"Qarabağ" üçün "Neftçilər"dən "Gəncliy"ə piyada gəlirdim" - FOTOLAR

16 May 2021 15:00 Hadisə 1 035
"Qarabağ" üçün "Neftçilər"dən "Gəncliy"ə piyada gəlirdim" - FOTOLAR

"Xəyallar gerçək olur ...

Bu gün Ağdamda - "İmarət"də keçirdiyimiz son oyundan 28 il keçir".

12 may "Qarabağ"ın feysbuk səhifəsi bu başlıqla etdiyi paylaşım diqqət çəkmişdi. Söhbət Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunu olan "Qarabağ" - "Turan" görüşündən (1-0) gedir.

Sportinfo.az olaraq paylaşımın izinə düşərək həmin tarixi oyunda yeganə qolun müəllifi olan Yaşar Hüseynovla danışmağa qərar verdik.

Uzun illər ağdamlıların heyətində çıxış edən veteran futbolçu hazırda "Səbail"də köməkçi məşqçi funksiyasını yerinə yetirir. Elə söhbətimizin bir qədər gec işıq üzü görməsi də Yaşar müəllimin işləri ilə bağlı oldu. Çox uzatmadan keçək Yaşar Hüseynovla baş tutan söhbətimizə.

ONSUZ DA YADDAN ÇIXMIR.

Həmin vaxt biz Mingəçevirdə qalırdıq. Oyunlarımızı gedib Ağdamda keçirirdik. Təkcə "Turan"la oyunu yox, elə həmin il məşqlərimizi Mingəçevirdə edirdik. Yalnız oyunlar üçün Ağdama gedirdik. "Turan"la oyun üçün belə olmuşdu. Həmin görüş onsuz da yaddan çıxmır. Ermənilər top, qrad atırdılar deyə Ağdamda qala bilmirdik. Fred Asifin dəstəsi stadionda olurdu. Oyunlarımıza baxırdılar. Rayonda arvad-uşaq yox idi. Amma yaşayış vardı. Kişilər hələ də Ağdamdaydı. Oyunlarımıza gəlirdilər.

BELƏ OLACAĞI AĞLIMIZA GƏLMƏZDİ

"Turan"la oyun sonuncu görüş kimi yaddaşa köçdü. Oyunu 1-0 qələbə ilə başa vurduq. Cavab oyunu xatırlamıram hansı səbəbdənsə Tovuzda yox, Qazaxda keçirildi və 2-0 həmin oyunu da udduq. Final oyunundakı yeganə qolu da qardaşım Müşfiq Hüseynov vurdu. O vaxtlar Ağdamın alınacağı ilə bağlı söz-söhbətlər çox idi. Həmin zaman Ağdamı qoruyan dəstələr çoxdu. Nə vaxtsa "İmarət"də sonuncu dəfə meydana çıxacağımız ağlımıza gəlməzdi. Düşünürdü ki, belə getməz. Yəqin vəziyyət düzələr.

OYUN ÜÇÜN "NEFTÇİLƏR"DƏN "GƏNCLİY"Ə PİYADA GETMİŞƏM

Çox pis günlərimiz olub. Neçə illər Sumqayıtda məskunlaşmışıq. "Qarabağ"ın yaşaması üçün Adil Nadirovun çox əziyyətləri olub. Adil Nadirovla bərabər o vaxt oynayan uşaqların zəhməti çoxdu. 99-cu ildə "Neftçilər" metrosundan "Gəncliy"ə oyuna piyada gəlirdim. Bunları çox da danışmaq istəmirəm. Bu gün məşqə çıxırdıq, amma sabah komandanın yaşaması sual altındaydı. Yaxşı ki, "Qarabağ" bu gün də yaşayır.

ÜMİD HƏMİŞƏ OLUB

"İmarət"ə qayıtmaq ümidi həmişə vardı. Sonunda qayıtmaq qismət oldu. Çəkiliş aparan kanallara sonuncu qolun necə vurulmasını 28 ildən sonra əyani göstərdim. Düzdü, indi əzəmətli "İmarət"dən əsər-əlamət qalmayıb. Ancaq qolun necə vurulması indiki kimi yadımda qalır. Həmin oyunun çəkilişi var. Sonralar "Qarabağ" azarkeşi olan Zaur adlı oğlan oyunun kasetin məndən alıb yutuba da yüklədi. Sadəcə qol vurulan anda kaset pozulur deyə qol aydın görünmür.

CAVAN AZARKEŞLƏRƏ ARZUM BUDUR Kİ, ...

"İmarət"in yerində yaxşı stadion tikiləcəyi deyilir. İnşallah "Qarabağ"ın orda yaxşı oyunları yenidən olar. Allah o günləri tezliklə qismət eləsin qayıdaq. Ağdamdan yaxşı futbolçuların yenidən üzə çıxmasını istərdim. Yaşlı azarkeşlər sağ olsunlar yada salırlar. Məni görəndə vurduğum qollardan danışırlar. Gənc nəsil bizləri tanımaz. Amma yaşlı nəsil görüşəndə vurduğum qolları yada salırlar. Məni yaxşı qollarım olub. İnşallah cavan azarkeşlərə "İmarət"də "Qarabağ"a dəstək olmaq nəsib olsun.

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"