Karyerasını Türkiyədə başa vurdu, indi Bakıda məşqçi işləyir: “Allaha and olsun ...”

25 Sentyabr 2021 20:00 Hadisə 893
Karyerasını Türkiyədə başa vurdu, indi Bakıda məşqçi işləyir: “Allaha and olsun ...”

Premyer Liqada klub sayının azalması, Birinci Divizionun peşəkar tələblərə cavab verməməsi bir çox futbolçuların işsiz qalması ilə nəticələndi.

30 yaşı haqlamayanların böyük əksəriyyəti indi ya taksi fəaliyyəti ilə məşğul olur, ya başqa işin qulpundan yapışıb, ya da çörəksiz qalmamaq üçün uşaq futbol məşqçisi işləyir.

Belələrindən biri də Qərib İbrahimovdur. Vaxtilə Premyer Liqada “Bakılı”, “Turan”, “Simurq”, AZAL kimi komandaların şərəfini qorumuş, U-19-a dəvət olunmuş texnikalı yarımmüdafiəçi.

3 il əvvələ kimi Türkiyədə top dalınca qaçan İbrahimov qardaş ölkədə limitlə bağlı məlum qərardan sonra vətənə qayıdıb işsiz qaldı. Qərib peşəkar karyerasını başa vurmasını ürək ağrısı ilə danışdı:

“Karyeramı 30 yaşında başa vurdum. Halbuki, kifayət qədər təcrübə toplamışdım, əsl oynayan vaxtım idi. Gördüm ki, bizə gərək yoxdur.

Özüm gedib kiminsə qapısını döyüb yalvarmayacaqdım ki, məni götürün. Mən və mənim kimi bir çox futbolçular 30 yaşa çatmamış karyeralarını başa vurmalı oldular.

Bəzən Premyer Liqa oyunlarına baxıram. Allaha and olsun, 2-3 həftə məşq eləsəm, bu çempionatda 90 dəqiqə rahat oynayaram.

5-10 il əvvəlki çempionat yadınızdadır da. O dönəmlərdə baş çıxarırdıq, təcrübəlilərlə çiyin-çiyinə oynayırdıq”.

Futbolsuz qalan İbrahimov çıxış yolunu məşqçi işləməkdə görüb. O, azyaşlılara futbolun sirrlərini öyrədir: “Bir çox keçmiş futbolçu kimi, mən də məşqçi fəaliyyəti göstərirəm.

“ASK Arena”nın arxasındakı özəl meydançalardan birini kirayələyib, ödənişli məşq keçirəm. Vaxtilə AZAL-da birgə oynadığım Aydın Qasımov da mənimlədir.

4-5 yaşdan başlayan uşaqlardır, ta 12 yaşa qədər. Futbolda müəyyən təcrübə toplamışıq.

Futbolda ilk addımlar üçün məşq metodlarından istifadə edirik. Kateqoriyaya sahib olmaq üçün yaxın zamanda kurslara qatılacam”.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!