“Sportinfo”ya edilən ŞOK ETİRAF - Oyun “alqı-satqı”sı heç kimin topuna da deyil?

20 Noyabr 2021 22:40 Hadisə 706
“Sportinfo”ya edilən ŞOK ETİRAF - Oyun “alqı-satqı”sı heç kimin topuna da deyil?

Keçmiş "İnter"in keçmiş prezidenti Georgi Nikolov "Sportinfo"ya geniş müsahibə verib və KLUB OLARAQ OYUN ALQI-SATQISINDA İŞTİRAK ETDİKLƏRİNİ ETİRAF EDİB!

Təsəvvür edirsiz? Adam "Simurq"un öz farm-klubları olduqlarını, eyni mənbədən maliyyələşdirildiklərini, Zaqatala təmsilçisinə "İnter"ə oyun ver, rəqiblərini də büdrət" tapşırığı verdiklərini açıq-aşkar, necə deyərlər, günün-günorta çağında, öz diliylə bildirib.

Və bu, heç kimin topuna da deyil! Müsahibə saytda yayınlanıb, sosial şəbəkələrdə də paylaşılıb, xeyli də adam oxuyub, amma reaksiya yoxdu.

Milyard faiz əminəm ki, oxuyanlar arasında federasiyanın binasında oturanlar da az deyil, hər şeyi görüblər. Amma səs yoxdu.

Çox uzatmıram. Hörmətli müvafiq qurumlar: Azərbaycan çempionu olan klubun prezidenti bu uğura qanunsuz yolla nail olduqlarını etiraf edib!

Açıq-aşkar, rahat şəkildə! Buna əsasən ən qısa zamanda rəsmi araşdırma başladılmalı, həmin klubun - "İnter"in nailiyyətləri əllərindən alınaraq silinməli, həmin mövsümlərdə ikinci olanlar çempion adına layiq görülməlidilər.

Bununla yanaşı, həmin proseslərdə iştirak edən şəxslərə cəzalar tətbiq edilməli, müvafiq addımlar atılmalıdı. Qaydalar bunu tələb edir.

Biz həqiqi şəffaf futbol keçmişi istəyiriksə, bu biabırçılığa hansısa formada reaksiya verilməlidi.

Nikolov isə getsin başqalarına ağıl versin. Biz bu iki klubu şərəflərini sataraq qardaşlıq etdiklərini yazanda, min cür bəhanə və yalan uydurmaqla "sudan quru çıxmağa" çalışırdılar.

Hətta buna görə bir dəfə mən zəng də elətdirmişdi... Nəyimiz olmasa da, şərəfimiz, vicdanımız həmişə yerində olub, bildiyimiz, inandığımız həqiqətlərə sadiq qalmışıq. Yaxşı ki də elə olmuşuq.

Müsahibənin həmin hissəsini paylaşıb, bir daha müvafiq qurumların lazımi addımları atmağa çağırıram:

- “Simurq” və “İnter” “qardaşlığı”. Bəzi anlarda “qardaşlıq” özünü biruzə versə də, bir çox hallarda təmiz oyunun şahidi olurduq. “Qazanın içində” nələrin yaşandığı haqda eşitmək istərdim.
- Gəlin, sondan əvvələ doğru gedək. 2012-2013-cü illərdən başlayan oyunlarımıza nəzər salın, ya da statistikaya baxın. Məhz “Simurq” “İnter”dən ən çox xal alan rəqiblərdən birinə çevrilməklə daha yaxşı yerlər tutmağımızın qarşısını alıb, böyük çətinliklər yaradırdı. Rəsmən bezmişdik əllərindən. İndi lenti fırladaq lap əvvələ. Mən kluba yeni gələndə “İnter”in “Simurq” adlı farm-klubunun olduğunu demişdilər. Açığı, təəccüblənmişdim. Səbəbini soruşmuşdum, demişdilər, “İnter”də daim şans qazanmayan futbolçular “Simurq”da oyun təcrübəsi toplayacaq və çempionatda bizimlə birgə mübarizə aparmaqla rəqiblərə “badalaq vuracaqlar”. İndiyə qədər həmin söhbət yadımdadır. Deyilən kimi də olmuşdu. “İnter”in futbolçuları icarə əsasında “Simurq”a gedib oynayırdı, “Simurq” da güclü komandaya çevrilib rəqiblərimizi büdrədirdi. Bu azmış kimi, özləri də medal qazanmağa nail oldu. Bəli, bəzi anlarda “qardaşlıq” faktı köməyimizı çatıb. Amma...

- Çox xahiş edirəm, burda dayanaq. “Qardaşlıq” faktı hansı mövsümdə köməyinizə çatmışdı?
- İcazə verin, bir faktı da deyim, sonra keçək suala. İlk illərində “Simurq”un doğma stadionu yox idi deyə, bizi Qaxda qəbul edirdi. Oyunu 2:0 hesabı ilə udmuşduq və hakimin final fitindən sonra “qardaş” komandaların futbolçuları arasında bir dava düşmüşdü, gəl görəsən. Gördük sakitləşmirlər, “Simurq”un rəhbərləri ilə münaqişəyə müdaxilə etmək istəyəndə, bir yumruq da sifətimə tutuzdurmuşdular. Yeri gəlmişkən, “Simurq”u “Azərbaycan Beynəlxalq Bankı” yox, “Beynəlxalq Sığorta Şirkəti” və “İnter Tobacco” şirkətləri maliyyələşdirirdi. Yəni, sırf bankdan “yemirdilər”.

- Əsas məsələ qaldı.
- Bəli, bizə oyun “verdikləri” vaxt olub. Amma 90 faiz rəqiblərimizlə mübarizə aparırdılar.

- Danışıqlar klub prezidentləri səviyyəsində gedirdi, yoxsa sponsorlar?
- (bir müddət fikirləşir) İki oyunu xatırlayıram. Gedib kiminsə qarşısında baş əyib, “Xahiş edirəm, bizə oyun “verin” deməyim mümkün deyildi. Nə özümə yaraşdırardım, nə tutduğum posta. Allah hər ikisinə rəhmət eləsin, Roman Pokora ilə Valentin Xodukin öz aralarında razılaşdırmışdılar. Sual verirsiz, bunları danışıram, amma bilmirəm nə dərəcədə doğrudur (gülür).

Kənan Məstəliyev

Digər Xəbərlər
Xəbər Lenti