“Neftçi”yə qol vurmaq üçün böyük güc sərf etməliyik”

10 Avqust 2022 20:10 Hadisə 526
“Neftçi”yə qol vurmaq üçün böyük güc sərf etməliyik”

"Evdə oynayırıq. Bu, bizə əlavə ruh verir.

Maraqlı qarşılaşma olacaq. Rəqibin futbolçuları fərdi olaraq güclüdür".

Sportinfo.az xəbər verir ki, bunu "Rapid"in baş məşqçisi Ferdinand Feldhofer "Neftçi"yə qarşı Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.

43 yaşlı mütəxəssis doğma azarkeşlər önündə qalib gəlmək istədiklərini bildirib:

"Böyük güc sərf etməliyik. Pressinq tətbiq edib, qol şansları yaratmalıyıq. Bakıda bəzi qol şanslarını boşa vermişik. Evdə bunu təkrarlamamalıyıq".

Feldhofer görüş ərzində hücuma üstünlük verəcəklərini diqqətə çatdırıb:

"Müxtəlif imkanları və standart vəziyyətləri dəyərləndirməyə çalışacağıq. Qeyri-adi vəziyyət olsa, buna uyğun da oyun quracağıq".

Avstriyalı baş məşqçi evdə oynadıqları üçün rahat olduqlarını vurğulayıb:

"Bundan istifadə etməyə və yaxşı hücumlar qurmağa çalışacağıq. Ən azı bir qol vurmalıyıq ki, növbəti mərhələ üçün şansımız olsun.

Bütün gücümüzü toplayıb daha yaxşı nəticə əldə etməliyik. Rəqibin gücü bəllidir. "Neftçi"nin özünəməxsus oyun tərzi var".

Mütəxəssis Bakıdakı görüşdəki səhvləri nəzərə aldıqlarını diqqətə çatdırıb:

"Topu özümüzdə saxlayıb rəqibin uzun reydlərinin qarşısını almalıyıq. Səhvlərimizi konkretləşdirmişik. Çalışacağıq ki, imkanlarımızı dəyərləndirək".

İyulun 11-də oynanılacaq matç Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. İlk qarşılaşmada "Neftçi" 2:1 hesabı ilə qalib gəlib.

Digər Xəbərlər
Xəbər Lenti