQLAMA

3 Oktyabr 2022 16:40 Hadisə 2 912
AFFA-dan Kevin Medina müəmması ilə bağlı AÇIQLAMA

Sentyabrın 25-də Azərbaycan və Qazaxıstan milliləri arasında baş tutan oyunda (3:0) baş vermiş müəmmalı görüntü barədə yazmışdıq.

Bir daha xatırladaq ki, “Qarabağ”ın üzvü Kevin Medina matç başa çatandan sonra yaxasından asdığı buraxılış vərəqəsi hesabına meydanda var-gəl etdi, daha sonra rahat şəkildə paltardəyişmə otaqlarının qarşısındakı dəhlizdə göründü.

Məlumdur ki, bu cür imkana sahib olmaq üçün xüsusi icazə verilməlidir. Yəni öncədən hansı məsələdə məsul şəxs olmağınla bağlı AFFA-ya müraciət etməlisən ki, sənə buraxılıq vərəqəsi və ya akkreditasiya verilsin.

Kevinin buraxılış vərəqəsini necə və hansı əsasla əldə etdiyini öyrənmək üçün assosiasiyanın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla ilə əlaqə saxladıq.

Qurumun sözçüsü məsələylə bağlı konkret cavab verə bilməyəcəyini deyib, fikrini bu cür əsaslandırdı:

“Mən media buraxılışlarına məsul şəxsəm, digər buraxılışlarla bağlı məsələləri tənzimləmirəm. Kevin Medinanın yaxasındakı buraxılışın hansı rəngdə olduğunu görsəm, daha dəqiq cavab verə bilərəm.

Siz göstərdiyiniz şəkillərdə isə buraxılış vərəqəsinin üst tərəfi görünmür. Bəli, Medinanı dəhlizdə mən də gördüm.

Təkcə “Qarabağ”ın yox, digər klubların futbolçuları ilə də səmimi görüşdü, təbrik etdi. Hiss olunurdu ki, hamısı ilə yaxşı münasibətə sahibdir.

Əslində, dediyiniz məsələ Avropa və dünya futbolunda tez-tez rast gəlinən hallardan biridir. Millinin səfər görüşlərində dəfələrlə yığmaya aidiyatı olmayan futbolçunun dostları ilə görüşmək üçün qadağan olunan yerlərə keçdiyinin şahidi olmuşam.

Tanıyırlar, futbolçu olduğunu bilirlər və şərait yaradırlar. Görünür, oyuna baxmağa gəlib, sonra da futbolçuları təbrik etmək üçün hansısa futbolçunun köməkliyi ilə aşağı düşüb.

Oyundan sonra baş vermiş hadisədir. Kriminal bir şey görmürəm, açığı”.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!